Məhkəmə qərarları › İş №e-2(005)-2883/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2883/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2883/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1830.14 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 1830.15 manat borcunun, ödənilmiş 38.31 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə X7 arasında bağlanmış BPM**********40 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X4 illik 24 faizlə 39 ay müddətinə 2420 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 122117 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 3252 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak AR DİN BYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD313217 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VSX000073R6055658, mühərrikin nömrəsi 19145181 və buraxılış ili 1994-cü il olan X13 markalı 90EV476 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1830.14 manat əsas borc və 0.01 manat faiz borcu olmaqla, cəmi 1830.15 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38.31 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 32145/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, borcu inkar etməyib, keçən ilin on birinci ayında problemli şöbəyə getmişdi. Qardaşı da var, amma o mirasdan onun xeyrinə imtina edib. Maşın xarab idi, onlar bərpa ediblər. Maşının dəyəri 1500 manatdan çox olar. Öz krediti də var, atası krediti götürəndə sığorta təklif edilməyib. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, BPM**********40 saylı kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” "xxxx" ASC “borc alan” X4 39 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək illik 24 faiz ödəmək şərtilə 2420 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, X4 2395,8 manat məbləğində pul verilmişdir; Maliyyə arayışının surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1830,14 manat, faiz borcu 0,01 manat olmaqla, cəmi borcu 1830,15 manat təşkil edir; "xxxx" ASC tərəfindən X2 vərəsəsi X6 ünvanlanmış xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, o, miras qoyanın borcunun olması, onun 5 iş günü ərzində ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixində vəfat etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 Saylı Notariat Ofisinin 3252 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X2 miras əmlakına dair vərəsəsi - ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixdə 2V/584 reyestr sayda vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 1994-cü il olan X13 markalı, 90 EV76 dövlət nömrə nişanlı nəqliyat vasitəsindən ibarətdir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 38,31 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC X4 2420 manat məbləğində kredit verməyi, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X7 xx.xx.2020-ci il tarixində vəfat etmişdir və hazırki iş üzrə cavabdeh onun vərəsəsidir. Buraxılış ili 1994-cü il olan, X13 markalı, 90 EV76 dövlət nömrə nişanlı nəqliyat vasitəsinə dair cavabdeh X5 adına xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X2 vərəsəsi Cavabdeh əsas borca görə 1830,14 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1830,15 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən miras qoyana 39 ay müddətinə, illik 24 faiz olmaqla 2420 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan, eləcə də onun vərəsəsi olan cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Hazırki mülki işdə miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, mərhum X7 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsəsindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh vərəsəsi olduğu miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə əsas borca görə 1830,14 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1830,15 manat pulu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 1830,14 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1830,15 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 38,71 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1830,14 manat, faiz borcuna görə 0,01 manat olmaqla, cəmi 1830,15 (min səkkiz yüz otuz manat, on beş qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 38,71 (otuz səkkiz manat, yetmiş bir qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar