Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3092/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim olunan hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən MMC-nin imtinasının qanunsuz hesab edilməsi və karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin, eyni zamanda mənəvi zərərin əvəzi olarqaq 5.500 (beş min beş yüz) manatın və ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə ödənilmiş vəsaitin müqabilində oxşar səbəblərdən mütəmadi olaraq malların verilməməsi halları nəzərə alınaraq, MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179-cu maddəsi), istehlakçıları aldatma (CM-in 200-cü maddəsi), vergiləri ödəməkdən yayınma (CM-in 213-cü maddəsi) və s.) müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, ona “Sabina Perfumery & Cosmetics” dükanlar şəbəkəsinə aid 200 manatlıq, 200S003553 nömrəli hədiyyə kartı bağışlanmışdır. O “Adore Perfumery & Cosmetics” dükanından hədiyyə kartından istifadə etməklə parfum almaq istədi. Lakin, kartı təqdim edərkən kassada onu qəbul etməkdən imtina etdilər və imtinanın əsası olaraq göstərdilər ki, kartın qüvvədə olduğu müddət 31 dekabr 2023-cü il tarixi qeyd edilib və həmin müddətin ötürülməsi kartdan istifadəni mümkünsüz edir. Bundan sonra o həmin kartın müddətinin uzadılması və ya kartda olan pul vəsaitinin geri qaytarılmasını tələb etdi. Lakin kassada bunların heç birinin mümkün olmaması və kartın müddəti bitibsə o kartın heç bir qüvvəsinin olmaması bildirildi. Belə olan halda karta daxil edilmiş 200 manat pul vəsaitinin aqibəti barədə məlumat tələb etdi. Bildirdilər ki, həmin pul vəsaiti hesabda dondurulub. Hesab edir ki, hədiyyə kartının müddətinin ötməsi əsası ilə ödəniş vasitəsi kimi qəbulundan MMC-nin imtinası qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə zidd olmaqla, istehlakçı kimi mənim hüquqlarımı pozur. Belə ki, Kuponun (Hədiyyə kartının) alınması alqı-satqı müqaviləsi şərtlərinə uyğun deyil, çünki qanunvericilik ilə nəzərdə tutulan bəzi təminatlar təmin olunmur. Bu səbəbdən də bu müqavilə Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqaqvilələr siyahısına aiddir. Hesab edir ki, satıcının kupon (hədiyyə kartı) sahibi qarşısında bu kartı ödəniş vasitəsi kimi qəbul etmək öhdəliyi yaranır. Kupon (hədiyyə kartı) üçün ödənilmiş məbləğ xidmət üzrə ödəniş deyil avansdır, belə olan halda avans isə qaytarılmalıdır. Kuponun (hədiyyə kartı) müddətinin bitməsi, kupondan qeyd edilən müddət ərzində istifadə edilməməsi, satıcını onun əvəzində malın təqdim edilməsi öhdəliyindən azad etmir, əks halda bu hal əsassız varlanma halı hesab olunacaqdır. Əgər malların təhvil verilməsi və ya xidmətlərin göstərilməsi halı mövcud deyildirsə, satıcı satış etmədiyi və ya xidmət göstərmədiyi halda satıcının sertifikat üçün ödənilmiş pulu saxlamaq hüququ yoxdur əks halda bu onun əsassız varlanmasını təşkil edir. Həmin hədiyyə kartı “Sabina Perfumery & Cosmetics” dükanlar şəbəkəsinə aid olsa da, qeyd olunan şəbəkə Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərir. “Adore” şirkətinin rəsmi saytında olan məlumatlara əsasən (https://adorebeauty.az/about.html) "xxxx" MMC 1999-cu ildən fəaliyyət göstərən “Adore” şirkətinin 2020-ci ildə Sabina mağazalar şəbəkəsi ilə birləşməsi nəticəsində yaradılmış, 7 “ADORE”, 7 “SABİNA”, 1 “MAC” və 2 “NYX PROFESSİONAL MAKEUP” mağazalarını özündə birləşdirir. Hazırda verilən hədiyyə kartlarının üzərində də hər iki dükanın adı qeyd edilib və həmin kartlar hər iki dükanda keçərlidir. Beləliklə, verilmiş hədiyyə kartına görə "xxxx" MMC-nin məsuliyyət daşıması müəyyən olunur Göründüyü kimi, Cavabdeh MMC sahibkarlıq fəaliyyəti həyata keçirərək, satıcı kimi onun dükanlar şəbəkəsində yerləşən şəxsi istifadə üçün nəzərdə tutulmuş malları alıcı olaraq mənə verməyi öhdəsinə götürmüş, aramızda bağlanan şifahi pərakəndə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən malların dəyəri tam ödənilmiş (mənim adımdan mənə kartı hədiyyə edən şəxs tərəfindən), lakin satıcı hazırda malları verməkdən imtina edir. Belə olan halda, Mülki Məcəllənin 599.3-cü maddəsinin tələblərinə əsasən ödənilmiş əşyalar və ya hədiyyə kartı ilə ödənilməsi təsdiq olunan 200 manat məbləği ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, kartı ödəniş kimi qəbul etməkdən imtina edən dükan əməkdaşları, onun yuxarıda qeyd olunan dəlillərinə cavab olaraq, hədiyyə kartının ödənişi təsdiq edən sənəd deyil, malın özü olmasını bildirməklə, ondan istifadə müddətinin keçməsini demişlər. MMC-nin bu dəlilləri qanunsuz və absurddur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində istehlakçı anlayışına açıqlama verilərkən göstərilmişdir ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunun mənasına görə mal şəxsi tələbatı ödəməyə xidmət edən əşyadır. Hədiyyə kartı isə özü özlüyündə istehlakçı olaraq hər hansı şəxsin, o cümlədən mənim tələbatlarını ödəmir və ödəyə bilməz. Həmin kartı MMC-nin satdığı malların dəyərinin ödənilməsini təsdiq etməklə, istehlakçıya qeyd olunan malların verilməsini satıcıdan tələb etmək hüququnu müəyyən edir. Belə olan halda, həmin kartın hər hansı müddətlə məhdudlaşdırılması əsassızdır. Əks halda, MMC ödənişi qəbul edib, malı verməkdən imtina etməklə istehlakçının hesabına əsassız varlanmış olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Kartın arxasında tarixi və şərtləri qeyd olunub. Kartı əvəz etmək mümkün olmur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; “Sabina Perfumery & Cosmetics” –in 200 manat dəyərində olan hədiyyə kartından görünür ki, hədiyyə kartı, üzərindəki nominala uyğun olaraq “Sabina parfum və kosmetika” mağazalar şəbəkəsində alış-veriş imkan verir. Hədiyyə kartı həmçinin endirim və aksiyalar zamanı istifadə oluna bilər.Hədiyyə kartı pulla dəyişdirilə və əvəzlənə bilməz, yalnız alış-veriş üçün keçərlidir. Hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar. Hədiyyə kartından istifadə qaydalarına dəyişiklik etmək hüququnu Cavabdeh MMC öz üzərinə saxlayır. Hədiyyə kartının itirilməsi, oğurlanması və ya digər şəkildə qanunsuz ələ keçirilməsi nəticəsində üçüncü şəxslər tərəfindən istifadə olunmasına, həmçinin yararsız hala salınmasına görə Cavabdeh MMC məsuliyyət daşımır. Etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir. Kart xx.xx.2023-cü il tarixədək etibarlıdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin 15 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən hüquqi şəxslər həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya mənfəət vergidi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Belə ki, mənfəət vergisinin ödəyicisi olan hüquqi şəxs tərəfindən əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalı, hesabat ilindən sonrakı ilin mart ayının 31dən gec olmayaraq “Mənfəət vergisi bəyənnaməsi” vergi orqanına təqdim edilməli, hesabat ili ərzində ödənilməli olan vergilər hər rüb bitdikdən sonra 15 gündən gec olmayaraq “Cari vergilərin hesablanması haqqında Arayış” təqdim edilməklə hesablanmalı və həmin müddətlərdə də vergini ödəmək öhdəliyi cari vergi ödəmələri şəklində həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçıya "Sabina parfümeriya və kosmetika" şirkətindən 200 manat məbləğində xx.xx.2023-dək etibarlı olan hədiyyə kartı hədiyyə edilmiş, o "X3" mağazasından seçdiyi məhsulların dəyərini hədiyyə kartı ilə ödəmək istəyərkən ona hədiyyə kartının etibarlılıq müddətinin bitdiyi bildirilmişdir. Göründüyü kimi hədiyyə kartının üzərində yararlılıq müddəti qeyd edilmişdir və bu kartın həmin dövr ərzində istifadə edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, tərəflərin arasında alqı-satqı müqaviləsindən irəli fələn münasibətlər yaranmışdır; hədiyyə kartının üzərində göstərilmiş tarix isə müqavilənin eibarlılıq müddətidir. Hədiyyə kartının üzərində istifadə müddətinin göstərilməsi, hədiyyə kartının məhdud müddətli olduğunu göstərir. Yəni ondan yalnız müəyyən bir vaxt ərzində istifadə edilməsi mümkündür. Bu mağazanın təklif etdiyi müqavilənin şərti olub, istehlakçı da bu şərti qəbul edərək kartı alıb. Məhkəmə hesab edir ki, bu əsasla, cavabdeh iddiaçının tələblərini təmin etməməkdə haqlı olmuşdur. AR Mülki Məcəllənin: 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. İddiaçının əsas tələbi təmin edilmədiyindən mənəvi zərərin tutulması barədə tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3092/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3092/2024
23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver