Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2904/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş “sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair” kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş “sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1580,00 (bir min beş yüz səksən) manat sığorta ödənişi məbləğinin və 35,80 (otuz beş manat səksən qəpik) manat dövlət rüsumunun, cəmi 1615,80 (bir min altı yüz on beş manat səksən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz GL500” markalı 10UE700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Mercedes Benz GL500” markalı 10UE700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Daewoo Gentra” markalı 99XY286 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1580,00 (bir min beş yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nərimanov RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bildirmək istəyir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bildirir ki, AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, cavabdehin qeyd olunan ünvanda yaşamaması səbəbindən bildirişi qəbul etməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Belə ki, iş materiallarında olan: - AE 143468 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “Mercedes Benz GL 500 minik” markalı 10UE700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. -"xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış PAA********** saylı sığorta müqaviləsindən görünür ki, “Mercedes Benz GL500” markalı 10UE700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan müəyyən olunur ki, Cavabdeh “Mercedes Benz GL500” markalı 10UE700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X1 məxsus, hadisə zamanı X3 tərəfindən idarə olunan “Daewoo Gentra” markalı 99XY286 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. - Nərimanov RPİ-nin 18 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti inzibati tənbeh tədbiri görülməsindən ötrü Bakı şəhər Nərimanov rayon DYPŞ-ə göndərilmişdir. - Bakı şəhər Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolla müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 23:30-da “Mercedes Benz GL500” markalı 10UE700 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - Bakı şəhər Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş TP5340816 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. - Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, hadisə nəticəsində “Daewoo Gentra” markalı 99XY286 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirilmiş, cəmi 1580 manat məbləğində zərər müəyyən edilmişdir. - "xxxx" ASC-nin AA 2996/22 saylı xx.xx.2022-ci il tarixli “Sığorta aktı”ndan və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkənə - X2 dəymiş zərərə görə 1580 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunur ki, Cavabdeh 1580 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi üçün xərc olmaqla cəmi 2080 manat məbləğin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. - 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı subroqasiya hüququ yaranmışdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları iş materialları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh barəsində Bakı şəhər Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmiş və TP5340816 saylı İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 100 manat cərimə edilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənə - X2 “Daewoo Gentra” markalı 99XY286 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1580 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə həyata keçirilmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərməklə subroqasiya tələbi olan borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmiş, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 35,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1580 (min beş yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,80 (otuz beş manat səksən qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1580 (min beş yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,80 (otuz beş manat səksən qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2904/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2904/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver