Məhkəmə qərarları › İş №e-2(005)-2971/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2971/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2971/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 73.909,96 (yetmiş üç min doqquz yüz doqquz, 96) manat - bundan 33.188,62 (otuz üç min bir yüz səksən səkkiz, 62) manat əsas, 33.419,84 (otuz üç min dörd yüz on doqquz, 84) manat faiz borcu, 7.301,50 (yeddi min üç yüz bir, 50) cərimə borcu və 312 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və "xxxx" ASC-dənləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir; 43.5-ci maddəsinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Həmin Qərarın 16-cı bəndinə görə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmin Qərarın 17-ci bəndinə MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Göründüyü kimi qanunverici tərəflər arasında yaranmış mübahisənin qanuni həlini təmin etmək məqsədi ilə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və növü üzrə hissələrinin meyarını müəyyən etmişdir. Qeyd olunan meyyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. Həmçinin qeyd olunan normaların təhlilindən müəyyən edilir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Hazırki iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün şirkətin inşa etdikləri mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşdür (1.1-ci bənd). Müqaviləyə əsasən, şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır, tam və düzgün olduğu halda alıcı ilə kredit müqaviləsi bağlaya bilər (2.1-ci bənd). Müqaviləyə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda «Bank»ın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini «Şirkət» öz üzərinə götürür. Bu-halda «Şirkət» borcalanın «Bank» qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. «Şirkət»in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər «Bank»a ödənilənə qədər qüvvədədir (2.12-ci bənd). xx.xx.2011-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km-də inşa etdirdiyi 1 saylı binanın 53 blok, 25 saylı 2 otaqdan ibarət mənzili Cavabdeh2 satmağı, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixdə bank və Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km-də inşa etdirdiyi 1 saylı binanın 53 blok, 25 saylı 2 otaqdan ibarət mənzilin alınması üçün 239 ay müddətinə 34741,42 manat kredit verilməsi nəzərdə tutulmuşdur. Hazırda tərəflər arasında sonuncu müqavilə üzrə borcun tutulması ilə bağlı mübahisə vardır. Baxılan iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ilkin olaraq 05 mart 2010-cu il tarixdə bağlanmış birgə fəaliyyət haqqında müqavilə hüquqi şəxs olan hər iki tərəfin qarşılıqlı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bankın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tələbinin əsasında bu iki kommersiya hüququ şəxsinin birgə sahibkarlıq fəaliyyətindən irəli gələn 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə öhdəliklərinin icrası dayanır. Həmin mübahisə həm subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya bazasından edilmiş çıxarışdan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində hüquqi şəxslər kimi qeydiyyata alınmışdırlar. Göründüyü kimi, iş üzrə bir-biri ilə əlaqədar olan və bir icraatda baxılması mümkün olan iki tələbdən biri (Bankın Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə öhdəliyin icrası tələbi) ümumi məhkəməyə, digəri isə (Bankın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliyin icrası tələbi) kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən həmin tələblər üzrə birlikdə verilmiş iddiaya kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri- Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılması üçün ümumi məhkəməyə verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı nömrəli mədaxil qəbzi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi üzrə iddia ərizəsinin verilməsi üçün 312 (üç yüz on iki) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş dövlət rüsumu da ona tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 114, 152, 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz nömrəsi əsasında ödənilmiş 312 (üç yüz on iki) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar