Məhkəmə qərarları › İş №e-2(005)-2984/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2984/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2984/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan İddiaçı xeyrinə 15640 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 1212,1 (illik 7,75 faizlə) manatdan, iki il üçün 2424,2 manat faiz məbləği, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 144 manat dövlət rüsumu olmaqla, cəmi 18.208 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanan 11 sentyabr 2013-cü il tarixli, 3M-01/325 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 31340 manat kredit vermiş, kreditin qaytarılma müddəti 11 aprel 2014cü il tarixə təyin edilmişdir. Sözügedən kredit müqaviləsi Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmişdir. Cavabdeh borc aldığı pulun bir hissəsini, yəni 15.700 manatını qaytarsa da, qalan 15.640 manatını bu günə kimi qaytarmamışdır. Dəfələrlə ona bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yalan vədlər verməklə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Son dövrlərdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh İddiaçı borclu qaldığı 15.640 manat məbləğində pulu qaytarmaq fikri yoxdur. Ona görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh oğlu iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu arasında Bakı şəhəri 27 saylı notariat kontorunda 11 sentyabr 2013-cü il tarixində 3M-01/325 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən kreditin qaytarılma müddəti 11 aprel 2014-cü il tarixə təyin edilmişdir. Cavabdeh iddianı qəbul etmir, həmçinin iddia müddəti də ötürülmüşdür. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, etiraza əlavə edilmiş “Whatsapp” danışıqlarının surəti ilə təsdiq olunur ki, tərəflər arasında mübahisəli hesab olunan pulun alış-verişi 2014-cü ildə həyata keçirilmişdir. 04 iyul 2020-ci il tarixdə İddiaçı cavabdehə vermiş olduğu pulun davamını istədikdə cavabdeh “nə pul” deyərək cavab vermişdir. Göründüyü kimi, İddiaçı hüquqlarının pozulduğunu həmin tarixdən bilmişdir. Göstərilən tarixdən 3 il keçməmişdən, yəni 25 iyun 2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) iddia müddəti şamil edilmir. Beləliklə o, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair 2(005)-2984/2023 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb edərək bildirmişdir ki, müqavilədə pulun qaytarılma müddəti 2014-cü ilədək müəyyən edilmişdir və borc tamamilə qaytarılmışdır. 9 ildir ki, məhkəməyə müraciət edilməyib. Borcun müəyyən hissəsinin qaytarılması məsələsi iddia müddətinin tətbiq edilməməsi üçün irəli sürülmüşdür. Beləliklə o, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki baxış iclaslarının da iddiaçının ərizəsi əsasında təxirə salındığını, üçüncü baxış iclası olduğunu, qanunvericiliklə işə baxılmasının 3 dəfədən artıq təxirə salınmasına yol verilmədiyini nəzərə alaraq, mülki işə Mülki-Prosessual Məcəllənin 185.4cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2014-cü il tarixinədək 31340 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış qarşılıqlı razılaşma müqaviləsinin surətindən görünür ki, zavodun sahibi zavodda istehsal olunan kərpicdən əldə olunan dəyərin 40%-ni Qurbanov Turala ödəməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2013-cü il tarixində tərəflər borc müqaviləsi bağlamış, müqaviləyə əsasən İddiaçı “borclu” Cavabdeh oğluna 31340 manat məbləğində borc verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu xx.xx.2014-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsinə istinad edərək müqavilə üzrə yaranmış borcun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə cavabdeh tərəf aralarında borc münasibətlərinin yarandığını, pulun verildiyini qəbul etsə də onun tam şəkildə qaytarıldığını bildirmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Borcun ödənildiyini təsdiq edən sübutların təqdim edilməsi borclunun vəzifəsidir. Hazırki işdə isə borcun verildiyini qarşı tərəf qəbul etsə də, onun qaytarıldığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək qeyrimümkündür. Məhkəmə qeyd edir ki, borcun müddəti xx.xx.2014-cü il tarixdə bitdiyinə görə, öhdəliklər üzrə icra müddəti də həmin tarixdə bitmişdir, bununla da 3 illik iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdən başlamış və xx.xx.2017-ci il tarixində bitmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən isə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh borc məbləğindən 15.700 manat pulun qaytarıldığını qeyd etsə də, bunun hansı vaxtda qaytarıldığını bildirməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə müddətin axımının kəsilməsi üçün borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi zəruri şərtdir. Borcun müəyyən hissəsinin ödənilməsi də borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət kimi qəbul edilir. Lakin borcun bir hissəsinin ödənilməsi vaxtının müəyyən edilməsi müddətin kəsilməsi və yenidən başlanması anını təyin etmək və nəticədə iddia müddətinin keçib-keçməməsinə aydınlıq gətirmək üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd edilməlidir ki, iddia müddətinin tətbiqi barədə ərizə vermək cavabdehin iddiaya qarşı müdafiə vasitəsidirsə, həmin müddətin kəsilməsinə yönələn hərəkətlərin edilməsi və müddətin ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı borc məbləğindən 15700 manat pulun ona qaytarılmasını bildirsə də, bu pulun nə vaxt qaytarılmasını göstərməmiş, cavabdeh isə onun tərəfindən, bütün borc məbləğinin tam şəkildə müqavilə müddəti ərzində qaytarıldığını bildirmişdir. Halbuki qeyd edildiyi kimi iddia müddətinin hesablanması üçün həmin müddətin kəsilməsi vaxtının müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. İddiaçının vatsapp yazışmalarına istinad edərək iddia müddətinin axımının 2020-ci ildə kəsilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş yazışmaların kimlər arasında aparıldığını müəyyən etmək mümkün olmadığından onlar mötəbər sübut kimi qəbul edilə bilməz, hətta qəbul edilsə belə həmin yazışmalardan görünür ki, tərəf borcun aqibəti ilə maraqlanmış, qarşı tərəf isə “nə pul” deyə cavab vermişdir. Bu hal isə borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkətlər kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən borcun tutulması və ondan asılı olan digər tələblər əlavə araşdırma aparılmadan təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar