Məhkəmə qərarları › İş №e-2(005)-284/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-284/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-284/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 34000 manat məbləğində borc tələbinin, 1500 manat göstərilmiş hüquqi yardımın və ödənilmiş 196.50 manat dövlət rüsumunun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə tanış olmuş, bir müddətdən sonra evlənmək qərarına gəlmişlər. 2021-ci ilin iyul ayında tərəflərin ailələri birbiri ilə tanış olmuş, iddiaçının ailəsinə elçi gəlmişlər və iddiaçının ailəsi iddiaçı ilə cavabdehin ailə qurmasına razılıq vermişdir. İddiaçı ilə cavabdeh 2022-ci ilin mart ayında nişanlanmışlar. Gələcəkdə birlikdə yaşamaları üçün 2021-ci ilin avqust-sentyabr aylarında ipoteka ilə ev götürmək qərarına gəliblər. Bu məqsədlə ev axtarıblar. Həmin vaxt cavabdeh "xxxx" MMC şirkətində işlədiyindən Xalq Bank ona illik 7%-lə kredit təklif etdiyi üçün evi onun adına almaq qərarına gəliblər. Bu məqsədlə onlar birlikdə ev axtarıb. İddiaçı ev alğısatqı vasitəçisini tapıb və onlar ünvan 1 ünvanında yerləşən, səkkizinci mərtəbədəki 3 otaqlı mənzili bəyəniblər və 260.000 manata alıblar, ilkin ödənişə pulları çatmadığından belə razılaşıblar ki, iddiaçı cehizin əvəzinə ilkin ödənişə pul qoysun. Bu məqsədlə iddiaçı yaxınlarından – əmisi oğlu X3 10 000 manat, qardaşı X1 3000 manat, gəlinləri X2 7000 manat, iş yoldaşı Könül Qaraşlıdan 10 000 manat, Kapital Bankdan isə 5000 manat məbləğində nağd kredit götürərək ümumilikdə topladığı 35000 manatı Cavabdeh vermişdir. Bundan sonra mənzilin ilkin ödənişi edilmiş və mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin tərəflərin münasibətləri sonralar pisləşdiyindən onlar ayrılmışlar. Cavabdeh isə İddiaçı borc aldığı pulu yavaş-yavaş ödəyəcəyini söyləmiş, iddiaçı ona etimad edərək inanmışdır. Bu borc tələbindən cavabdeh iddiaçının qardaşı Aslamazın bank kartına 1000 manat məbləğində pul qaytarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, cavabdehə 35000 manat pul vermişdir. Onun o qədər pulu olmadığı üçün yaxın tanışlarından borc almışdı. Qalan 5000 manatı isə ipoteka ödənişi edilməli olan zaman bankdan kredit götürmüşdü. Nişan pozulan zaman cavabdeh bildirmişdi ki, çəkdiyi bütün xərcləri çıxacaq. 35000 manatı şəxsən özü Cavabdeh vermişdir. Pulu verən zaman ev sahibi də onların yanlarında idi. Cavabdeh isə həmin pulu ev sahibinə verdi. O, verdiyi puldan əlavə cavabdeh özü də pul vermişdi. Cavabdehin atası başqa yerdə olan evini sataraq cavabdehə ilkin ödəniş üçün müəyyən məbləğdə pul vermişdi. Eyni zamanda qardaşı da ona köməklik etmişdi. 3 il vaxt keçdiyi üçün dəqiq məbləğləri xatırlamır. Həmin borcdan cəmi 1900 manat pul qaytarmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəflər həmin vaxt nişanlı olublar. Onlar gələcəkdə birgə yaşamaları üçün ev almaq istəyiblər. Bu məqsədlə də cavabdeh iddiaçıdan 35000 manat borc almışdır. Tərəflər arasında bununla bağlı yazışmalar da var. Cavabdeh 20000 manat aldığını etiraf edir. O bildirir ki, ilkin ödəniş olaraq 60000 manat ödəyib. İşə əlavə edilmiş sənədlərdən isə görünür ki, ilkin ödəniş 80000 manat olub. Bundan başqa məhkəməyə Aslamaz və Cavabdeh arasında olan danışıqları da təqdim etmişlər. Həmin danışıqlarda qeyd edilib ki, “35000 manat puldan 1000 manat qaytarmısan, artıq 2 il vaxt keçib, bu qədər müddət heçkim heçkimi gözləmir”. Cavabdeh isə pulun ödənilməsi üçün gözlədiyi bəzi işlər olduğunu və yanvar ayının sonu dəqiq tarix deyəcəyini bildirib. Cavabdeh 35000 manat pul aldığını yazışmalarda etiraf edib. Həmin puldan yalnız 1900 manat iddiaçının kartına göndərilmişdir. İddia tələbinin təmin edilərək, cavabdehdən 34000 manat borc məbləğinin, 1500 manat göstərilmiş hüquqi yardımın və 196 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, hazırki evi almaq istəmirdi. Çünki evin qiyməti baha idi, onun da maddi imkanı o qədər yaxşı deyildi. Həmin zaman onun ala biləcəyi məbləğdə başqa ev də var idi. Lakin onlar sözügedən mənzilə baxıb bəyənmişdilər. İddiaçı da bu zaman bildirmişdi ki, çatmayan məbləği o verə bilər. 20000 manatı qəbul edir, lakin həmin pul borc kimi verilməyib. Pul çatmadığı üçün iddiaçı 20000 manat pul vermişdi. Həmin pul ev sahibinə verilib. Pul veriləndə iddiaçı və onun ailə üzvləri olub. Yazışmalarda o 35000 manatı qəbul etməmişdir. O, sadəcə bildirmişdir ki, gözlədiyi işlər var, onları həll edib verəcək. 2000 manata yaxın iddiaçının qardaşına ödəniş etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Kreditor-İpoteka saxlayan” "xxxx" ASC, “Alıcı-İpoteka qoyan Cavabdeh, “Satıcı” X5 və “Borcalan” Cavabdeh aralarında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “Satıcı” ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏDMK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********40-05301-093175 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə verir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 150 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 150 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, 200 manat məbləğində pul 416973******3284 saylı hesaba ödənilmişdir; - İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 196,5 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir; - AEP seriyalı, 738320 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 1500 manat pul hüquqi xidmət üçün ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər nişanlı olan vaxt, ailə qurduqdan sonra yaşamaq üçün ev almaq qərarına gəlmişlər. 14 dekabr 2021-ci il tarixində 80000 manat ilkin ödəniş ödənilməklə 230000 manat dəyərində olan mənzilə dair alğı-satqı və ipoteka müqaviləsini Cavabdeh adına rəsmiləşdirmişlər. Sonradan nişanları pozulmuş, evlənmək fikrindən daşınmışlar. Hazırda iddiaçı cavabdehlə nişanlı olan vaxt onun adına evin alınması üçün 35000 manat məbləğində pul verdiyinə, pulun cəmi 1900 manatının qaytarıldığına istinad edərək həmin pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçının cəmi 20000 manat pul verdiyini, həmin pulun 1900 manatını qaytardığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Hazırki iş üzrə iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etməli; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilməli; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmamalı və ya aradan qalxmış olmalıdır. Mülki Məcəllənin 1092.1 və 1093-cü maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, ...əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlərin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Belə ki, nişanlandıqdan sonra mənzilin alınması üçün pul verilməsi gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi səbəbindən verilmiş pulun geri qaytarılması tələbi ilə əlaqədardır. Tərəflərin ilk növbədə ailə qurmaq məqsədlərinin olması, ailə qurduqdan sonra yaşamaları üçün ev almağa çalışmaları və bu məqsədlə iddiaçının məbləğin ödənilməsində cavabdehlə qarşılıqlı razılaşmaya görə ona yardım etməsi, lakin toyun baş tutmaması və onlar arasındakı münasibətlərin pozulması səbəbindən iddiaçının cavabdehə verdiyi pulu geri tələb etməsi işin mübahisələndirilməyən hallarıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır. Cavabdehdən tutulmalı olan məbləğə gəlincə qeyd edilməlidir ki, hər iki tərəf məhkəmə iclaslarında iştirak etmiş və müvafiq izahatlar vermişlər. Cavabdeh məhkəmə iclasının fasiləsiz audio-video yazısının aparıldığı zaman iddiaçı tərəfindən 20000 manat məbləğində pulun ona verildiyini təsdiq etdiyindən iddiaçı həmin məbləğin ona verilməsini sübut etmək vəzifəsindən azaddır. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh iddiaçı tərəfindən 20000 manat məbləğində pulun ona verilməsi halını təsdiq etdiyindən iddia həmin hissədə sübut edilmiş hesab olunur. Lakin iddiaçı, qeyd edilən məbləğdən daha çox, 35000 manat məbləğində pulun cavabdehə verdiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçının təqdim etdiyi yazışmalara gəlincə qeyd edilməlidir ki, həmin yazışmaların bir qismi iddiaçının qardaşı ilə cavabdeh arasında, digər qismi iddiaçı ilə başqa şəxslər arasında olan yazışmalardır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə isə yalnız iş üzrə tərəflər arasında olan yazışmalar sübut kimi qəbul edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarı). Hər bir halda həmin yazışmalarla belə 35000 manat məbləğində pulun verilməsi təsdiq edilmir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, ayrı-ayrı tarixlərdə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, ümumilikdə 1500 manat ödəniş edilmişdir. Lakin iddiaçı audio-video yazının aparıldığı məhkəmə iclasında cavabdehin, yazışmalarda qeyd edildiyi kimi, cəmi 1900 manat pulu qaytardığını qəbul etmişdir. Belə olan təqdirdə məhkəmə iddiaçının qaytarılan pul məbləğinə, cavabdehin ona verilmiş pul məbləğinə aid hissələrdə etiraflarını əsas götürərək hesab edir ki, iddia qismən təmin edilməli, 20000 manat məbləğində puldan geri qaytarılan məbləğlər çıxılmaqla, qalan 18100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1500 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki iş üzrə təqdim edilmiş kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Vəkil 1500 manat pul ödənilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırki işin hallarını, iddianın qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməli və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 800 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18100 manat məbləğində pul, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 800 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 196,5 manat pulun 105 manatı, cəmi 19005 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18100 manat məbləğində pul, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 800 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 196,5 manat pulun 105 manatı, cəmi 19005 (on doqquz min beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar