Məhkəmə qərarları › İş №e-2(005)-2992/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2992/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2992/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onu aldadaraq aldığı 400 manat pulun, o cümlədən məhkəmə rüsumu olaraq ödədiyi 30 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə “Vimay” klinikasında işləyən Cavabdeh onu həmin klinikada işə düzəldəcəyi vədi verərək aldatmış, dələduzluq yolu ilə 400 manat pulunu mənimsəmişdir. O, 1 ay həmin klinikada praktikalar keçib az müddət sonra işə düzələcəyinə inandırılmışdır. Bildirilmişdir ki, pul klinikanın rəbhərinə verməlidir, o da borc-xərc edərək pulu tapmışdır. Sonradan aldadıldığını başa düşüb pulu geri tələb etsə də, cavabdeh demişdir ki, “polisə yox, get məhkəməyə müraciət elə”, klinikanın rəhbərinin arxasında durduğunu, heç kimdən qorxmadığını qeyd etmişdir. O, polisə müraciət ünvanlayaraq məsələnin tez həllinə ümid etsə də, 4-cü PŞ-nin baş təhqiqatçısı işi bağlamış, ona məlumat verməmişdir. Binəqədi Rayon Məhkəməsi işi araşdıraraq qanunsuz qərar qəbul edildiyi və qərarın təhqiqat orqanına geri qaytarılmalı olması qənaətinə gəlmişdir. Sonradan 4-cü PŞ-nin baş təhqiqatçısı prokroluğunun göstərişi ilə işə yenidən baxmış, cavabdeh pul aldığını etiraf etmiş, lakin pulun məcburi verildiyini bildirmişdir. Şöbədən bildirilmişdir ki, məbləğ 500 manatdan aşağı olduğu üçün dələduzluq cinayət işi sayıla bilməz, lakin mülki qaydada müraciət etmək mümkündür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclasında bildirmişdir ki, alınmış 400 manat qarşılığında ona nə iş öyrədilmiş, nə də işlə təmin olunmuşdur. O, 3 ay klinikaya getmiş, yalnız əməliyyatlara baxmaqla kifayətlənmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh 400 manat qarşılığında iddiaçını əməliyyatlara daxil etmək öhdəliyini götürmüş və yerinə də, yetirmişdir. İşlə təmin etmək məsələsi tərəflər arasında müzakirə olunmamış, bu gün də heç kim həmin məbləğ qarşısında heç kəsi işə qəbul etmir. Ödənilmiş pul müqabilində iddiaçı təlimlərdə iştirak etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 6(001)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-in 4-cu PŞ-ın baş təhqiqatçısı, polis mayoru X1 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi qərara alınmışdır; Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Bakı şəhəri Binəqədi RPİ-in 4-cu PŞ-ın baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024cü il tarixli Təhqiqat materiallarının rədd edilməsi haqqında qərarına əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış müraciət üzrə cinayət işinin başlanması rədd edilmişdir; İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” platforması üzərindən aparılmış danışıqlardan görünür ki, tərəflər arasında ödənilmiş pulun geri qaytarılması barədə mübahisə mövcuddur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən “Vimay” klinikasında işləyən tibb bacısı - Cavabdeh İddiaçı tibbi təlimlərin keçirilməsi və cərrahi əməliyyatları izləmək imkanının yaradılması qarşılığında 400 manat məbləğində pul almış, proqram yekunlaşdıqdan sonra işlə təmin olunacağı barədə vəd vermişdir. Lakin bir müddət sonra iddiaçı əməliyyatlara buraxılmamış, cavabdehin şübhəli davranışları nəticəsində aldadıldığının fərqinə varmışdır. Hazırda iddiaçı 400 manat məbləğində maddi ziyana düşdüyünə istinad etməklə, həmin pulun cavabdehdən tutularaq ona verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən 400 manat məbləğində pulun iddiaçıdan alınması işin mübahisələndirilməyən halıdır və cavabdehin nümayəndəsi və vəkilinin izahatında, iş materiallarından olan Binəqədi Rayon Məhkəməsinin qərarında da öz əksini tapmaqdadır. Həmin məbləğdə ödənişin təyinatı isə klinikada iddiaçının tibbi bilik və bacarıqlara yiyələnməsi üçün təlim proqramlarının təşkil edilməsi, habelə cərrahi əməliyyatların aparılmasını müşahidə etməkdən ibarət olmuşdur. Cavabdeh işəgötürmə barədə razılığın olmamasını, iddiaçı isə bunun əksini iddia etsə də, işəqəbul səviyyəsinə qədər müvafiq hərəkətlər cavabdeh tərəfindən bunlara səlahiyyəti olmadan həyata keçirilmişdir ki, hər halda nəticə etibarı ilə 400 manat vəsait əsassız şəkildə əldə olunmuşdur. Yəni “Vimay” klinikasında tibb bacısı kimi işləyən cavabdeh heç bir şəxsə bəhsi gedən xidmətləri təklif etmək, işə qəbul barədə vədlər vermək və əvəzində haqq almaq ixtiyarına malik deyildir. Odur ki, cavabdehin bu cür təqsirli hərəkətləri nəticəsində iddiaçı maddi ziyana məruz qalmış və iddiaçı 400 manat vəsaiti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh aldadaraq aldığı 400 manat pul, o cümlədən məhkəmə rüsumu olaraq ödənilmiş 30 manat vəsait tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh aldadaraq aldığı 400 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar