Məhkəmə qərarları › İş №e-2(005)-3007/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3007/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3007/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, onunla iddiaçı arasında istinad olunan icarə müqaviləsi üzrə iddiaçı artıq eyni tələblə 2 dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, bir dəfə iddia tələblərindən Bakı Apellyasiya Məhkəməsində imtina etmiş, ikinci iş üzrə isə məhkəmə çəkişməsi davam edir. Bundan əlavə, tərəflər hər ikisi sahibkarıq və fəaliyyətilə bağlı VÖEN almışdır (bununla bağlı e-taxes-az saytında müvafiq qeydiyyat mövcuddur). Bu mübahisə mülki mübahisə deyil, kommerisya mübahisəsidir ki, bu iddiaya mülki məhkəmə icraaında baxılması mümkün deyil. Kommersiya mübahisəsində isə iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etməsi tələb olunur. Halbuki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiya qaydasında müraciət etməyib. Habelə, bu iş üzrə iddiaçı iddia tələblərindən artıq imtina etmişdir. (Bununla bağlı məhkəmə aktlarını sübut qismində elektorn portala yerləşdirmişdir). Odur ki, cavabdeh göstərilənləri nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)- 3007/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(005)- 3007/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7586/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, hHazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-3007/2022 saylı qərardadı ləğv edilmiş və iş materialları məhkəmə aidiyyatı ilə bağlı məsələyə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçıya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, tərəflərin mübahisə etdiyi hallar və iddia tələbinin əsasları ilə bağlı faktiki hallar işin kommersiya mübahisələrinə aid olduğunu təsdiq edir. Bu səbəbdən iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan borcun icarə müqaviləsi əsasında iddiaçı tərəfindən tələb edilməsi müəyyən edilmişdir. Bundan başqa hazırkı mülki iş üzrə tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olaraq dövlət qeydiyyatından keçdikləri aşkar edilmişdir. İddiaçı vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ********** olaraq (VÖEN: **********, qeydiyyat tarixi xx.xx.2010), Cavabdeh vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ********** (VÖEN: **********, qeydiyyat tarixi xx.xx.2009) olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4- cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157-160, 163, 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə iş baxılması üçün aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar