Məhkəmə qərarları › İş №e-2(005)-3067/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3067/2024

17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3067/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki nəfər uşaqlarının saxlanılması üçün alimentin miqdarının artırılaraq həmin məbləğin cavabdehin əmək haqqına və digər gəlirlərinə yönəldilməsi, uşağın sosial təminatının yaxşılaşdırılması üçün hər ay X6 Azərbaycan Respublikasının 2024-cü il üçün qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X7 adlı iki nəfər uşaqları anadan olmuşdur. Uşaqlar hazırda öz himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. 2016-cı ildə aralarında olan nikah pozulmuş və buna dair müvafiq Şəhadətnamə alınmışdır. Qeyd edir ki, cavabdehlə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki nəfər uşaqlarının saxlanılması üçün ümumilikdə hər ay 215 manat aliment müəyyən edilmişdir. Bu məbləğlə iki məktəbli uşağın saxlanılması çətinliklər yaradır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə dəqiqləşmə ərizəsi təqdim edərək aliment məbləğinin artırılaraq hər uşağa 235 manat olmaqla, iki uşaq üçün ümumilikdə 470 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, özü ziyalı ailəsində böyümüşdür, ali təhsillidir və dövlət işində işləyir. İddiaçının iddia ərizəsində qeyd etdikləri düzgün deyil, hazırda hər uşağa görə ümumilikdə 270-280 manat aliment ödəyir. X11 işləmir. İşlədiyi yer qapalı 4 ədəd kameralı bir yerdir. Polis əməkdaşı olduğu üçün elmi fəaliyyətdən başqa heç bir ödənişli işlə məşğul ola bilməz. Əmək haqqı 657 manat təşkil edir. Atası müharibə veteranıdır, onun pensiyası ilə dolanır. Sonradan ailə qurmuş, lakin məvacibinin az olması səbəbindən həmin nikahı pozulmuşdur. Bu nikahdan övladı yoxdur. Özünün maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir, çünki ailə qurmaq istəyir. Sonuncu dəfə alimentlə bağlı müraciət 2016-cı ildə olub, özü heç bir fəaliyyətlə məşğul ola bilmir. Valideynləri olmasa, dolana bilməz. Uşaqlar üçün aliment cəmi 400 manatadək artırılarsa ödəyə bilər. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - AZ-İİ seriyalı 862299 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 yanvar 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X2r. - AZ-İİİ seriyalı 460815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 fevral 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X2r. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında bağlanılmış Bakı Nikah evində 30 aprel 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 24 yanvar 2012-ci il təvəllüdlü X8 və 14 fevral 2015-ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması, tərəflərin birgə nikahlarından doğulmuş 14 fevral 2015-ci il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh Mah oğlundan X1 xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının nümayəndəsi-vəkili və cavabdehin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin 24 yanvar 2012-ci il təvəllüdlü X8 və 14 fevral 2015-ci il təvəllüdlü X7 adlı iki uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, tərəflərin nikahı pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 iyun 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və 40 (qırx) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların səkkiz yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə uşaqların yaş həddini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşaqların böyüməsi ilə xərclərinin və tələbatlarının artmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, habelə onlarınəvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin dəlilərinə (gəlirinin az olması, ailə həyatı qurmaq istəməs və s.) münasibətdə isə qeyd edir ki, bu hallar cavabdehi əvvəlki nikahdan olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh işləməsəydi belə, bu hal onu uşaqlarını saxlamaq, maddi təminatı ödəmək vəzifəsindən azad edə bilməzdi. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5091/2016 saylı 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X5 və 14 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar