Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2859/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc müqaviləsi üzrə pul” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat, əldən çıxmış fayda kimi 1160 manat, hüquqi yardıma görə nümayəndə - vəkilə ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 72 manat olmaqla, cəmi 5531 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə tanışlığı 2017-ci ilin sonlarında, rəfiqəsi vasitəsi ilə olmuşdur. Qısa müddət tanışlıqdan sonra 2018-ci ilin mart ayının əvvəllərində cavabdeh ona müraciət edərək borc pul istəmişdir. İddiaçı Cavabdeh ilə olan səmimi münasibətləri və ortaq tanışlarının olmasını nəzərə alıb 2018-ci ilin mart ayının 22-də ona 4000 manat məbləğində borc pul vermişdir. Qeyd edilən məbləğdə pulu almasına dair cavabdeh yazılı qəbz vermişdir. Təqdim edilən qəbzdə cavabdeh qeyd etmişdir ki, götürdüyü 4000 manat pulu 2020-ci ilin iyul ayında qaytaracaq. Cavabdeh verdiyi qəbzdə qeyd etdiyi müddətin çoxdan keçməsinə baxmayaraq, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, götürdüyü 4.000 manat məbləğində pul borcundan heç nə qaytarmamışdır. Üzərinə götürdüyü öhdəliyini yerinə yetirmək barədə tələbi cavabdehə bilavasitə, istərsə də telefon danışıqları zamanı bildirsə də, cavabdehin borcunu tezliklə qaytarmasına dair verdiyi vədə baxmayaraq, sonradan vədinə əməl etməyərək borcunu qaytarmamışdır. 4000 manat borc pul almasına və borcu tezliklə qaytarmasına dair cavabdehin öz xətti ilə yazılmış qəbzi və telefon səs yazıları mövcuddur. Cavabdeh müddət ərzində borcunu qaytarmaması iddiaçıya vurulmuş zərərlə nəticələnmişdir və hesab edir ki, borcla bərabər cavabdehin vurduğu zərər də məhkəmə qaydasında tutulub iddiaçıya verilməlidir. Cavabdeh verilmiş borc pulun 2020-ci ilin iyul ayında qaytarmalı olması nəzərə alındıqda əldən çıxmış fayda şəklində qeyd olunan 4000 manat məbləğdə borc pula 4 il ərzində hesablanan faizlər nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə pul vəsaiti tutulmalıdır. Cavabdehin 4000 manat borcu olduğunu və həmin məbləğdə borcu 4 il ərzində gecikdirdiyini və Mərkəzi Bankın hazırkı dövr üçün müəyyən etdiyi uçot faiz dərəcəsinin 7,25% olduğunu nəzərə almaqla əldən çəxmış faydanın 1160 manat (4000x7.25x4=1160), olması məlum olur . Bundan başqa, cavabdehin borcun qaytarılması məqsədilə hüquqi yardım üçün nümayəndə -vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 71 manat məbləğində pul vəsaiti pozulmuş hüququ bərpa etmək üçün çəkilən xərclər kimi Cavabdeh tutulmalıdır. Beləliklə, Cavabdeh 4000 manat əsas borc, 1160 manat əldən çıxmış fayda, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsmı kimi ödənilmiş 72 manat, çəmi 5531 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsinə dair məhkəmə qətnamə qəbul edilməlidir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh yazılı etiraz təqdim etmişdir. Həmçinin də iddia müddətinin tətbiqinə dair ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə 2018-ci ilin mart ayında 4000 manat borc verdiyini və cavabdehin götürülən pul vəsaitini 2020-ci ilin iyul ayında qaytarmağı öhdəsinə götürdüyünü iddia etsə də, iddiaçı ən geci 2023-cü ilin iyul ayınadək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiət etdiklərini, verilmiş 4000 manat borc məbləğindən hər hansı ödəniş edilmədiyini,bu səbəbdən də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini, sonuncu dəfə təqribən 2021-2022-ci ildə 4000 manat məbləğində əsas borc üzrə bütün ödənişi iddiaçıya etdiyini, həmin zaman yalnız faiz borcunun qaldığını bildirmiş və məhkəmədən iddia müddətinin tətbiq olunmaqla, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materialları: - xx.xx.2018-ci il tarixli əlyazma surətindən görünür ki, Cavabdeh Keşlə qəsəbəsində yaşayan İddiaçı xx.xx.2018-ci il tarixdə 4000 manat məbləğində pul vəsaiti götürmüş və həmin vəsaiti 2020-ci ilin iyul ayında qaytarmağı öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə borc verilmiş, həmin razılaşmaya əsasən sadə yazılı əqd bağlanmışdır. Həmin əqdə əsasən, Cavabdeh iddiaçıdan 4000 manat məbləğində pul vəsaiti götürmüş, bu halı imzası və yazılı əqd ilə təsdiq etmişdir. Hazırda İddiaçı cavabdehin borc üzrə heç bir ödəniş etmədiyini, habelə cavabdeh tərəfindən borc məbləği vaxtında qaytarılsa idi, iddiaçı həmin vəsaiti bank hesabında saxlamaqla, faiz əsasında əlavə gəlir əldə edə biləcəyini iddia edərək Cavabdeh 4000 manat, əldən çıxmış fayda kimi 1160 manat, hüquqi yardıma görə nümayəndə - vəkilə ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 72 manat olmaqla, cəmi 5531 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh götürülmüş borcun bir hissəsini əvvəllər ödədiyini, qalan 700-800 manat hissəsini isə sonuncu dəfə təqribən 2021-2022-ci ildə ödədiyini, ümumiyyətlə isə götürülən pul vəsaitinin 2020-ci ilin iyul ayında qaytarılması öhdəliyi nəzərə alınmaqla, iddia müddətinin tətbiqinin zəruri olduğunu bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə təqdim edilmiş sübutları qiymətləndirməklə hesab edir ki, tərəflərin izahatlarından hazırki mülki iş üzrə ayrı-ayrılıqda 2 hal hasil edilir və hər iki halı araşdırdıqda məhkəmə iddia tələbi təmin edilməməsi qənaətinə gəlir. Belə ki, məhkəmə tərəfindən mübahisə üzrə təhlil olunmuş birinci hala əsasən müəyyən edilir ki, tərəflər arasında olan razılaşmaya görə, cavabdeh borcunu 2020-ci ildə qaytarmağı öhdəsinə götürsə də, borcunu ödəməmiş və ya bu halı təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verdikdə, ərizənin əsaslı olması nəticəsinə gəlir və hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, məhkəmə qeyd etmişdir ki, iddia müddəti institutu mülki işin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edərək tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarına əsasən, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Mülki iş üzrə materiallarından göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da müqavilə tələbləri üzrə nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüş, habelə iddia müddətinin ötürülməsinin üzrlü səbəblərini əsaslandıra bilməməklə, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazılarından da görünür ki, cavabdeh iddiaçıya olan borcunu 2020-ci ildə qaytaracağı barədə götürdüyü öhdəliyini təsdiq etmişdir. Bu baxımdan hazırki mülki iş üzrə iddia müddətinin axımının 2020-ci ildən etibarən başlanıldığı bir daha təsdiq olunur. Halbuki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsinə və tərəflər arasındakı razılaşmaya əsasən, ən geci 2023-cü ilin ayında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Belə olan halda, iddiaçı tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanından məhrum olmuşdur. Əlavə olaraq, məhkəmə tərəfindən tərəflərin izahatından hasil edilən ikinci hal isə iddiaçının iddia ərizəsində qeyd olunan dəlillərini iddia müddətinin tətbiqinə dair etiraz edərkən təkzib etməsi ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində 4000 manat məbləğində borc üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini göstərsə də, iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair etirazını cavabdehin izahatını rəhbər tutmaqla, borc üzrə sonuncu dəfə ödənişin 2021-2022-ci illərdə edilməsi halı ilə əsaslandırmış və bununla da, iddia müddətinin axımının 2022-ci ildən etibarən hesablanmalı olmasını bildirmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə ərizənin əsaslılığı ehtimalı və iddia müddətinin ötürülmüş olması arqumenti nəzərə alınmadığı təqdirdə belə, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərini izahatı nəticəsində təkzib etməsi iddianın təmin olunmaması barədə məhkəmənin mövqeyini bir daha əsaslı etmiş olur. Çünki, iddiaçı borc üzrə heç bir ödəniş edilmədiyini bildirərək cavabdehin bu barədə mövqeyinə etiraz etsə də, yalnız iddia müddətinin tətbiq edilməsi hissəsində cavabdehin etirazındakı izahatını əsas tutmuş və iddia ərizəsində qeyd etdiyi dəlillərini təkzib etmişdir. Halbuki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan məhkəmə, mülki iş üzrə tərəflərin izahatları əsasında formalaşmış daxili inamını və qeyd olunan maddənin tələblərini rəhbər tutmaqla qeyd edir ki, iddiaçının iddia müddətinin ötürülmədiyi ilə bağlı mülahizələrini (cavabdehin borc üzrə bütün ödənişi 2022ci ildə ödəməsi barədə etirazının dəlilləri) əsas götürdükdə, iddia ərizəsində qeyd olunan dəlillərin əksinə, borcun mövcudluğu faktı təsdiq olunmadığı üçün iddia tələbinin təmin edilməməsi qənaəti hasil olur. Məhkəmə, iddia ilə bağlı gəldiyi hər iki mühakiməni ümumiləşdirərək qeyd edir ki, nə qədər ki cavabdehin borcu ödəməsinə dair etirazının dəlillərini təsdiq edəcək mötəbər sübutları yoxdur (borcun qaytarıldığını təsdiq edəcək sadə yazılı əlyazma), onda hesab olunmalıdır ki, iddiaçının borc olaraq verdiyi pul vəsaiti ona geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə iddia tələbini rədd edərkən, iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Mülki Məcəllənin 376-cı maddəsinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan maddənin tətbiqi ilə bağlı hüquqi mövqeyinə əsasən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında əsas tələb üzrə iddia müddətinin keçməsi qənaətinə gəlindikdə, əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Göstərilənlərə və prosessual qənaət prinsipininə əsasən, iddia tələbi iddia müddəti ötürülməklə verildiyi, o cümlədən əsassız olduğu üçün məhkəmə qeyd olunan maddənin tələblərini, habelə əsas və əlavə tələblərin bir-birinə bağlılığını nəzərə almaqla, “əldən çıxmış fayda kimi 1160 manat, hüquqi yardıma görə nümayəndə - vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin ödənilməsi” hissəsində iddia tələbinə hüquqi qiymət verilməsinə hər hansı zərurət görmür. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Belə olan halda məhkəmə yuxarıda sadalananları əsas götürərək, iddia müddəti tətbiq edilməklə iddia tələbindən imtinanı əsaslı və qanuni hesab edir. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2859/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2859/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver