Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2851/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayonu Bələdiyyəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilməklə "qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təmizlənməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayonu Bələdiyyəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilməklə "sahiblik və istifadəyə maneyə törədən qanunsuz tikililərin sökülməsi, yaranmış manelərin aradan qaldırılması və dağıdılmış əmlakın bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahənin qanunsuz zəbt edilərək /quraşdırılmış tkintilərin dayandırılması, öz hesabına sökülməsi və öz hesabına təmizlənməsi, kəsilmiş ağaclara görə dəymiş zərərin müəyyən edilərək ödənilməsi və ərazidə qanunsuz fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahənin zəbt edilərək qanunsuz tikilmiş/quraşdırılmış hissələrinin öz hesabına sökülməsi və öz hesabına təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Narimanov rayon Bələdyyəsi ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 78 saylı müqaviləyə əsasən icarəçi İddiaçı Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahəni abadlıq məqsədi ilə 15 il müddətinə icarəyə götürmüşdür. Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, icarəyə götürülmüş Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahənin müqaviləsini müddəti xx.xx.2025-ci il tarixinə qədər uzadılmışdır. Cavabdeh Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahəni qanunsuz zəbt etmiş, qanunsuz tikinti işləri aparmış, özünə “gəlir məkanı” tikmiş və bir neçəsini də tikməkdə davam edir. Qeyd edilən ərazidə əkilmiş ağacları qanunsuz kəsmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər edilmiş, barəsində araşdırma davam etdirilir və Nərimanov Rayon Polis İdarəsində cinayət işi araşdırılır. Məlumata əsasən özünü Qarabağ veteranı kimi tanıdan Cavabdeh qeyd edilən ərazini qanunsuz zəbt etmiş, iri tutumlu traktorla ağacları qırmış və ərazinin müşahidə kameralarının üzərinə çevirmişdir. O, ərazidə beton işləri aparmaqda davam edir. Bununla da iddiaçının abadlıq işlərini, illərdir çəkdiyi əziyyətini qərəzli olaraq bilərəkdən məhv etmiş, yaşıllıqları qırmış, icarəyə verilən ərazinin tikilmiş koordinatlarına müdaxilə etmiş, tikili aparmış, aidiyyəti olmayan əşyalar, torpaqlar tökmüşdür. Kəsdiyi ağacları kamera istiqamətinə sürükləmiş, kameranın görüntüsünün qarşısını almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlib aidiyyəti sənədləşməni edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə hazırlıq iclasında Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, 1994-cü il tarixdən sözügedən ərazidə məskunlaşmışdır. Həmin ərazi çox bərbad vəziyyətdə olmuş, o öz şəxsi vəsaiti hesabına ərazini yığışdırıb təmizləmiş, heç kimin ərazisini zəbt etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayonu Bələdiyyəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 09 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilməsi faktı təsdiq edilmiş və qeydə alınışdır. İstifadəsində olan 2303 kv.m torpaq sahəsinə dair İddiaçı ilə 15 il müddətinə icarə müqaviləsinin bağlanması İqtisadi inkişaf şöbəsinə tapşırılmışdır; Nərimanov rayon Nərimanov bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 78 nömrəli müqavilədən görünür ki, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m olan sahə abadlıq məqsədilə illik 1151,5 manat müqabilində icarəçiyə- İddiaçı icarəyə verilmişdir; İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Nərimanov bələdiyyəsinə illik icarə haqları ödənilmişdir; Nərimanov belədiyyəsinin xx.xx.2024-cü il tarixli 03-292 nömrəli arayışına əsasən bələdiyyə mülkiyyətində olan 2303 kv.m torpaq sahəsinə dair Rəna Abullayeva ilə abadlıq məqsədilə torpaq sahəsinin icarəyə verilməsi üçün bağlanmış xx.xx.2007-ci il tarixli 78 saylı müqavilə xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respubliaksının Baş Prokurorluğu tərəfindən Nərimanov bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 62 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 2095-ci məhəllədə X1 tərəfindən icarəyə götürülmüş Nərimanov bələdiyyəsinə məxsus olan torpaq sahəsində 2024-cü ilin avqust ayında meşə fonduna daxil olmayan diametrləri 18 və 12 sm olan Tut cinsli, diametleri 12 və 16 sm olan Söyüd cinsli ağaclar və əncir kolunun qanunsuz kəsilməsi nəticəsində 3900 manat xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və Nərimanov bələdiyyəsinə məxsus olan torpaq sahəsində müxtəlif cinsli ağaclar və əncir kolunun qanunsuz kəsilməsi, tikinti işləri aparıldığı müəyyən edilmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, Nərimanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolunda Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən 2303 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində olması təsdiq edilmiş və onunla 15 il müddətinə icarə müqaviləsi bağlanması tapşırılmışdır. Bu tapşırığın icrası olaraq bələdiyyə ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli 78 saylı icarə müqaviləsi bağlanmış, sahə abadlıq məqsədilə illik 1151,5 manat icarə haqqı ilə ona icarəyə verilmişdir. İddiaçı tərəfindən icarə haqlarının ödənilməsi təsdiq olunur. Bələdiyyənin xx.xx.2024-cü il tarixli 03-292 saylı arayışına əsasən həmin torpaq sahəsi üzrə icarə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli 62 saylı məktubuna əsasən 2024-cü ilin avqust ayında göstərilən torpaq sahəsində İddiaçı tərəfindən tut və söyüd cinsli ağaclar, həmçinin əncir kolunun qanunsuz kəsilməsi nəticəsində bələdiyyəyə 3900 manat məbləğində ziyan vurulmuşdur. Cavabdeh isə izahatında 1994-cü il tarixdən sözügedən ərazidə məskunlaşdığını, orada öz vəsaiti heabına müəyyən təmizlik işləri apardığını qeyd etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə (mülkiyyət) əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəisnə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 700.1-ci il tarixli icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki halları və qeyd olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsindən hüquqi əsasla istifadə hüququ mövcuddur. Cavabdeh həmin torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən heç bir sənəd təqdim etməməsi, yalnız şəxsi izahatla kifayətlənməsi onun hüquqi mövqeyinin sübutedici gücünün olmamasını göstərir. Cavabdeh tərəfindən tikinti fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hər hansı razılığın, layihələndirmə sənədlərinin və icazələrin təqdim olunmaması həmin tikililərin qanunsuz olduğunu təsdiq edir. Cavabdehin qanunsuz olaraq icarə sahəsinə müdaxilə etməsi, tikinti aparması, ağacları kəsməsi, ərazini zəbt etməsi və iddiaçının istifadəsini məhdudlaşdırması məhkəmədə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçının sahiblik hüququna edilən qanunsuz müdaxilələrin qarşısının alınması, müdaxilələrin aradan qaldırılması tələbi tam hüquqi əsaslara malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m torpaq sahəsində zəbt edilərək qanunsuz tikilmiş/quraşdırılmış hissələrin cavabdehin hesabına sökülməsi və təmizlənməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə olan 2303 kv.m torpaq sahəsində zəbt edilərək qanunsuz tikilmiş/quraşdırılmış hissələrin cavabdehin hesabına sökülməsi və təmizlənməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2851/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2851/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver