Məhkəmə qərarları › İş №e-2(005)-2865/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2865/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2865/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, '‘Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli, 2(005)-3200/13 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 15 mart 2021-ci il tarixli 375 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7.990 ABŞ dolları əsas borc, 763 ABŞ dolları məbləğində faiz borcu, 900 ABŞ dolları dəbbə pulu, cəmi 9.653 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditinin təminatı kimi cavabdehə məxsus olan “Geely CK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı (tip-Sedan; buraxılış ili 2011; Ban: L6T7524S9CN006279;MÜHƏRRİK- 209110; RƏNGİ-AG) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus “Geely CK” markalı, 90- NH-307 dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayon icra şöbəsinin sifarişi əsasənda “X2 Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş və tələbkar İddiaçı QSC-yə təklif olunmuşdur. Daha sonra AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sözügedən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi üçün müraciət edilmiş, lakin bildirilmişdir ki, Cavabdeh sözü gedən nəqliyyat vasitəsini idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Bu səbəbdən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi yalnız üzərindəki cərimələr ödənildikdən sonra mümkündür. Həmin cərimə aşağıdakından ibarətdir. xx.xx.2014-cü il tarixli protokola görə idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə etdiyindən 800 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən 800 manat məbləğində cərimə 13 fevral 2023-cü il tarixində İddiaçı QSC tərəfindən ödənilmişdir. Cərimələr ödənilmədiyi təqdirdə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərar qəbul edilir. İddiaçı bildirir ki, bununla da onların hüquqları pozulur. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nın nümayəndəsi X3 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbini müdafiə edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin elektron sistemindən əldə edilmiş çıxarışın surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə “Geely CK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkət edərkən yol-hərəkəti qaydalarını pozduğuna görə barəsində İXP ******* nömrəli, xx.xx.2014-cü il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan 21 aprel 2017-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “Aqrarkredit" QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s nömrəli Sərəncamının İ-ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə veksellərəri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan “X2 Əmlak Hərrac Mərkəzinin” 25 noyabr 2022-ci il tarixli, 264/22 saylı hərrac protokolunun surətindən görünür ki, hərracın nəticələrinə dair bu protokol Cavabdeh məxsus olan “Geely CK” minik markalı, 2011-ci il buraxılışlı sedan tipli, ağ rəngli, BAN № L6T7524S9CN006279 olan, **-NH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qalib alıcı "xxxx" QSC BOKT-un adına qeydiyyatına alınması ipotekaya xitam verilməsi üçün əsasdır. Bu protokol müqavilə qüvvəsinə malikdir. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 42.6-cı və 42.8-ci maddələri) İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı 662307 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Geely CK» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı (tip-Sedan; buraxılış ili 2011; Ban- L6T7524S9CN006279; mühərrik-209110; rəngi-ağ:) avtomobil Cavabdeh məxsusdur, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sənaye» filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli, 2(005)-3200/13 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sənaye» filialı ilə Cavabdeh arasında bağlanmış 15 mart 2012-ci il tarixli 375 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7.990 ABŞ dolları əsas borc, 763 ABŞ dolları məbləğində faiz borcu, 900 ABŞ dolları dobbə pulu, cəmi 9.653 ABŞ dolları məbləğində borc (ödəniş vaxtına manat məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi cavabdehə məxsus olan «Geely CK» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı (tip-Sedan; buraxılış ili 2011; Ban- L6T7524S9CN006279; mühərrik-209110; rəngi-ağ:) avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan satilmiş avtomobilirin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, “Geely CK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsus olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sənaye» filialında ipoteka ilə yüklü edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus “Geely CK” markalı, 90- NH-307 dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayon icra şöbəsinin sifarişi əsasənda “X2 Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş və tələbkar İddiaçı QSC-yə təklif olunmuşdur. xx.xx.2014-cü il tarixdə “Geely CK” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkət edərkən yol-hərəkəti qaydalarını pozduğuna görə barəsində İXP ******* nömrəli, xx.xx.2014-cü il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdəndə iddiaçı avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsinin yalnız üzərindəki cərimələr ödənilməsindən sonra mümkünlüyünü nəzərə alaraq, həmin cərimələri ödəmiş, hazırda da iddiaçı Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsini tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən hərracda əldə edilmiş avtomobilə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə cavabdehin yol verdiyi inzibati hüquqpozamaya görə sonuncuya hesablanmış 800 manat cəriməni ödəmiş, lakin Cavabdeh həmin pul vəsaitini ödəməmiş, beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına 800 manat məbləğində pul vəsaiti qaytarılmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (AR MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4 maddələri) Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq, Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar