Məhkəmə qərarları › İş №e-2(005)-3076/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3076/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3076/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıASC-yə vurduğu real zərər kimi 1650, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 213,12 manat faizin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,9 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx"ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Birkart kredit kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə Birkart ödəniş kartı təqdim edilmişdir. Cavabdeh qeyd olunan kartdan xx.xx.2020-ci il tarixdə istifadə etməklə Banka məxsus pos-terminal vasitəsilə “Ladin” mebel mağazasından 1650 manat məbləğində ödəniş etməklə mebel almışdır. Qeyd olunan vəsait mebel mağazasının sahibi fərdi sahibkar X1 hesabına mədaxil olunmuş və sonuncu həmin vəsaiti nağdlaşdıraraq istifadə etmişdir. Bundan sonra Bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində bank tərəfindən həmin vəsait Cavabdehin kartına bərpa olunmuşdur. Beləliklə, cavabdeh mağazadan mebeli aldığı halda eyni zamanda vəsait onun kartına bərpa olunduğundan hesab edilir ki, Cavabdeh Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, göstərilənlərə əsasən iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Kredit xətti sifarişinə əsasən, Kapital Bank” ASC ilə Cavabdeh arasında Kredit Kartına dair Müqavilə bağlanaraq xx.xx.2021-ci il tarixinədək 2500 AZN məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus X5 xx.xx.2020-ci il tarixdə Subrano Mebel mağazasının hesabına 1650 manat silinmiş, daha sonra həmin məbləğ hesabına bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 1000 AZN ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Kartı Müqaviləsi üzrə sonuncu X5 xx.xx.2020-ci il tarixdə istifadə etməklə Banka məxsus pos-terminal vasitəsilə mebel mağazasından 1650 manat məbləğində ödəniş etməklə mebel almışdır. Bundan sonra Bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində bank tərəfindən həmin vəsait Cavabdehin kartına bərpa olunmuşdur. Beləliklə Cavabdeh əsassız olaraq varlanmışdır. Bununla yanaşı mülki mübahisənin gedişatında cavabdeh 1000 AZN ödəniş etmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalı, "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2018-cı il tarixli Kredit Kartı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 650 manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi 213,12 manat faiz borcunun tutulması hissəsində də əsaslıdır və təmin olunmaldır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,9 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 650 manat əsasborc, 213,12 manat faiz borcu olmaqla, cəmi 863.12 manat pul vəsaiti və 36,9 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar