Məhkəmə qərarları › İş №e-2(005)-2941/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2941/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2941/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə kiçik iddia qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 192 (yüz doxsan iki) manat məbləğində borcun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN xidmət haqqının İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4070 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(007)- 1980/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 3700 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA 1908337saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 64 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 192 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh rəsmi qaydada ünvanı üzrə bildiriş göndərilmişdir. Lakin bildiriş cavabdeh tərəfindən qəbul edilməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 10 iyul 2021-ci il tarixli MAS-4070 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq alan ilkin 3400 manat ödənişdən geriyə qalan məbləğə 48 ay müddətinə illik 23% mükafat hesablanmaqla lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. - 10 iyul 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoldan görünür ki, cavabdeh 32 manat cərimə olunmuşdur. - Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoldan görünür ki, cavabdeh 32 manat cərimə olunmuşdur. - Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı saylı protokoldan görünür ki, cavabdeh 64 manat cərimə olunmuşdur. - Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoldan görünür ki, cavabdeh 32 manat cərimə olunmuşdur. - Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokoldan görünür ki, cavabdeh 32 manat cərimə olunmuşdur. - İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün yaranmış borcunu ödəməyi tələb olunur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nirı MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, «Azərmaş” MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə iddiaçıdan təhvil almışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1980/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021- ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4070 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 3700 manat məbləğində pul vəsaiti və ödənilmiş 57,40 manat dövlət rüsumunun əvəzi "Azərmaş” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Avtomobilin cavabdehdə olduğu müddət ərzində - xx.xx.2021-ci il tarixdən etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə olunan kimi Cavabdeh adına yazılmış xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 64 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 192 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir ki, bu hal, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə (ödəniş qəbzləri və s.) öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırda reqres qaydada ödənilmiş cərimə məbləğlərinin cavabdehdən tələb etməsinin faktiki əsasları mövcud olduğu kimi, qanuni əsası da vardır. Odur ki, hazırda iddia tələbi üzrə 192 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 192 (yüz doxsan iki) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat xidmət haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 192 (yüz doxsan iki) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 (40 qəpik) manat xidmət haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar