Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2967/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) nümayəndəsi K.X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 46.859,36 (qırx altı min səkkiz yüz əlli doqquz, 36) manat -bundan 18.333,78 (on səkkiz min üç yüz otuz üç, 78) manat əsas, 492,15 (iyirmi dörd min dörd yüz doxsan iki, 15) manat faiz borcu, 4.033,43 (dörd min otuz üç, 43) cərimə borcu və 230,58 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dənləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə “X5” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil alınması məqsədi ilə 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 19.178 (on doqquz min bir yüz yetmiş səkkiz) AZN məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqındamüqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********205 saylı xx.xx.2024-cü il tarixli, xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********222 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 46.859,36 (qırx altı min səkkiz yüz əlli doqquz, 36) manat təşkil edir. Bundan 18.333,78 (on səkkiz min üç yüz otuz üç, 78) manat əsas, 24.492,15 (iyirmi dörd min dörd yüz doxsan iki, 15) manat faiz borcu, 4.033,43 (dörd min otuz üç, 43) cərimə borcu təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında verilmiş iddianı əsas borc hissəsində qəbul etdiyini, banka olan borcunu torpağını satdıqdan sonra ödəyə biləcəyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil alınması məqsədi ilə 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 19.178 (on doqquz min bir yüz yetmiş səkkiz) AZN məbləğində kredit verilmişdir. - 12 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 211,38 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. - Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə 1-dən görünür ki, xx.xx.2010-cu il tarixli müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırılmalıdır. Şirkət məlumatlandırıldıqdan sonra 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə bank ödənilməmiş krediti və ona hesablanmış faizləri şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. Bu halda şirkət borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər banka ödənilənə qədər qüvvədədir - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 gecikdirilmiş 42251,52 manat pulu 3 gün ərzində ödəməyəcəyi təqdirdə, kredit müqaviləsinin ləğv olunacağı, əsas və faiz borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunur ki, bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Kredit müqaviləsi üzrə 42251,52 manat gecikmiş borc məbləğinin 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 18,333,78 manat əsas; 24492,15 manat faiz; 4033,43 manat cərimə, cəmi 46859,36 manat məbləğində borcu yaranmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6490 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və 12 yanvar 2011-ci il tarixli, AK-874 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) cəmi 42863,67 manat olmaqla, əsas borc 18333,78 manat, faiz borcu 24529,89 manat faiz borcu, xx.xx.2024-cü il tarixə (rəy verilən tarixə) cəmi 43548,13 manat olmaqla, əsas borc 18,333,78 manat, faiz borcu 25.214,35 manat. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən mənzil alınması məqsədi ilə 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 19.178 (on doqquz min bir yüz yetmiş səkkiz) AZN məbləğində kredit verilmişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin (mənzilin) alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixli zaminlik (birgə fəaliyyət haqqında) müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin borcalan Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilmiş, lakin cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 9/6490 №-li ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tarixinə) - əsas borc üzrə: 18333,78 manat, - faiz borcu üzrə: 24529,89 manat təşkil edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli AK- 874 saylı Kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə "xxxx" ASC-yə münasibətdə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, necə adlanmağından asılı olmayaraq iddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə mahiyyət və məzmun etibarilə zaminlik müqaviləsidir. Belə ki, Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. İş materiallarından aydın olur ki, borcalan Cavabdeh1 kreditor İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq "xxxx" ASC və İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “Şirkət” mənzil almaq istəyən və ya almış alıcını “Bank”a göndərir və “Bank” ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda “Bank” öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Cavabdeh "xxxx" ASC müqavilənin bu bəndinə istinad edərək iddia tələbinə etirazını bildirmiş, Cavabdeh1 kreditin verilməsi barədə Şirkət tərəfindən Banka müraciət olunmadığını, eyni zamanda tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığına görə Cavabdeh1 öhdəliklərinə görə Bank qarşısında məsuliyyət daşımadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, həmin müqaviləsinin 2.12-ci maddəsinə (1-ci cümləsi xx.xx.2015-ci il tarixdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə 1 saylı Əlavəyə əsasən redaksiya olunmuşdur) əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti" məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 (otuz) iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silinməsi barədə tərəflər razılığa gəlmişlər. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Göründüyü kimi, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Sözügedən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə yazılı şəkildə bağlanmışdır və orada (2.12-ci bəndində) zaminin öhdəlikləri qeyd olunmuş, "xxxx" ASC bu müqavilənin müvafiq bəndinə razılığını bildirmiş və bu bənddə nəzərdə tutulmuş öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarından aydın olur ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair Cavabdeh1 xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xəbərdarlıq məktubu "xxxx" ASCə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin zaminə, yəni "xxxx" ASC-yə münasibətdə təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri bu hissədə də təmin edilməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun tutulması hissəsində isə əsas və faiz borcun miqdarını ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğləri cavabdehdən tutulmalıdır. Belə ki, verilmiş ekspert rəylərində əsas borc məbləği iddia tələbində tələb olunan məbləğlə eyni olsa da, faiz borc məbləği iddia tələbində qeyd edilən məbləğdən artıqdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın iddia tələblərini artırmadığını nəzərə alaraq iddia tələbində qeyd edilən əsas və faiz borc məbləğinin cavabdehlərdən tutulmasını qanuni hesab edir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən 18 333,78 manat əsas; 24 492,15 manat faiz; 500 manat cərimə, cəmi 43 325,93 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 230,58 manat məbləğində dövlət rüsumunun 213 manatı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 48 manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən, 2 manatı isə İddiaçı ASCdən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada xx.xx.2011-ci il tarixli AK-874 saylı Kredit müqaviləsinə əsasən 18 333,78 (on səkkiz min üç yüz otuz üç manat yetmiş səkkiz qəpik) manat əsas; 24 492,15 (iyirmi dörd min dörd yüz doxsan iki manat on beş qəpik) manat faiz; 500 (beş yüz) manat cərimə, cəmi 43 325,93 (qırx üç min üç yüz iyirmi beş manat doxsan üç qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 230,58 manat məbləğində dövlət rüsumunun 213 (iyi yüz on üç) manatı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 48 manatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən, 2 manatı isə İddiaçı ASCdən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2967/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2967/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver