Məhkəmə qərarları › İş №e-2(005)-298/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-298/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-298/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(005)-2996/2021 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan yetkinlik yaşına çatmayan ümumi uşaqları- 25 aprel 2013-cü il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X4 üçün müəyyən edilmiş alimentin məbləğini dəyişdirərək cavabdehdən iki uşağa görə onun aylıq qazancının (başqa gəlirlərlər də nəzərə alınmaqla) üçdə bir hissəsi qədər aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan yetkinlik yaşına çatmayan ümumi uşaqları - 25 aprel 2013-cü il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (hakim Kəmalə Əmirxanova) 02 fevral 2018-ci il tarixli 2(005)-203/2018 saylı qətnamə ilə ilkin iddianı təmin edərək Cavabdeh ilə 05 iyun 2012-ci il tarixdə 1076 nömrəli akt qeydi ilə ilə Bakı Nikah Evində qeydə alınmış nikahın pozulması, uşaqların hər ikisinin də İddiaçı yanında saxlanmaları, xx.xx.2013-cü il təvəllüdlü X1 cavabdehdən alınaraq İddiaçı verilməsi, uşaqların saxlanması üçün cavabdehdən İddiaçı xeyrinə hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmasını, qarşlıqlı iddia ərizəsinin rədd edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim Fuad Babayev) 19 dekabr 2018-ci il tarixli 2(103)-13593/2018 saylı qətnamə ilə rayon məhkəməsinin qətnaməsini ləğv etmiş, iş üzrə yeni qətnamə çıxarmışdır. Həmin qətnamə ilə Cavabdeh ilə 05 iyun 2012-ci il tarixdə 1076 nömrəli akt qeydi ilə ilə Bakı Nikah Evində qeydə alınmış nikahın pozulması, uşaqların hər ikisinin də İddiaçı yanında saxlanmaları, uşaqların saxlanması üçün cavabdehdən İddiaçı xeyrimə hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi (hakim Aytən Novruzova) 14 iyul 2021-ci il tarixli 2(005)-2996/2021 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)-13593/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini dəyişdirərək cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində aliment tutulmasını qət etmişdir. İddiaçıda olan sonuncu məlumata görə cavabdeh Respublika Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “X5” MMC-də hüquqşünas vəzifəsində işləyir. Son vaxtlar ölkədə dövlət qulluqçularının və dövlət müəssisələrində çalışanların maaş və əmək haqlarında əhəmiyyətli artımlar olmuş, əlavələr müəyyən edilmişdir. Hər iki uşağa görə cavabdehdən tutulan alimentin miqdarı onun orta aylıq qazancına münasibətdə azdır. Ona görə də, məhkəmə tərəfindən cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək onun orta aylıq qazancının üçdə biri miqdarında müəyyən edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı ölkə xaricində yaşayır. Uşaqlar iddiaçının valideynlərinin yanında qalır. Uşaqların təlim-tərbiyəsi ilə, onlara qulluqla cavabdehlərin valideynləri məşğul olur. İddiaçı uşaqlara aliment adı ilə aldığı pulu özü üçün xərcləyir. Buna görə də hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(103)-13593/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 05 iyun 2012-ci il tarixdə 1076 nömrəli akt qeydi ilə ilə Bakı Nikah Evində qeydə alınmış nikahın pozulması, 25 aprel 2013-cü il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanmaları, uşaqların saxlanması üçün cavabdehdən İddiaçı xeyrinə hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(005)- 2996/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)-13593/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini dəyişdirərək cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat məbləğində aliment tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş sorğuya cavab məktubundan və “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin sərhədkeçmə məlumatlarından İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası sərhədindən xaricə keçdiyi müəyyən olunur. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən şəxsin gəlir məlumatından müəyyən olunur ki, Cavabdeh “X5” MMC-də “idarə qulluqçusu” təsnifatı üzrə, "xxxx" MMCdə və "xxxx" MMC-də “hüquq məsləhətçisi” vəzifələrində işləyir və aylıq əmək haqqı müvafiq ardıcıllıqla 819 manat, 318 manat və 334 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə cavabdehin iddia ərizəsinə etdiyi etirazlarla baqğlı bunları qeyd edir : Cavabdeh iddiaçının ölkə xaricində yşamasını sübut etmək üçün məhkəmədən sorğu verilməsini xahiş etmiş, verilmiş sorğuya cavab məktubundan iddiaçının xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasını ərazisindən çıxdığı və sorğuya cavab verilən tarixədək geri qayıtmadığı məlum olur. Məhkəmə hesab edir ki, iddiaçının hazırda xarici ölkədə olması cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmasına maneə olan amil kimi qiymətləndirilməməlidir. Belə ki aliment iddiaçının saxlanması üçün deyil, məhz tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün nəzərdə tutulmuşdur. Uşaqların himayəsinə verildiyi valideynin hazırda həmin uşaqların yanında olmaması digər valideynin uşaqlarını saxlamaq borcundan yayınması üçün əsas ola bilməz. Cavabdeh uşaqların saxlanılması üçün ödənilən aliment məbləğinin iddiaçının özü üçün xərclədiyini, həmin alimentin uşaqların saxlanılmasına xərclənmədiyini bildirir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki iş üzrə cavabdeh isə məhkəmə iclas zalında iddiaya etiraz kimi alimentin uşaqların saxlanılmasına xərclənmədiyini bildirsə də bu faktı təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə cavabdehin etirazlarını əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin “X5” MMC-də “idarə qulluqçusu” təsnifatı üzrə, "xxxx" MMC-də və "xxxx" MMC-də “hüquq məsləhətçisi” vəzifələrində işləməsi və müntəzəm aylıq maaş alması sübuta yetirildiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 25 aprel 2013-cü il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 25 aprel 2013-cü il təvəllüdlü X3 və 15 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədə şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar