Məhkəmə qərarları › İş №e-2(005)-2914/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2914/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2914/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9352,39 AZN əsas, 1378.15 AZN faiz borcu olmaqla, cəmi 10730.54 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 122.59 AZN məbləğində vəsaitin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 avqust 2021 il tariхli, 100804-243447/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 9960 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 12 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9352.39 manat məbləğində əsas bоrc və 1378.15 manat faiz borcu оlmaqla, ümumilikdə 10730.54 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin iddianı etiraf ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 100804-243447/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 25.5 faiz dərəcəsi ilə 9960 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərədarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qalıq borcunun xx.xx.2022-ci il tarixədək ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 100804-243447/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış ümumi borcu 10730.54 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh «Expressbank ASC-yə olan borcunu qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair xx.xx.2021-ci il tarixli, 100804-243447/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyini təsdiq etmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122.59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9352,39 AZN əsas, 1378.15 AZN faiz borcu olmaqla, cəmi 10730.54 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 122.59 AZN məbləğində vəsaitin tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9352,39 (doqquz min üç yüz əlli iki manat otuz doqquz qəpik) AZN əsas, 1378.15 (min üç yüz yetmiş səkkiz manat on beş qəpik) AZN faiz borcu olmaqla, cəmi 10730.54 (on min yeddi yüz otuz manat əlli dörd qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 122.59 (yüz iyirmi iki manat əlli doqquz qəpik) AZN məbləğində vəsaitin tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar