Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2897/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-nə və Cavabdeh1 qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 8000 (səkkiz min) manat və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-də Cavabdeh2 MMC-nin bank hesabı vardır. Cavabdehin səlahiyyətli şəxsi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə X13 filialına gələrək nağd pul almaq üçün çek təqdim etmiş, 30.000 (otuz min) manat ödənilməsini xahiş etmişdir. Bankın xəzinədarı X5 tərəfindən səhvə yol verilərək, 30.000 (otuz min) manat əvəzinə 38.000 (otuz səkkiz min) manat pul vəsaiti ödənilmişdir. Bununla bağlı Bank tərəfindən cinayət işinin başlanması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə şikayət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 27 aprel 2022ci il tarixli qərarı ilə toplanmış material üzrə X10 sədri Selçuk Demirin müraciəti üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və Cavabdeh2 MMC-nin mühasibi işləmiş Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin hesabından nağd vəsaitin mexarici zamanı X13 filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə 38.000 manatın təhvil verilməsi öz təsdiqini tapdığı üçün Banka həmin pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi məqsədi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin işin araşdırılması zamanı aşağıdakılar müəyyən edilmişdir: “Araşdırma zamanı X5 izahatında göstərmişdir ki, 2021-ci İlin dekabr ayından “Ziraat Bank”ın Əhməd Rəcəbli filialında xəzinədar işləyir. xx.xx.2022-ci tarixdə saat 11 radələrində əvvəllər bankın filialına gəlib pul məxaric edən “Zivella mebel evi”nin işçisi Cavabdeh1 işlədiyi filiala gəlib ona yaxınlaşaraq müvafiq sənədləri təqdim etmiş, o isə çek vasitəsi ilə ona səhvən 30.000 manat pul əvəzinə 38.000 manat pul ödəmiş, Nahid də pulu sayıb çıxıb getmişdir. Həmin günün sonunda pulda əksiklik olması müəyyən olunmuş, Nahidin pulu artıq götürməsi ilə bağlı filialda videogörüntülər və səs yazısı olmuşdur. Həmin görüntülərə əsasən Nahid ona artıq pul verilməsini bilmişdir. Nahid ona verilən pulu xəzinənin önündə saydıqdan sonra yenidən xəzinəyə uzadıb sayılmasını istəmiş, yanındakı xəzinədar isə pulu sayıb Nahidə vermişdir. Lakin daha sonra Nahid ona 8000 manat əlavə pul verilməsini boynundan atmışdır. Nahidə 22.000 manat olmaqla 220 ədəd 100 manatlıq əskinasların, 16.000 manat otmaqla 80 ədəd 200 manatlıq əskinasların verilməsi, həmin vəsaiti Nahidin telefonunun kalkulyatoru ilə hesablaması videogörüntülərdən açıq-aşkar görünür. Onun diqqətsizliyindən baş verən bu hadisədən sonra “Zivella mebel”in maliyyə departamentindən onlara Nahid tərəfindən 40 ədəd 200 manatlıq əskinasın təqdim edildiyi bildirilmişdir. Nahid isə ona verilən pulun hamısını aldığı şəkildə şirkətin nümayəndəsinə verdiyini demişdir. Material üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən “Zivella Mobilya və Sənaye Ticarət Limited” şirkətinin Azərbaycan nümayəndəliyində kiçik mühasib işləyir. İşinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində “Ziraat Bank”ın Əhməd Rəcəbli fılialına gedib şirkətə məxsus 30.000 manatlıq məxaric orderini təqdim etmiş və xəzinədar pulları sayaraq ona vermişdir. O isə pulları xəzinənin qarşısında sayıb bir hissəsi 200 manatlıq, bir hissəsi 100 manatlıq əskinaslar olduğu üçün hesabı qarışdırmış, əskinaslar qarışıq olduğu üçün telefonun kalkulyatorunda hesablamaq istəsə də əskinasları ayırıb dəqiq saya bilmədiyi üçün kalkulyatorda hesablamanı apara bilməyərək təkrar sayılması üçün xəzinəyə vermişdir. Xəzinədə pulu təkrar sayıb verdikdən sonra pulu götürüb saymadan şirkətə getmişdir. Şirkətdə isə pulu həmişəki kimi gətirib mühasib Rüfət Zeynalova verərək öz stulunda oturmuş, Rüfət isə pulu sayaraq 30.000 manat olduğunu deyib özünə qaytarmışdır. Həmin pulu dolabına qoyub təxminən 15-20 dəqiqə sonra ofisə gələn baş mühasib və müavin olan Ali İhsana vermiş, Ali İhsan isə ona 30.000 manatlıq qəbz vermişdir. Ali İhsanın pulu sayıbsaymadığını dəqiq görməmişdir. Saat 16 radələrində Rüfət zəng edib bankdan dəqiq hansı məbləğdə pul götürdüyünü soruşmuş, o isə götürdüyü pulu ona verdiyini demişdir. Saat 18 radələrində isə “Ziraat Bank”dan zəng vuraraq 30.000 manat əvəzinə ona 38.000 manat verildiyini, bununla bağlı videogörüntülər olduğunu demişlər. Səhərisi gün banka gedib görüntülərə baxdıqdan sonra “Zivella” şirkətindən pulu Rüfətə verməyi ilə bağlı həmin videogörüntüləri təqdim etmələrini desə də ona heç bir videogörüntü təqdim edilməmişdir. Material üzrə izahatı alınmış X7 göstərmişdir ki, 2012-ci ildən etibarən “Zivella Mobilya və Sənaye Ticarət Limited” şirkətinin Azərbaycan nümayəndəliyində mühasib işləyir. xx.xx.2022-ci il tarixdə şirkətin mühasibi Cavabdeh1 pul məxaric etmək üçün “Ziraat Bank”ın Əhməd Rəcəbli filialına getmiş, günorta saatlarında qayıtdıqda isə Nahidin həyəcanlı olduğunu görmüşdür. Nahid bankdan götürdüyü pulu ona təqdim etmiş və pulu sayaraq 100-lük və 200-lük əskinaslarla olmaqla 30.000 manat olduğunu görmüş və pulu Nahidin özünə geri qaytarmışdır. Təxminən 15-20 dəqiqə sonra şirkətin baş mühasibi və müavini Ali İhsan gəlmiş və Nahid həm pulu, həm də məxaric sənədini hazriayb Ali İhsana vermişdir. Saat 15 radələrində Lökbatan dairəsi yaxınlığında yerləşən Bakı Baş Gömrük İdarəsinə taksi ilə getmiş, orada şirkətin malları olan yük avtomaşının rəsmiləşdirilməsini həyata keçirmiş, saat 16 radələrində ona “Ziraat Bank”dan xəzinədar Babək zəng edərək kassadan Nahidə 30.000 manat pul əvəzinə 38.000 manat pul verildiyini demişdir. O da Ali İhsana zəng edib demiş və Ali İhsan banka gedib görüntülərə baxmasını dediyi üçün banka gedib görüntülərə baxaraq Nahidin bankdan 80 ədəd 200 manatlıq, 220 ədəd 100 manatlıq əskinas götürdüyünün şahidi olmuşdur. Həmin günün səhərisi şirkətdə Nahidin ona pul verməsinin videogörüntülərinə baxmış və ona məlum olmuşdur ki, Nahid ona verdiyi 40 ədəd 200 manatlıq və 220 ədəd 100 manatlıq əskinasları sayıb Nahidin özünə qaytarmışdır. Nahidin özü ilə bundan sonra dəfələrlə söhbət etsə də Nahid bankdan əlavə pul aldığını etiraf etməmişdir. Onların oturduğu otağın videomüşahidəsi aparılan DVR-ın yaddaşı cəmi 5 günlükdür. Həmin günlər ərzində görüntüləri yaddaşa və ya telefonun yaddaşına yazmaq ağlına gəlməmişdir. Şirkətin işçilərindən kiminsə həmin videogörüntüləri qeyd edib-etmədiyini bilmir. Material üzrə izahatı almmış X16 göstərmişdir ki. 2010-cu ildən etibarən “Zivella Mobilya və Sənaye Ticarət Limited” şirkətinin Bakı nümayəndəliyində mühasib və daha sonra direktor müavini kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə cümə namazından sonra saat 14 radələrində şirkətə qayıtmış və şirkətdə mühasib işləyən Cavabdeh1 ödəniş qəbzini ve “Ziraat Bank”dan götürdüyü pulu təqdim etmiş, pulu sayaraq 40 ədəd 200 manatlıq və 220 ədəd 100 manatlıq əskinaslar olmaqla 30.000 manat olduğunu görmüş və pulu öz kassasına qoymuşdur. Həmin vaxt Rüfət də otaqda olmuşdur. Rüfət saat 15 radələrində Lökbatan dairəsi yaxınlığında yerləşən Bakı Baş Gömrük İdarəsinə getmiş, saat 17 radələrində ofisdə olanda Nahid ona 30.000 manat verib-vermədiyini soruşmuşdur. Nahidə 30.000 manat pul verdiyini demiş, daha sonra axşam saat 18 radələrində Rüfət zəng vurub “Ziraat Bank”dan ona zəng vuraraq Nahidin bankdan 38.000 manat pul götürməsi barədə məlumat verildiyini demişdir. Həmin günün səhərisi şirkətin əməkdaşı Emil adlı şəxslə birlikdə Nahidin Rüfətə pul verməsi, Rüfətin həmin pulu sayıb geri qaytarması, Nahidin həmin pulu daha sonra ona verməsi və onun həmin pulu saymağı ilə bağlı videogörüntülərə baxıb Nahidin Rüfətə 40 ədəd 200 manatlıq, 220 ədəd 100 manatlıq əskinas verdiyinə və Rüfətin həmin əskinasları saydıqdan sonra Nahidin özünə geri qaytarmasına, öz növbəsində həmin əskinasları sayıb Nahiddən götürdüyünə əmin olmuşdur. Görüntülərə baxdığı gün Nahidlə söhbət edib ona həqiqəti söyləməsini demiş, Nahid isə onlarla heç bir işi olmadığını, onun işinin bankla olduğunu, ona şər atdıqları üçün banka qarşı iddia qaldıracağını, vəkillə müqavilə bağladığını demişdir. Nahidə vəkili ilə birlikdə gəlməsini, vəkili ilə birlikdə söhbət edəcəklərini demiş, bundan sonra Nahiddən xəbər çıxmamış və Nahid növbəti dəfə növbəti həftənin cümə günü ofisə gəlib şirkətdəki videogörüntüİərin DVR-ın yaddaşında qalıb-qalmadığını soruşmuşdur. Maraqlanaraq DVR-ın yaddaşında yalnız son 5 günün görüntülərinin qaldığını müəyyən etmiş, buna görə də həmin görüntülərə Nahidlə birikdə baxa bilməmişlər. Videogörüntülərə özü baxdığı gün hər hansı şübhəli məsələ qalmadığı, Nahidin ona 30.000 manat pul verməsinə əmin olduğu, həmçinin Nahid özü də “sizlik bir məsələ yoxdur” sözlərini dediyi üçün həmin videogörüntülərin yaddaşda saxlanması üçün hər hansı tədbir görməmişdir. Materiallara əlavə edilmiş, İddiaçı ASC-nin Əhməd Rəcəbli filialı müdirinin Cavabdeh2 MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin hesabından nağd vəsaitin məxarici zamanı “X11” ASC-nin Əhməd Rəcəbli filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə onların nümayəndəsi Cavabdeh1 səhvən 38.000 manat təhvil verilmişdir. Bu səhv gün sonu kassa sayımı zamanı aşkar olunmuş və həmin gün müvafiq araşdırma aparılaraq nəticədə səhvən 8000 manat artıq məbləğin şirkətin göstərilən nümayəndəsinə təhvil verildiyi müəyyən olunmuşdur. Gün sonu bununla bağlı şirkətin nümayəndəsi Rüfətə məlumat verilmiş və bütün kamera görüntüləri göstərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin əsas binasında Rüfətə və Nahidə bütün kamera görüntüləri və digər sübutlar təqdim olunmuşdur. Həmin məktubla bank şirkətdən əməkdaşlarına səhvən ödənilmiş 8000 manat pul vəsaitinin 3 gün ərzində geri qaytarılmasını xahiş etmişdir. Materiallara əlavə edilmiş. Cavabdeh2 MMC-nin İddiaçı ASC-nin Əhməd Rəcəbli filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin əməkdaşı Cavabdeh1 tərəfindən şirkətin kassasına 30.000 manat məbləğ mədaxil ediimiş və Cavabdeh1 bunu öz imzası ilə təsdiq etmişdir. Materiallara əlavə edilmiş diskə baxış protokolundan görünür ki, İddiaçı ASC-nin nümayəndəsi X2 təqdim etdiyi diskə baxış aparılarkən müəyyən edilmişdir ki, diskdə 1 ədəd videofayl və 1 ədəd həmin faylın təminatçı proqramı olmaqla videofaylda Ceyhun Mustafayevin də deməsinə əsasən İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının xəzinə otağında xəzinədar X3 Cavabdeh2 MMCnin əməkdaşı Cavabdeh1 vermək məqsədi ilə pulları sayması, bu zaman pulun sayılmasının müştəri tərəfindən də görülməsini təmin edən göstəricinin işində pozuntu yarandığı üçün pulun sayılıb verilməsi üçün 3 bağlamada olan pulu yanındakı digər xəzinədara verməsi, həmin xəzinədarın videofayldakı saat göstəricisinə əsasən 12:03-53də 100 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra Babək Nağıyevin 10.000 manat pulu Cavabdeh1 verməsi, daha sonra 12:04:09-da 20 ədəd 200 manatlıq və 81 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 12.100 manat pulu Cavabdeh1 verməsi, daha sonra 12:04:22-də 60 ədəd 200 manatlıq və 39 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 15.900 manat pulu Cavabdeh1 verməsi öz əksini tapmışdır. Bundan sonra Cavabdeh1 xəzinənin qarşısında dayanıb təxminən 10 dəqiqə ərzində həmin pulları müxtəlif üsullarla sayması, saydıqdan sonra 200 manatlıq və 100 manatlıq əskinasları birbirindən tam ayıraraq yenidən sayması üçün Babək Nağıyevə deyil, digər xəzinədara verməsi və xəzinədən 80 ədəd 200 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 16.000 manat pulu Cavabdeh1 verməsi, daha sonra 100 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 10.000 manat pulu Cavabdeh1 verməsi, daha sonra 120 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 12.000 manat pulu Cavabdeh1 verməsi, həmin 3 bağlamada pul məbləğini Cavabdeh1 verərkən onunla danışması, Cavabdeh1 hər pul bağlamasını aldıqdan sonra mobil telefonunda hansısa əməliyyat etdiyi və daha sonra 38.000 manat pulu götürərək xəzinədən uzaqlaşdığı öz əksini tapmışdır. Həmin videofayla baxış keçirilərkən İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının xəzinədarı tərəfindən Cavabdeh1 80 ədəd 200 manatlıq və 220 ədəd 100 manatlıq əskinas olmaqla cəmi 38.000 manat pulun verilməsi və sonuncunun həmin məbləği kassadan qəbul edib uzaqlaşmasını müəyyən etmək mümkün olmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının kassasından Cavabdeh2 MMC-nin mühasibi işləmiş Cavabdeh1 Rafiq oğluna həmin şirkətin hesabından nağd vəsait məxaric edərkən 031193 nömrəli pul çekində göstərilən 30.000 manat pul əvəzinə 38.000 manat pulun təhvil verilməsi öz təsdiqini tapmışdır. Cavabdeh1 həmin vəsaiti təhvil alarkən çekdə göstərilən məbləğdən fərqli məbləğin ona verildiyini dərk etməsi və qəsdən həmin 38.000 manat vəsaiti götürməsi ehtimal edilsə də bu halı mötəbər və təkzibedilməz sübutlarla təsdiq etmək mümkün olmamış, yəni bu fikir yalnız fərziyyə olaraq qalmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-nin hesabından nağd pul vəsaitinin məxarici zamanı İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə 38.000 manatın təhvil verilməsi öz təsdiqini tapdığı üçün İddiaçı ASC-nə həmin pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi məqsədi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir”. Şərh edilənlərdən də göründüyü kimi Cavabdeh2 MMC-nin işçisi və pul vəsaitlərini almağa səlahiyyətli olan şəxsi Cavabdeh1 İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının kassasından 031193 nömrəli pul çekində göstərilən 30.000 manat əvəzinə 38.000 manat almaqla əsassız varlanma halı baş vermişdir və artıq ödənilmiş 8000 manat Banka qaytarılmalıdır. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh2 MMC-nin işçisi və pul vəsaitlərini almağa səlahiyyətli olan şəxsi Cavabdeh1 30.000 manat əvəzinə 38.000 manat verilməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə də təsdiq olunmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 MMC tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin (bundan sonra İddiaçı) cavabdehlər Cavabdeh2 MMC-nə (bundan sonra Şirkət) və Cavabdeh1 (bundan sonra Cavabdeh) qarşı pulun müştərək qaydada tutulması ilə bağlı iddiası şirkətə münasibətdə əsassızdır. Belə ki, iddiaçı öz iddiasını MM-in əsassız varlanma ilə bağlı müddəlaları üzərində qurmuş və tələbini onunla əsaslandırmağa çalışmışdır. Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, hüquqi məsuliyyətin əsasında təqsir dayanır. Bəzi istisna hallar çıxılsa təqsiri olmadan heç bir şəxs məsuliyyət daşımır və ya məsuliyyətə cəlb oluna bilməz. Mülki qanunvericilik bəzi hallarda təqsiri olmadan da şəxsin məsuliyyət daşımasını nəzərdə tutur. Məsələn, MM-in 59-cu fəsli (deliktlər) nəzərdən keçirilsə görünər ki, bəzən hadisəni birbaşa törtəməyən şəxs hadisənin törədilməsi zamanı vurulmuş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır, daha doğrusu, onun üzərinə belə bir məsuliyyət qoyulur. Məsələn, işçinin vurduğu zərərə görə hüquqi şəxsin məsuliyyəti (maddə 1099), 14 yaşına çatmayan şəxsn vurduğu ziyana görə valideyn və ona bərabər tutulan şəxslərin məsuliyyəti (maddə 1103), fəaliyyət qabiliyyəti olmayan şəxsin vurduğu zərərə görə qəyyumun məsuliyyəti (maddə 1105), nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə mülkiyyətçinin məsuliyyəti (maddə 1108), heyvanın vurduğu zərərə gərə sahibinin məsuliyyəti (maddə 1110) və s. Bu tipli normaları birlikdə analiz etdikdə bu nəticəyə gəlmək olar ki, qanunun məqsədi ziyan dəymiş şəxsin ziyanının daha asan və tez yolla ödənilməsinə nail olmaqdır. Məsələn, əgər bir şəxs hər hansı hüquqi şəxsin işçisi tərəfindən zərərə məruz qalırsa qanun həmin şəxsə imkan verir ki, hüquqi şəxsin özünə də birbaşa tələb yönəldə bilsin. Çünki hüquqi şəxsin öz işçisinə münasibətdə maddi imkanlarının daha yaxşı olmasını nəzərə alaraq birbaşa onun ziyanı ödəməsi daha asan və tez başa gəlir. Eyni hal vəzifəli şəxsin vurduğu ziyana görə dövlət orqanının birbaşa məsuliyyət daşımasına və ya uşağın hərəkətinə görə valideynin məsuliyyət daşıması da aiddir. Lakin deyildiyi kimi bu hallar ancaq delikt halında mümkündür. Mülki Məcəllə əsassız varlanma ilə bağlı şəxsin işçisi və ya səlahiyyətli şəxsinin hərəkətlərinə görə məsuliyyət daşımasını nəzərdə tutmur. Belə olan halda iddiaçı onun tərəfindən verilən əlavə pul məbləğinin məhz şirkətin kassasına mədaxil edildiyini sübut etməlidir. Onların halında şirkətə 30.000 manat pul mədaxil edilib. Qalan 8000 manatın taleyinin necə olması isə cavabdehə aiddir. Şirkətin kassasına məhz 38.000 manat pulun mədaxil edilməsi ilə bağlı heç bir sübut yoxdur. İddiaçının xüsusilə üzərində dayandığı cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi X1 tərəfindən qəbul edilmiş qərarda da bununla bağlı heç bir qeyd yoxdur. Daha dəqiq, həmin qərarda 38.000 manat pulun şirkətin kassasına mədaxil edilməsi birbaşa göstərilməmişdir. Qərarın nəticə hissəsində əksinə, 38.000 manatın cavabdehə verildiyi birbaşa göstərilib. Bunu qeyd edərkən xüsusilə onu da vurğulamaq lazımdır ki, artıq verilmiş pul məbləğinin iddiaçının kassasından götürülməsi şəxsən cavabdehin öz iradəsi əsasında həyata keçirilmişdir. Artıq pulun götürülməsi ilə bağlı şirkətin rəhbərliyi məlumatlı olmamış və ya birbaşa belə bir göstəriş verməmiş, hətta bunu sonradan bəyənən hərəkətlər də etməmişdir Qısası şirkət əsassız varlanmamışdır. Əsassız varlanan şəxs cavabdehdir və şirkət əsassız varlanma halına görə onun hərəkətlərinə görə məsuliyyət daşımır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin Cavabdeh2 MMC-nə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ona aid hissədə düzgün tərtib edilmədiyi üçün rədd edilməlidir. Belə ki, iddiaçı özü də etiraf edir ki, cavabdeh seçimində yanlışlığa yol vermişdir. İddia ərizəsində görünür ki, İddiaçı ASC-nə zərər vuran şəxs elə həmin Bankın öz xəzinədarı X5 olmuşdur. O, öz səriştəsizliyi və savadsızlığı nəticəsində MM-nin 1096-cı maddəsində göstərilən və nəzərdə tutulan mülki hüquq pozuntusuna (deliktlər) yol verməklə iddiaçıya ziyan vurmuşdur. İddia ərizəsində göstərildiyi kimi, xx.xx.2022-ci il tarixdə o, mühasib kimi çalışdığı Cavabdeh2 MMC-nin məsul şəxsi Ali İhsanın göndərişi ilə 30.000 manatın nağdlaşdırılmasına dair müvafiq maliyyə sənədini İddiaçı ASC-nin Əhməd Rəcəbli ünvanındakı ofisinin xəzinədarı X4 təqdim etməklə ondan 30.000 manatın xəzinədən alınaraq ona verilməli olduğunu bildirir. Sonuncu kassa əməliyyatını texnologiyanın nasazlığı ucbatından tam həyata keçirə bilmədiyi üçün həmin əməliyyatın sona yetirilməsini öz həmkarı olan digər xəzinədara həvalə edir. O da öz növbəsində sayaraq ona qarışıq əskinaslarla (30 ədəd) ümumilikdə 38.000 manat pulu ötürür. O, həmin əskinasların qarışıq olması səbəbindən saya bilmədiyi üçün əskinasları geri qaytarıb uyğunsuzluğun aradan qaldırılmasını və pulların düzgün sayılmasına şərait yaradılmasını tələb etmişdir. Sonradan yəni xəzinədarlıqdan qayıtdıqdan sonra öz iş otağında Cavabdeh2 MMC-nin ofisində gətirdiyi həmin pulları iş masasının üzərinə qoyaraq saymaq və əskinasları (gələcəkdə bir daha sayılmasını asanlaşdırmaq məqsədi ilə) ayırmaqla məşğul olduğu zaman onunla bir ofisdə mühasib işləyən Rüfət Zeynalov adlı şəxs “sən gec sayırsan ver mən sayım” deyərək pulları ondan almışdır. Sonradan R.Zeynalova inamı və etibarı olduğu üçün onun həmin pulları necə saymasına nəzarət etməyərək (buna imkanı olmamışdır), həm də baş mühasib kimi güvənərək onun sayıb ona verdiyi 30.000 manat pulu təyinatı üzrə rəhbər şəxs Ali İhsan bəyə verib bu barədə imzalanmış qəbzi ondan götürmüşdür. Hesab edir ki, MM 1096.1-ci maddəsinin tələbini pozmaqda xəzinadar X5 cavabdeh qismində iddiaçı tərəfindən məhkəməyə cəlb edilməli idi. Bu hal işə baxan hakim tərəfindən gələcəkdə qəbul edəcəyi qərarın nə qədər ədalətli, obyektiv olmasına təsir edə bilən amildir. Etirazının əsas hissəsi kimi onu da məhkəmənin nəzər-diqqətinə çatdırmaq istəyir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin Bakı şəhəri Əhməd Rəcəbli ünvanındakı ofisində pulların xəzinədarlıqdan ona verilməsi prosesini anbaan özündə əks etdirən video müşahidə görüntülərini əsas götürən iddiaçı nədənsə həmin pulların tərəfindən təhvil verilmə anlarını qeydə alan görüntüləri tələb etməkdə maraqlı olmamışdır. Axı o, əvvəl gündən bu barədə aparılan danışıqlarda, verdiyi izahatlarda məhz həmin video müşahidə görüntülərinin də ortaya çıxmasını tələb etmişdir. Buna misal olaraq xx.xx.2022-ci il tarixdə saat 16:30-da “X15” MMC-nin rəhbəri kimi tanıdığı Ali İhsan bəy özünün 055 *** ** ** nömrəli mobil telefonu ilə onun 050 *** ** ** nömrəli telefonuna vatsap səsli sms göndərərək onun ofisində baş verənlərin video görüntülərini lazım gəldiyi anda aidiyyəti qurumlara təqdim edəcəyini bildirdiyi və nədənsə sonrakı araşdırmalarda isə Rüfət Zeynalovun ifadəsinə görə həmin ofisdəki video müşahidə materialları 5 günlük saxlanmadan sonra silinib getmiş kimi qələmə verilməsi özü də əhəmiyyətsiz bir video material kimi qiymətləndirilərək yaddaşa salınmaması və yaxud sübut növü kimi əhəmiyyət daşımaması absurddur, ağlasığmazdır. Sual olunur: Cavabdeh2 MMC-nin gəliri nə qədərdir ki, 8000 manatın taleyi onlar üçün belə əhəmiyyətsiz görünsün? Digər sual budur ki, xx.xx.2022-ci il tarixdə qeydə alınan video müşahidə materialları R.Zeynalovun təbirincə deyilsə cəmi 5 gün saxlanılır sonra silinirsə onda bəs Ali İhsan bəy xx.xx.2022-ci il tarixdə “lazım gəldiyi an” hansı görüntüləri aidiyyəti qurumlara təqdim edəcəkdi” deməsi nədir? Buradan belə qənaətə gəlmək olar ki, digər Cavabdeh2 MMC həqiqətin ortaya çıxmasında ya maraqlı deyil, yada ki qəsdən, düşünülmüş tərzdə mühüm əhəmiyyət kəsb edən sübut növünü, yəni xx.xx.2022 tarixdə öz ofislərində baş verənləri sübut edən video müşahidə kameralarının qeydə aldığı faktları məhkəmədən gizlətməklə fikir çaşqınlığı yaratmaq, onun kimi gənc perspektivli bir kadrı ləkələməklə karyerasını korlamaq məqsədi güdülmüşdür. Hesab edir ki, sözügedən sübut növünün ortaya çıxması işdə olan bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübut növlərini araşdırmalı, onların mötəbərliyinə əmin olduqdan sonra onlardan istfiadə etməklə ədalətli qərar qəbul edə bilər. Hazırkı iddia ərizəsi üzrə sübutların tam təmin olunmaması, iddia tələbi üzrə cavabdehin düzgün seçilməməsi məhkəməyə əsas verir ki, iddiaya baxılmasını mümkünsüz saysın və iddia tələbini geri qaytarsın. Arayış üçün birdirir ki, həmin iddiaçının ərizəsi üzrə Bakı şəhəri Nərimanov RPİnin TŞ-də xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərardan tərəfindən verilmiş şikayət əsasında xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi qərar qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-dəki hesabından 30.000 manat məbləğində pulun məxaric edilməsi üçün xx.xx.2022-ci il tarixli 11665 №-li ödəniş qəbzi verilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin Əhməd Rəcəbli filialının kassasından Cavabdeh2 MMC-nin mühasibi işləmiş Cavabdeh1 Rafiq oğluna həmin şirkətin hesabından nağd vəsait məxaric edərkən 031193 nömrəli pul çekində göstərilən 30.000 manat pul əvəzinə 38.000 manat pulun təhvil verilməsi öz təsdiqini tapmışdır. Həmçinin, həmin qərarla müəyyən edilmişdir ki, materiallara əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Cavabdeh1 xəzinənin qarşısında dayanıb təxminən 10 dəqiqə ərzində həmin pulları müxtəlif üsullarla sayması, saydıqdan sonra 200 manatlıq və 100 manatlıq əskinasları bir-birindən tam ayıraraq yenidən sayması üçün Babək Nağıyevə deyil, digər xəzinədara verməsi və xəzinədən 80 ədəd 200 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 16.000 manat pulu Cavabdeh1 verməsi, daha sonra 100 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 10.000 manat pulu Cavabdeh1 verməsi, daha sonra 120 ədəd 100 manatlıq əskinası hesablayıcı aparat vasitəsi ilə saydıqdan sonra 12.000 manat pulu Cavabdeh1 verməsi, həmin 3 bağlamada pul məbləğini Cavabdeh1 verərkən onunla danışması, Cavabdeh1 hər pul bağlamasını aldıqdan sonra mobil telefonunda hansısa əməliyyat etdiyi və daha sonra 38.000 manat pulu götürərək xəzinədən uzaqlaşdığı öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin mübahisəsiz hallarına əsasən Cavabdeh2 MMC-də mühasib vəzifəsində işləmiş Cavabdeh1 MMC-nin İddiaçı ASC-dəki hesabından 30.000 manat məbləğində pul vəsaitinin məxaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 11665 №-li ödəniş qəbzini həmin tarixdə X13 filialına təqdim etmiş, bankın xəzinədarı X5 tərəfindən Cavabdeh1 səhvən 30.000 (otuz min) manat əvəzinə 38.000 (otuz səkkiz min) manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izahatında xəzinədarın pulları sayaraq ona qarışıq əskinaslarla (30 ədəd), ümumilikdə 38.000 manat pulu ötürdüyünü, əskinasların qarışıq olması səbəbindən saya bilmədiyi üçün geri qaytarıb uyğunsuzluğun aradan qaldırılmasını və pulların düzgün sayılmasına şərait yaradılmasını tələb etdiyini, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində araşdırma zamanı izahatında pulları xəzinənin qarşısında sayıb bir hissəsi 200 manatlıq, bir hissəsi 100 manatlıq əskinaslar olduğu üçün hesabı qarışdırdığını, əskinaslar qarışıq olduğu üçün telefonun kalkulyatorunda hesablamaq istəsə də əskinasları ayırıb dəqiq saya bilmədiyi üçün kalkulyatorda hesablamanı apara bilməyərək təkrar sayılması üçün xəzinəyə verdiyini, xəzinədə pulu təkrar sayıb verdikdən sonra pulu götürüb saymadan şirkətə getdiyini bildirmişdir. Məhkəmə, Cavabdeh1 iddiaya etirazına hüquqi qiymət verərək qeyd edir ki, sonuncu Cavabdeh2 MMC-nin İddiaçı ASC-dəki hesabından 30.000 manat məbləğində pul vəsaitinin məxaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 11665 №-li ödəniş qəbzini həmin tarixdə şəxsən X13 filialına təqdim etdiyini, xəzinədar tərəfindən ona 38.000 manat pulun verildiyini, əskinasların qarışıq olması səbəbindən saya bilmədiyi üçün pulları geri qaytarıb uyğunsuzluğun aradan qaldırılmasını və pulların düzgün sayılmasına şərait yaradılmasını tələb etdiyini, sonra isə verilmiş pulları saymadan şirkətə getdiyini, bununla da, dolayısı ilə İddiaçı ASC tərəfindən ona 38.000 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf etmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli 11665 №-li ödəniş qəbzi əsasında İddiaçı ASC-dən 30.000 manat əvəzinə, 38.000 manat pul vəsaiti alaraq onun 30.000 manatını Cavabdeh2 MMC-yə təhvil vermiş, 8000 manatını isə hüquqi əsas olmadan İddiaçı ASCnin hesabına əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Yuxarıda qeyd olunanlara, qanunvericiliyin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə, Cavabdeh2 MMC-nə aid hissədə iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ASC tərəfindən 30.000 manat məbləğində pulun məxaric edilməsinə dair təqdim edilmiş maliyyə sənədi əsasında Cavabdeh1 ödənilmiş 38.000 manatın 8000 manat hissəsinin Cavabdeh2 MMC-nin kassasına mədaxil olması öz təsdiqini tapmamışdır. Bundan başqa, mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntularından (deliktlər) fərqli olaraq, əsassız varlanma zamanı hüquqi şəxs öz işçisinin törətdiyi hüquq pozuntusu üçün məsuliyyət daşımır. Belə olan halda, Cavabdeh2 MMC-nin əsassız varlanmanın baş verdiyi vaxt işçisi olmuş Cavabdeh1 hərəkətlərinə görə məsuliyyət daşımasının hüquqi əsası mövcud deyil və iddia tələbi Cavabdeh2 MMC-nə aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 8000 (səkkiz min) manat pul tutularaq İddiaçı ASC-nə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 8000 (səkkiz min) manat və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCnə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2897/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2897/2022
27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver