Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3095/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mərhum anası X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 92a, mənzil 442 saylı evin 03 iyul 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satışından götürdüyü 100 000 manat pulun və ödənilmiş 420 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 iddiaçının mərhum anasıdır. X9 onu övladlığa götürmüşdür. Belə ki, X9 iddiaçının əsl anası X10 bacısı qızıdır və o, bir yaşında olanda X9 onu övladlığa götürmüşdür. İddiaçı mərhum anasının yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Nəsirov küçəsi, ev 1, mənzil 24-də yaşamışdır. X4 övladları olmamış və ərindən də övladı olmadığına görə boşanmışdır. İddiaçı mərhum anasının evində böyümüş, məktəbə getmiş, ali məktəbə daxil olub ailə qurmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsində ana qrafasında X9 qeyd edilmiş, bununla bağlı vərəsəlik işi açılmışdır. 2018-ci ilə qədər anası ilə mütəmadi əlaqə saxlamışdır. Onun Prezidentə müraciəti ilə əlaqədar 2015-ci ilin mayın 9-da Prezidentin Sərəncamına əsasən anasına, yəni X6 Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli qərarı ilə Yasamal rayonu, H.B.ünvan 2, 5-ci giriş, 3-cü mərtəbədə sahəsi 64,8 kv.m olan 2 otaqlı 442-ci mənzil verilmişdir. Həmin mənzil təmirsiz olduğuna görə nə iddiaçı, nə də mərhum anası həmin mənzildə yaşamamışlar. 2019-cu ildə iddiaçı Ukrayna Respublikasında olmuş, sonra isə pandemiya ilə əlaqədar Bakıya qayıda bilməmişdir. 2021-ci ilin may ayında iddiaçı Bakıya qayıtdıqdan sonra öyrənmişdir ki, X20 adlı qadın Binəqədi rayonunda fəaliyyət göstərən X22 adlı vəkilin köməkliyi ilə anasını qeydiyyatda olduğu evdən götürərək Balaxanı qəsəbəsi, Sabir küçəsi ev 61 ünvanına anası – X11 məxsus evə gətirmiş, həmin Vəfa anasına patronaj təyin edilmişdir. Vəfa adlı şəxs sosial şəbəkələrdə anasının şəklini paylaşaraq kimsəsiz, xəstə olduğunu qeyd etmiş və mədəni şəkildə dilənçilik etmişdir. Halbuki, dövlət tərəfindən ona İİ Dünya müharibəsi iştirakçısı olduğu, veteran olduğu üçün yüksək məbləğdə hər ay müavinət ayrılırdı. İddiaçının anası ilə əlaqə yaradılmasına hər bir vasitəsi ilə mane olmağa çalışırdılar. Anasından telefonu və eşitmə aparatı əlindən alınmışdır. xx.xx.2020-ci ildə iddiaçının mərhum anasına verilən evə dair çıxarış almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının anası ona baxan Vəfa adlı qadının qızı Cavabdeh 5 il müddətinə bütün əmlakına dair səlahiyyət verilməsi, hüquqlarından istifadə edilməsi barədə etibarnamə vermişdir. Etibarnamənin verilməsindən 4 gün sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh 11 saylı notariat ofisində iddiaçının anasının mənzilini ona verilən etibarnamə əsasında nənəsi X14 100 000 manata satmışdır. Mənzilin yeni sahibi X16 54 gün sonra həmin mənzili yenidən 14 saylı notariat ofisində X15 eyni qiymətə satmışdır. İddiaçının mərhum anası bir neçə ay sonra dünyasını dəyişmişdir. Anasının ölməsi barədə iddiaçıya məlumat verməmişdilər. Yalnız mərhum anasını tez-tələsik dəfn etdikdən sonra iddiaçıya anasının ölməsi barədə məlumat verdilər. Bununla bağlı iddiaçı anasının öldürülməsi şübhəsi ilə polisə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunmuşdur. İstintaq zamanı cavabdeh Həsənzadə (Əsədova) Fəridə Zaur qızı şöbəyə dəvət edilərək bildirmişdir ki, ailə qurana kimi anası, qardaşı, nənəsi Nailə ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 69 –da yaşamışdır. X8 uzun illərdir ki, xəstə baxıcısı kimi işləyir, 2017-ci ildə anası növbəti xəstə X6 baxmağa başlasa da, sonradan onun mənzilində şəraitsizlik səbəbindən Səbail rayon İcra Hakimiyyətinə bu barədə məlumat vermiş, 2017-ci ilin oktyabr ayından da X4 özünün və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin razılıqları ilə baxıb qulluq etməyi məqsədi ilə onu yaşadıqları evə gətirmişdir. X9 rəhmətə gedənə kimi onun heç bir ailə üzvü onunla maraqlanmamış, yalnız ara-sıra Naxçıvanda yaşayan Hikmət adlı bacısının oğlu maraqlanmışdır. X9 rəhmətə getməmişdən əvvəl dövlət tərəfindən ona verilmiş “Melissa park” yaşayış kompleksində olan mənzilini anasına bağışlayacağını demiş və özü könüllü olaraq xx.xx.2020-ci ildə bütün əmlakına dair onun adına etibarnamə vermişdir. xx.xx.2020-ci ildə artıq X4 adından Həsənzadə (Əsədova) Fəridə Zaur qızı çıxış edərək nənəsi Nailə ilə aralarında həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bildiyinə görə nənəsi dayısı Sənanın özünə ev alması üçün yığdığı 100 000 manat pulu olmuşdur ki, nənəsi də həmin pulu notariusun depozit hesabına qoymuş, alqı-satqıdan sonra da, o həmin pulu “Muğan” bankın xatırlamadığı filialından götürüb yenidən nənəsi Nailəyə vermişdir. Sonra həmin mənzil yenidən satışa qoyulmuş və X15 xx.xx.2020-ci il tarixdə satılmışdır. Mənzil 100 000 manata həmin adama satılmış və həmin pulun konkret olaraq hara sərf edildiyini də o, bilməmişdir. Eyni məzmunlu izahatı Məmmədova Nailə və Həsənova Vəfa vermişlər. Cavabdehin etirafedici izahatından göründüyü kimi iddiaçının mərhum anasına məxsus etibarnamə əsasında satmış, pulu depozitdən çıxarmış lakin mərhuma deyil məhz yenidən alıcıya yəni, nənəsi Məmmədova Nailəyə vermişdir. Halbuki, həmin pulu o etibar edənə verməli idi. Çünki etibarnamədə əmlakın satışından əldə edilmiş pul barədə hər hansı bir səlahiyyət verilməmişdir. Digər tərəfdən müəmmalı odur ki, cavabdeh özü etiraf edir ki, evi X1 anası Hasənova Vəfaya bağışlamaq istəyirdi. Əgər həqiqətən belə idisə, bəs niyə etibarnaməni anasına deyil, cavabdehə vermişdir?! Çünki digər çirkin əməllərini pərdələmək istəyirdilər. Həmçinin, cavabdeh izahatında qeyd edir ki, guya nənəsində dayısına ev almaq üçün 100 000 manat məbləğində pul var idi. Bəs nəyə görə məhz X1nın evini almaq istədi, məgər başqa evlər yox idi ki?! Cavabdeh izahatında bildirir ki, mənzil ikinci dəfə satıldıqdan sonra pulun hara və necə xərclənməsi barədə məlumatı yoxdur, halbuki, etibar edilən şəxs kimi o pula görə məsuliyyət daşıyır və pulu götürdükdən sonra X1na verməli idi. Cavabdeh X6 pulun verilməsi barədə heç bir sübut, dəlil təqdim etməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişlər. Cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızı məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən tərtib edilmiş və məhkəməyə verilmiş iddia ərizəsi əsassız və peşəkarlıqdan uzaqdır və vəkil xanım bundan öncə olan məhkəmə mübahisələrinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrini və qərarını gizlətmişdir. Belə ki, Vəkil tərtibatı və iştirakı ilə İddiaçı cavabdehlər X14, X15, Bakı şəhər 11 saylı və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və mənzilə dair anasının adından etibarnamə üzrə nümayəndə Cavabdeh və X16 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanan 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və X16 ilə X21 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanan, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-4391/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11178/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2( 102)-2417/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1 1178/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları ilə və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, X9 xx.xx.2020-ci il tarixdə X12 5 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən mənzil məhz həmin etibarnamə əsasında Ədilə Ağakişiyevanın adından çıxış edən Cavabdeh tərəfindən Nailə Məmmədovaya satılmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Ədilə Ağakişiyeva müvafiq etibarnamə ilə Cavabdeh mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətsiz olduğu isə sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə nəzərə çatdırıb ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətli olduğu müəyyən edilmiş, həmin işə baxılarkən keçirilən ambulator psixiatrik ekspertiza tədqiqatı zamanı o, övladlığa götürdüyü qızının ona biganə münasibət göstərməsindən gileylənməklə ona başqalarının qulluq etdiyini demiş, bu tarixdən daha əvvəl (yəni fəaliyyət qabiliyyətli olması ilə bağlı ekspert rəyi verilməsindən əvvəl) isə İddiaçı ləyaqətsiz vərəsə sayılmalı olması barədə iddia qaldırmışdır. İşin bu halları belə qənaətə gəlməyə əsas verir ki, Ədilə Ağakişiyevanın iddiaçı ilə münasibəti normal olmamış və o, özünün sərbəst iradəsi ilə əmlakı üzərində sərəncam verməyi məhz ona qulluq göstərən şəxsə həvalə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, mənzilin Cavabdeh tərəfindən öz nənəsi Nailə Məmmədovaya satılmış olması da müvafiq müqavilənin etibarsızlığına əsas verən hal kimi, xüsusilə Mülki Məcəllənin 359.3-cü maddəsinin pozuntusu olaraq qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin həmin normasına əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; Cavabdeh isə mənzilə dair özü ilə əqd bağlamamış, mənzilin alqı-satqısı müqaviləsi üzrə alıcının ödədiyi vəsait notariusun bank hesabına, oradan isə Ədilə Ağakişiyevanın nümayəndəsi olaraq Cavabdeh depozit hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, təmsil edənin bağladığı əqd üzrə əldə etdiyini təmsil edilənə verməməsi həmin əqdin etibarsızlığı üçün deyil, təmsil edilənin əldə olunmuşların qaytarılması barədə iddia irəli sürməsi üçün əsas yarada bilər; həmçinin nəzərə alınmalıdır ki, X13 Həsənzadəyə verdiyi etibarnamədə “...əqdlər bağlamaq, ...bu əqdlər üzrə haqq-hesab aparmaq, ...əmlakı, pulu...almaq, bank hesabları üzərində sərəncam vernək " səlahiyyətləri nəzərdə tutulmuşdur. X1 Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən Səbail rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış “Kimsəsizlər qəbiristanlığında” dəfn olunmuşdur. Onun bütün dəfn xərcləri və baş daşı xərci anası tərəfindən qarşılanmışdır. İddiaçı yaxşı övlad rolunu oynasaydı və analığına baxsaydı X18 “Kimsəsizlər qəbiristanlığında” dəfn olunmazdı. İddianın hüquqi əsasına gəldikdə isə iddiaçının vəkili iddianı tərtib edərkən iddianın hüquqi əsasını göstərməmişdir. Beləliklə etirazının qəbul edilməsi və ondan 100 000 manat pulun və ödənilmiş 420 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən göndərilmiş xx.xx.2014cü il tarixli arxiv arayışının surətindən görünür ki, Səbail RİH-ti Başçısının xx.xx.1995-ci il tarixli, 1514 saylı sərəncamı ilə X7 müvəqqəti yaşayış sahəsinin verilməsi qərara alınmışdır; - Bakı Şəhər Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 171 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X23 veteranı, müharibə əlili X5 mənzil növbəliliyi bərpa edilmiş və o, 4 nəfər ailə tərkibində 1991-ci ildən mənzil növbəsində hesab edilmişdir; - Azərbaycan Respublikası Səbail Rayon Məhkəməsinin 2(009)-1670/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə və vərəsəlik hüququndan məhrum edilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki, İddiaçı cavabdehlər X14, X15, Bakı şəhər 11 saylı və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı “mənzilə dair anasının adından etibarnamə üzrə nümayəndə Cavabdeh və X16 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanan 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və X16 ilə X21 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir; - Həmin qərardan həmçinin aydın olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11178/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti versə də, onun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyasının sözügedən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Həmin qərar ilə müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 190 saylı sərəncamı ilə X1na verilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanındakı 442 saylı mənzil xx.xx.2020-ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş, Cavabdeh mərhumun onun adına 5 il müddətinə verdiyi və bütün əmlakına dair bütün səlahiyyətləri özündə əks etdirən xx.xx.2020-ci il tarixli, 879535 saylı etibarnamə əsasında sözügedən mənzili 11 saylı notariat ofisində bağlamış 4Ə/219 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2, sonuncu isə xx.xx.2020ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında mənzili X3 və mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; - 4Ə/219 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin mənzil 100000 manata satılmışdır; - Sabunçu RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı anası Ədilə Ağakişiyevaya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 92-də yerləşən 442 saylı mənzilin X20 tərəfindən qanunsuz satılaraq pulunun ələ keçirilməsi barədə şikayəti həmin idarədə araşdırılmış, bununla belə mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinərək HK- 1/5569 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş və anası Ədilə Ağakişiyevaya məxsus Bakı şəhəri, Yasamal rayonu. H.B.Zərdabi prospekti, ev 92-də yerləşən 442 saylı mənzilin satılaraq pulunun sərf edilməsi ilə bağlı olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir; - Həmin araşdırma zamanı izahatı alınan Əsədova (Həsənzadə) Fəridə Zaur qızı (hazırkı iş üzrə cavabdeh) bildirmişdir ki, ailəsilə birlikdə yaşayır. 2020-ci ilin avqust ayında ailə qurana kimi isə anası, qardaşı və nənəsi Nailə ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 69-da yaşamışdır. X8 uzun illərdir ki, xəstə baxıcısı kimi işləyir. 2017-ci il səhv etmirsə avqust ayının sonlarından da anası növbəti xəstə X4 baxıcısı kimi işə başlamışdır. Həmin vaxt anası “Bayraq meydanı” ilə üzbəüz olan yaşayış binalarından birində olan mənzildə yataq xəstəsi olan X6 baxmağa başlasa da, sonradan Ədilə Ağakişiyevanın mənzilində şəraitsizlik səbəbindən Səbail Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilmişdir. Odur ki, 2017-cı il təxminən oktyabr ayından Ədilə Ağakişiyevanın özünün və Səbail Rayon icra Hakimiyyətinin nümayəndələrinin razılıqları ilə baxıb qulluq etməyi məqsədilə anası Ədilə Ağakişiyevanı yaşadıqları Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində 69 saylı evə gətirmişdir. Ədilə Ağakişiyeva rəhmətə gedənə kimi onunla heç bir ailə üzvü və ya qohumu maraqlanmamış, yalnız arasıra onun Naxçıvan MR-da yaşayan Hikmət adlı bacısının oğlu maraqlanmışdır. Ədilə Ağakişiyeva rəhmətə gedən günə kimi onların evində yaşamış, dəfələrlə Səbail Rayon icra Hakmiyyətinin nümayəndələri gəlib profilaktik yoxlamalar aparmış və heç vaxt narazıçılıq olmamışdır. Bundan başqa dəfələrlə müxtəlif televiziya kanalları gəlib 2-ci Dünya Müharibəsi veteranı olan Ədilə Ağakişiyeva bağlı reportajlar da hazırlamışlar. 2019-cu ildə Səbail rayon icra Hakimiyyəti tərəfindən Ədilə Ağakişiyevanın üzərində anasının köməkçi təyin edilməsi barədə müvafiq sərəncam olmuşdur. Ədilə Ağakişiyeva 07 yanvar 2021-ci il tarixdə onların evində rəhmətə getmiş, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və onların ailə üzvlərinin iştirakı ilə onu dəfn etmişlər. Ədilə Ağakişiyeva rəhmətə getməmişdən əvvəl dövlət tərəfindən ona verilmiş “Melissa park” yaşayış kompleksində olan mənzilini anasına bağışlayacağını demiş və özü könüllü olaraq 29 iyun 2020-ci ildə bütün əmlakına dair onun adına etibarnamə vermişdir. 03 iyul 2020-ci ildə Ədilə Ağakişiyevanın adından çıxış edərək nənəsi Nailə ilə aralarında həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bildiyinə görə nənəsi Nailədə dayısı Sənanın özünə ev alması üçün yığdığı 100000 manat pulu olmuşdur ki, nənəsi də həmin pulu notariusun depozit hesabına qoymuş, alqı-satqıdan sonra da həmin pulu “Muğan” bankın hazırda xatırlamadığı filialından götürüb yenidən nənəsi Nailəyə vermişdir. Sonra həmin mənzil yenidən satışa qoyulmuş və X21 müştəri çıxdığından 09 sentyabr 2020-ci il tarixdə 14 saylı Notariat ofisində nənəsi ilə Qalib arasında həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil 100000 manata həmin adama satılmış və həmin pulun konkret olaraq hara sərf edildiyini də bilməmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, notariat ofisində vərəsəlik işinin həlli ilə əlaqədar olaraq, ünvan 3 ünvanda yaşamış, xx.xx.1926-cı il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1nın vərəsəlik işi ilə əlaqədar qızı – İddiaçı müraciət etmiş, xx.xx.2021-ci il tarixli, V-54 reyestr nömrəli vərəsəlik işi açılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddiasına görə, yeganə vərəsəsi olduğu mərhum anasına məxsus mənzil onun nümayəndəsi qismində çıxış edən cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızı tərəfindən 100 000 manata satılsa da, cavabdeh həmin pulu anasına verməmiş, o cümlədən pulun hara sərf edildiyini izah etməmişdir və buna görə də həmin pul vəsaiti mərhumun yeganə vərəsəsi kimi onun xeyrinə tutulmalıdır. Cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızının iddiaya etirazının dəlillərinə görə isə, həmin pul vəsaiti onun anası Vəfa Həsənova tərəfindən mərhumun baxımına, dəfninə və baş daşı kimi xərclərinə sərf edilmişdir. Mülki Məcəllənin qanun üzrə vərəsələrin dairəsini müəyyən edən 1159.1.1 və 1159.1.2-ci maddələrinə görə, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə uyğun olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hazırki iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 782.1-ci maddəsinə görə isə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu səbəblə də iddiaçının anasına məxsus olmuş mənzilin onun adından çıxış edən cavabdeh tərəfindən 100 000 manata satılaraq pulun məhz onun tərəfindən notariusun depozit hesabından götürülməsi işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İşin qeyd edilən halları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapır. Bu o deməkdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı həmin faktiki hallar üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun qeyd olunan vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdehin yuxarıda göstərilən mövqeyinə görə, həmin pul vəsaiti onun anası Vəfa Həsənova tərəfindən mərhum Ədilə Ağakişiyevanın baxımına, dəfninə və baş daşı kimi xərclərinə sərf edilmişdir. Belə olan halda qeyd edilən xüsusatları – 100000 manat məbləğində pulun mərhum Ədilə Ağakişiyevanın baxımına, dəfninə və baş daşı kimi xərclərinə sərf edilməsini sübut etmək yükü cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızının üzərinə düşür. İş materiallarından aydın olur ki, cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızı bu halları təsdiq edən hər hansı mötəbər sübutu – yəni, pulun mərhum Ədilə Ağakişiyevanın özünə sərf edilməsinə dair sübutları təqdim etməmiş, arqumentlərini inandırıcı dəlillərlə sübuta yetirməmişdir. Əksinə cavabdehin istər hazırkı işdəki, istərsə də Sabunçu RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının aid olduğu işin araşdırması zamanı verdiyi izahatlarından onun 4Ə/219 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə olunan pulu yenidən nənəsi Nailə Məmmədovaya verdiyini, xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən əldə olunan eyni məbləğdə pulun isə konkret olaraq hara sərf edildiyini bilmədiyini qeyd etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh vəkalət alan kimi tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borclu olduğu halda bunu etməmiş, həmin vəsaitin miras qoyana xərcləndiyini isə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə vəsaitin məbləğini, alğı-satqı müqaviləsinin bağlanması ilə miras qoyanın ölümü arasında keçən müddəti (5-6 ay), miras qoyanın yaşını, elə böyük məbləğin sərf ediləcəyi bir mənbənin olmadığını nəzərə alaraq, cavabdehin dəlillərini əsassız hesab edir. Eyni zamanda mübahisələndirilən əmlakın 100000 manata cavabdehin nənəsinə, daha sonra isə eyni qiymətə üçüncü şəxsə satılması da diqqətçəkən məqamdır. Hər hansı bir vəsiyyətnamənin olmadığı nəzərə alınarsa, cavabdehin miras kütləsinə daxil edilməli olan pul məbləğini mənimsəmək, götürmək, başqasına vermək kimi bir hüququ olmamışdır. Cavabdeh həmin pul vəsatini miras qoyana qaytarmaq öhdəliyi daşıdığından və bu öhdəlik davam etdiyindən, miras qoyanın isə o pulu tələb etmək hüququ olduğundan, hazırda miras qoyanın birinci növbə vərəsəsinin də həmin pulu tələb etmək haqqı vardır. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində vərəsə olan iddiaçının hüquqları pozulmuş, nəticə etibarı ilə miras əmlakdan mərhum olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, miras qoyanın iddiaçının ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı iddiası, əsassız olduğundan təmin edilməmişdir. Göründüyü kimi, iddia tələbi onun qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və bu iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə haqlı olduğunu göstərir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızından 100000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 420 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızından 100000 (bir yüz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 420 (dörd yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3095/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3095/2023
11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver