Məhkəmə qərarları › İş №e-2(005)-2849/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2849/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2849/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: «pul tələbi barədə») Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları: 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı “Borcverən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borcalan” Cavabdeh 7 000 manat məbləğində pul borc vermiş, “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” tam şəkildə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişdirlər. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona, yəni İddiaçı məxsus 7000 (yeddimin) manatın, məhkəməyə iddianın verilməsi üçün 90 (doxsan) manat dövlət rüsumunun, vəkil xidməti üçün ödənilmiş 1000 (bir min) manatın, vəkilə verilən etibarnamə üçün 17 (on yeddi) manatın, ümumilikdə 8107 (səkkiz min yüz yeddi) manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə ondan 7000 (yeddi min) manat pul almışdır. Belə ki, aldığı pulu 24 yanvar 2022-ci il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində xüxusi notarius X1 təsdiqi ilə də rəsmiləşdirilmişdir. Aralarında olan razılaşmaya əsasən iş üzrə Cavabdeh həmin pulu xx.xx.2022-ci il tarixinədək ona qaytarmağı öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində Cavabdeh üzərində düşən öhdəliyi icra etməmiş və ondan mənimsədiyi 7000 (yeddi min) manat məbləğində pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə pullarının qaytarılmasını tələb etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Artıq cavabdeh tərəfindən aldadıldığını və məhkəmə qaydasında olmadan ondan aldığı pulların qaytarılmasını mümkün hesab etmir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən kartların heç biri iddiaçıya aid deyil. Belə ki, yazılardan da göründüyü kimi cavabdeh səhv karta pul atmış və sonradan 100 (bir yüz) manat iddiaçıya təqdim etmişdir. Cavabdehin göstərdiyi kartlar təkrar kartlardır və həqiqəti əks etdirmir. İş üzrə araşdırma apararkən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 100 (bir yüz) manatı nəzərə alaraq iddiada göstərilən 8107 manat deyil 8007 (səkkiz min yeddi) manat kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, bildirmişdir ki, tələblə razı deyil. İddiaçı ilə birlikdə işləyiblər. Əslində pul məbləği ona deyil, başqa şəxsə çatıb. Həmin Rövşən adlı şəxs bir çox şəxsə ziyan vurub. Digər tərəfdən iddiaçıdan 7000 manat pul götürmüşdür, lakin təqdim etdiyi sübutlardan görünür ki, onun tərəfindən ödənişlər edilmişdir, iddiaçı isə tam şəkildə verilmiş məbləği geri istəyir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “Borcverən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borcalan” Cavabdeh 7 000 manat məbləğində pul borc vermişdir. “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” tam şəkildə olmaqla qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. "xxxx" ASC-nin 24 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 7000 manat mədaxil edilmişdir. +**********22 telefon nömrəsi ilə olan “Whatsapp” yazışmalarından görünür ki, **********913457 nömrəli karta pulun atılmasını bildirir, qarşı tərəf isə göndərilən karta atdığını bildirir. Həmin nömrə ilə pulun gəldiyi bildirilir. Cavabdeh X2 tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, sonu 3457 nömrəli hesaba iki dəfə 100 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Kiçikbəyov və partnyorları” vəkil bürosunun depozit hesabına 1000 manat məbləğində pul köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasəna Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi notarial qaydada bağlanmış, iddiaçı tərəfindən 7000 manat pul vəsaiti cavabdehə verilmiş, həmin məbləğin 10 aprel 2022-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. İddiaçı cavabdehin ona olan borcunu ödəmək niyyətində olmamasına və müxtəlif bəhanələri ilə bundan yayınmaqda davam etdiyinə görə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını göstərmiş, cavabdeh isə 7000 manat krediti götürməsinin mübahisəsiz olmaqla, sadəcə həmin borcdan təqdim etdiyi sənədlərdən də göründüyü kimi 300 manat pulu qaytardığını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 7.000 manat məbləğində borc götürdüyünü öz izahatı ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi iki tərəfli əqddir və mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Konsensual əqddən fərqli olaraq, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin sazişi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanması üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Məsələn, borc müqaviləsi üzrə borc verən pulu və ya digər əşyanı borc alana verir, borcalan isə müəyyən edilmiş vaxtda həmin pulu vəəşyanı eyni ilə borc verənə qaytarmasını öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçı məhkəməyə Cavabdeh ona borcu olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən təqdim edilən kartların heç birinin iddiaçıya aidolmamasını, sonradan 100 (bir yüz) manatın iddiaçıya təqdim edildiyini bildirməsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, onun tərəfindən sonu 3457 nömrəsi ilə bitən hesaba müxtəlif zamanlarda 100 manat olmaqla, cəmi 200 manat pul köçürülmüşdür. İddiaçı həmin kartın ona məxsus olmadığını bildirsə də, cavabdeh tərəfindən təqdim edilən “Whatsapp” ani ismarıc tətbiqində olan yazışmalardan görünür ki, iddiaçı tərəfindən qeyd edilən kartın nömrəsi cavabdehə göndərilmiş və həmin karta pulun atılması bildirilmişdir. Həmin “Whatsapp” tətbiqində olan yazışmalar +**********22 telefon nömrəsi ilə aparılmışdır. İddia ərizəsindən və “Elektron” məhkəmə informasiya sistemindən görünür ki, həmin nömrə İddiaçı məxsusdur. Eyni zamanda iddiaçı özü də 100 manat pulun verildiyini qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbi 7000 manat pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır və 300 manat pul cavabdeh tərəfindən ödənildiyindən 6700 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin vəkil xidməti üçün ödənilmiş 1000 (bir min) manatın, vəkilə verilən etibarnamə üçün 17 (on yeddi) manatın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Kiçikbəyov və partnyorları” vəkil bürosunun hesabına 1000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır; hüquqi yardım xidmətinin göstərilməsinə görə 350 manat pulun ödənilməsi ağlabatandır və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malikdir. Lakin etibarnamə üçün 17 (on yeddi) manat məbləğində pulun tələb edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardım üçün ödənilmiş 1000 manat məbləğində pulun 350 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, sübutetmə institutu xüsusi əhəmiyyət kəsb edir. Tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan cavabdehin etirazlarının əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddia tələbinin təmin edilən hissəsinə mütənasüb olaraq, iddiaçı tərəfindən ödənilən 90 manat dövlət rüsumunun 78 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardım üçün ödənilmiş pulun 350 (üz yüz əlli) manatı İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar