Məhkəmə qərarları › İş №e-2(005)-3000/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3000/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3000/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2096,69 manat əsas borc, 530,75 manat faiz borcu, 2495,89 manat cərimə borcu olmaqla, cəmi 5123,33 manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 2706,07 manat cərimə borcu olmaqla, cəmi 5366,43 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 74 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-23084İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X4 çərçivəsində Cavabdeh arasında 0064077AZN07971 saylı xx.xx.2020-ci il tarixli xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 22.50%, illik cərimə faizi 180% olmaqla, 2,500 manat məbləğində istehlak krediti verilmişdir. Borcalan ərizəni imzalamaqla Bank xidmətlərinin göstərilməsinə dair X2 Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilən xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul edərək, öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını qəbul etmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 750 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X2 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. X3 əsasən Müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbinin dəlillərini, tərəflərin izahatını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0064077AZN07971 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə ərizəyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh 36 ay müddətinə, illik 22,5 % hesablanmaqla 2500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən İddiaçı ASC tərəfindən Cavabdeh bank hesabına 2500 manat pul mədaxil edilmişdir; - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildiriş məktubuna əsasən o, borcunun olması, onun qısa müddətdə ödənilməsi və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarix üçün İddiaçı ASC qarşısında öhdəlikləri xx.xx.2020-ci il tarixli 0064077AZN07971 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 2706,07 manat cərimə borcu olmaqla, cəmi 5336,43 manat təşkil edir; -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2020-ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə ərizəyə əsasən İddiaçı ASC Cavabdeh 2500 manat kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış əsas borca görə 2096,69 manat, faiz borcuna görə 563,67 cərimə borcuna görə 2706,07 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, maliyyələşdirmə üçün ərizənin bağlanması və İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22,5 faiz olmaqla 2500 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş maliyyələşdirmə üçün ərizə, maliyyə arayışı, həmçinin hesabdan çıxarış, eləcə də cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, maliyyələşdirmə üçün ərizə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2760,36 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 74 manat pulun 38 manatı tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2096,69 manat əsas borc, 563,67 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2760,36 (iki min yeddi yüz altmış manat, otuz altı qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 74 manat pulun 38 (otuz səkkiz) manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar