Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3101/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması; girov-saxlanc) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl-zinət əşyalarının qaytarılması, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh ASC-yə qarşı “qızıl zinət əşyalarının qaytarılması, pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.20 qram “A” kateqoriya 750 əyarlı sep+klon, 11.20 qram “A” kateqoriyalı, 750 əyarlı qolbaq+üzük, 3.10 qram “A” kateqoriya, 580 əyarlı sırqa+üzük, ümumilikdə 19.50 qram qızıl-zinyət əşyalarının Cavabdeh MMC-dən alınaraq geri qaytarılmasını, naturada qaytarılması mümkün olmadığı təqdirdə isə qızıllarının dəyəri ilə kredit borcu arasında qiymət fərqi olan-1424 AZN (min dörd yüz iyirmi dörd manat) 60 (altmış) qəpik pulun, dövlət rüsumunun əvəzi olaraq ödədiyi 35 AZN (otuz beş manat), Bakı şəhəri, 20 saylı vəkil bürosuna hüquqi yardıma görə ödədiyi 300 AZN (üç yüz manat) pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh MMC ilə aramda xx.xx.2018-ci il, xx.xx.2028-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və 2023-cü il tarixlərdə kredit müqavilələri və saxlanc girov müqavilələri bağlanılmışdır. 2018-ci ildən bu yana vaxtı-vaxtında kiçik gecikmələrlə hər zaman borcumu ödəmişəm. Lakin bütün bunlara baxmayaraq sonuncu dəfə 2023-cü ilin aprel-may aylarında 5.20 qram “A” kateqoriya 750 əyarlı sep+klon, 11.20 qram “A” kateqoriyalı, 750 əyarlı qolbaq+üzük, 3.10 qram “A” kateqoriya, 580 əyarlı sırqa+üzük, ümumilikdə 19.50 qram qızıl-zinyət əşyalarımı borcumu tam ödəməyimə baxmayaraq cavabdeh qanunsuz şəkildə satışa çıxararaq satmışdır. Üstəlik cavabdehə verdiyim qızılın ümumi bazar dəyəri 2594 AZN 60 qəpik olsa da cavabdeh mənə qızılımı qanunsuz satmağınıza baxmayaraq qiymət fərqini ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyimiz qram qızılın qiymət kalkulyatorundan görünür ki, 5.20 qram, 750 əyar qızıl 717 AZN 52 qəpik, 11.20 qram 750 əyar qızıl 1545 AZN 43 qəpik, 3.10 qram 585 əyar qızıl isə 333 AZN 65 qəpik təşkil edir. İddia ərizəsinə əlavə etdiyimiz ********** saylı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin tarixdə 1347 AZN 70 qəpik pul ödəyərək əvvəlki illərdəki kimi borcumu tam bağlamışam. Lakin buna baxmayaraq Cavabdeh MMC mənə bildirmişdir ki, qızılları satışa çıxarıb satmışıq. Axı 2018-ci ildən bəri mən cavadbehin daimi müştərisi idim, nə zaman deyiblərsə o vaxt da bütün ödənişləri etmişəm. Bu günədək götürdüyüm kredit üzrə bütün borc ödənişlərini bağlamışam. Hətta ödədiyim 1347 AZN 70 qəpik puldan 175 AZN 70 qəpik pul çıxaraq qızılları qanunsuz olaraq satdıqları üçün mənə 1172 AZN pul qaytarmışlar.“İtində ipində getməməsi” üçün məcburiyyət qarşısında qalaraq ərizə yazıb qalıq pulu götürmüşəm. Lakin mən bu ədalətsizlik və mülkiyyətə qəsd edən bu hərəkətlə qətiyyən razılaşa bilmərəm. Bu hüquqdan sui-istifadədir. Cavabdeh təşkilat borcumdan daha dəyərli olan qızıl-zinyət əşyalarımı borcumu ödəməyimə baxmayaraq qanunsuz və əsassız olaraq ələ keçirmişdir.” II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim edilmiş xəbərdarlıqda konkret olaraq göstərilib ki, borc ödənilmədikdə əmlaka tutulma yönəldiləcək. Qızıllın satışı xx.xx.2023-cü ildə şirkət tərəfindən qanunamüvafiq qaydada həyata keçirilib. Daşınar əmlakın yüklülüyü haqqında qanuna uyğun olaraq iki qaydada keçirilə bilər: şirkətin özü və ya məhkəmə tərəfindən. xx.xx.2022-ci ildə iddiaçı ilə 1097 manat həcmində distant müqavilə bağlanılır və hər ay 117 manat ödəməyə öz öhdəliyinə götürür. xx.xx.2023-cü ildə 70 manat, xx.xx.2023-cü ildə 30 manat və xx.xx.2023-cü ildə isə 50 manat, ümumilikdə 150 manat məbləğlərində ödəniş olunub. xx.xx.2023-cü ildə ödənişdən sonra müştərinin borcu 1347.70 manat təşkil edir. xx.xx.2023-cü ildə əmlak satışa çıxarılır. 1347 manat məbləğini satışdan sonra ödəmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor kreditalana 48 % olmaqla 3 ay müddətinə 855 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli saxlanc girov müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə dəyəri 838,71 manat olan girov predmeti girov saxlayanın xeyrinə girova qoyulmuşdur. -xx.xx.2018-ci il tarixli saxlanc girovun qiymətləndirilməsinə dair aktdan görünür ki, 1 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd sep, üzük+klon+qolbaq cəmi 838,71 manat qiymətləndirilmişdir. -xx.xx.2018-ci il tarixli GJN № 273625 saylı girov biletindən görünür ki, 1 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd sep, üzük+klon+qolbaq saxlanca verilmişdir. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor kreditalana 48 % olmaqla 8 ay müddətinə 930 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli saxlanc girov müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə dəyəri 849 manat olan girov predmeti girov saxlayanın xeyrinə girova qoyulmuşdur. -xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd sırğa, 1 ədəd üzük, 1 ədəd sep, 1 ədəd üzük+klon+qolbaq girovqoyana təhvil verilmişdir. -xx.xx.2018-ci il tarixli saxlanc girovun qiymətləndirilməsinə dair aktdan görünür ki, 1 ədəd sep+klon, 1 ədəd qolbaq+üzük, 1 ədəd sırğa+üzük cəmi 849 manat qiymətləndirilmişdir. -xx.xx.2018-ci il tarixli GJN № 290650 saylı girov biletindən görünür ki, İddiaçı 1 ədəd sep+klon, 1 ədəd qolbaq+üzük, 1 ədəd sırğa+üzük əşyalarını girov qoymuşdur. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, kreditor kreditalana 48 % olmaqla 12 ay müddətinə 900 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli saxlanc girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə dəyəri 900,20 manat olan girov predmeti girov saxlayanın xeyrinə girova qoyulmuşdur. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, kreditor kreditalana illik 48 % olmaqla 8 ay müddətinə 1000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli saxlanc girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə dəyəri 983 manat olan girov predmeti girov saxlayanın xeyrinə girova qoyulmuşdur. -xx.xx.2019-cu il tarixli saxlanc girovun qiymətləndirilməsinə dair aktdan görünür ki, 1 ədəd sep+klon, 1 ədəd qolbaq+üzük, 1 ədəd sırğa+üzük cəmi 983 manat qiymətləndirilmişdir. -xx.xx.2019-cu il tarixli GJN № 600009 saylı girov biletindən görünür ki, 1 ədəd sep+klon, 1 ədəd qolbaq+üzük, 1 ədəd sırğa+üzük saxlanca verilmişdir. -xx.xx.2022-ci il tarixli çərçivə kredit və girov müqaviləsi üzrə girov biletinin yenidən qiymətləndirilməsi aktından görünür ki, 1 ədəd qolbaq-üzük 693,40 manat, 1 ədəd sepklon 322,40 manat, 1 ədəd sırğa-üzük 155 manat olmaqla cəmi 1171,80 manat dəyərləndirilmişdir. -İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmi 1042,88 manat borcun xx.xx.2022-ci il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks halda girov qoyulmuş əşyaların satılaraq kredit borcunun bağlanılmasına yönəldiləcəyi bildirilmişdir. -xx.xx.2022-ci il tarixli kredit sifarişindən görünür ki, İddiaçı istehlak məqsədilə 12 ay müddətinə 1097 manat məbləğində kredit verilməsini xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə götürdüyü 1097 manat məbləğində kreditin təminatı olaraq xx.xx.2022-ci il tarixli girov biletinə əsasən qəzəı zinət əşyalarını saxlanc girova verir. Müqavilə və əlavələrdə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə borcun ödənilməsi məqsədilə öz iştirakı olmadan məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləği borcun bağlanmasına yönəldilməsini xahiş edir. - xx.xx.2022-ci il tarixli girovun ilkin qiymətləndirilməsinə dair aktdan görünür ki, 1 ədəd qolbaq-üzük 693,40 manat, 1 ədəd sep-klon 322,40 manat, 1 ədəd sırğa-üzük 155 manat olmaqla cəmi 1171,80 manat dəyərləndirilmişdir. Akt girovqoyan İddiaçı tərəfindən imzalanmışdır. -xx.xx.2022-ci il tarixli hesablaşma aktından görünür ki, kredit müqaviləsinə əsasən İddiaçı 1097 manat kredit verilmiş, 33 manat komisyon haqqı və 5 manat qiymətləndirmə haqqı çıxılmaqla 1059 manat kart hesabına köçürülmüşdür. - İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı növbəti ödənişlərindən 15 gündən artıq gecikmə olduğu halda ona məlumat verilmədən girovun satılaraq borcuna yönəldilməsinə etiraz etmir. -Cavabdeh ASC-nin Əhmədli filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 1 ədəd çəkisi 11,20 qram 750B əyarlı qolbaq+üzük 694,40 manat, 1 ədəd çəkisi 5,20 qram, 750B əyarlı sep+klon 322,40 manat, 1 ədəd çəkisi 3,10 qram olan 585B əyarlı sırğa+üzük 155 manat olmaqla cəmi 1171,80 manat müəyyən olunmuş, qızıl zinət əşyaları X2 tərəfindən satın alınmış, satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilmişdir. -İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində 1347,7 manat məbləğində ödəniş etdiyini bildirmiş, qızıllar satışa getdiyi üçün məbləğin geri qaytarılmasını xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli ********** sayılı kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı tərəfindən 1347 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, ümumilikdə 1172 manat artıq ödəniş İddiaçı geri qaytarılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 293.1. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. 293.2. Aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər. 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq iddiaçıya məxsus qızıl-zinət əşyaları Cavabdeh ASC-nin girov saxlayanın xeyrinə yüklü edilmiş, bununla bağlı tərəflər arasında saxlanc-girov müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə ödənişləri etmədiyindən qızılzinət əşyaları cavabdeh tərəfindən satılmış, əldə edilmiş məbləğ iddiaçının borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı borcunu tam ödəməsinə baxmayaraq qızıl-zinət əşyalarının cavabdeh tərəfindən qanunsuz olaraq satışa çıxarıldığını bildirərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, girov-saxlanca qoyulmuş əşyaların satılması qanunvericiliyə və tərəflər arasında olan razılığa uyğun olduğundan iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında müxtəlif tarixlərdə - xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixli kredit və girov-saxlanc müqavilələri bağlanmışdır. Tərəflər arasında olan razılığa əsasən, xx.xx.2022-ci il tarixli girovun ilkin qiymətləndirilməsinə dair aktla saxlanca qoyulmuş qızıl-zinət əşayaları: 1 ədəd qolbaq-üzük 693,40 manat, 1 ədəd sep-klon 322,40 manat, 1 ədəd sırğa-üzük 155 manat olmaqla cəmi 1171,80 manat dəyərləndirilmişdir. Qeyd olunan akt iddiaçı tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış girov-saxlanc müqaviləsinin 7.1.1-ci maddəsinə əsasən girov ilə təmin edilən öhdəliklər girov qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə (saxlanc girov müqaviləsi ilə təmin olunan öhdəliyin icrası 30 gündən artıq gecikdirildikdə) girov saxlayanın girov predmetinə tutma yönəldilməsi hüquq yaranır. Digər tərəfdən İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı ərizə təqdim edərək, növbəti ödənişlərindən 15 gündən artıq gecikmə olduğu halda ona məlumat verilmədən girovun satılaraq borcuna yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdə - son ödənişdən sonra iddiaçının borcu 1347 manat olmuşdur. Bundan sonra iddiaçı tərəfindən ödəniş edilmədiyindən girov qoyulmuş qızıl-zinət əşyaları - 1 ədəd çəkisi 11,20 qram 750B əyarlı qolbaq+üzük 694,40 manat, 1 ədəd çəkisi 5,20 qram, 750B əyarlı sep+klon 322,40 manat, 1 ədəd çəkisi 3,10 qram olan 585B əyarlı sırğa+üzük 155 manat olmaqla cəmi 1171,80 manat müəyyən olunmuş, qızıl-zinət əşyaları X2 tərəfindən satın alınmış, satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilmişdir. Nəticə olaraq, iddiaçının kredit müqaviləsi üzrə borcundan 1172 manat borc silinmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətinə götürdüyü 1097 manat məbləğində kreditin təminatı olaraq xx.xx.2022-ci il tarixli girov biletinə əsasən qəzəı zinət əşyalarını saxlanc girova verir. Müqavilə və əlavələrdə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə borcun ödənilməsi məqsədilə öz iştirakı olmadan məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləği borcun bağlanmasına yönəldilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə cavabdehin məhkəmədən kənar qaydada və açıq hərrac təşkil etmədən girovu satmasını və əldə olunan məbləğin borcun bağlanmasına yönəldilməsinə razılığını bildirmişdir. İddiaçının kredit müqaviləsi üzrə borcundan xx.xx.2023-cü il tarixində qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına 1172 manat silindikdən sonra, onun Cavabdeh ASC-yə 175,70 manat borcu qalmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə kredit müqaviləsi üzrə tam ödəniş kimi xx.xx.2023-cü il tarixdə 1347 manat ödəniş edilmişdir (xx.xx.2023-cü il tarixli ********** sayılı kassa mədaxil orderi). Bununla belə, artıq kredit müqaviləsi üzrə borcun 1172 manat hissəsi ödənildiyindən və kredit müqaviləsi üzrə borc 175,70 manat olduğundan, iddiaçı tərəfindən Cavabdeh ASC-yə ödənilmiş 1347 manat məbləğin 175,70 manat hissəsi geriyə qalan borcun ödənilməsinə yönəldilmiş və artıq vəsait kimi 1172 (1347- 175,70=1171,30) manat iddiaçıya geri qaytarılmışdır (xx.xx.2023-cü il tarixli kassa məxaric orderi). Göründüyü kimi, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ən son (girov əşyalarının satışına qədər) xx.xx.2023-cü il tarixdə ödəniş edilmiş, bundan sonra 30 gün ərzində xx.xx.2023-ci il tarixədək ödəniş edilmədiyindən, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, borcun ödənilməsi iddiaçıya məxsus girovda olan qızı-zinət əşyalarına yönəldilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qızı-zinət əşyalarının satılması zamanı tərəflər arasında bağlanmış müqavilədə və qanunda nəzərdə tutulmuş şərtlər gözlənildiyindən iddiaçının cavabdehə qarşı tələbi əsassızdır. Bu səbəbdən iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Bakı şəhəri 20 saylı Vəkil bürosuna ödənilmiş 300 (üç yüz) manat hüquqi yardım göstərilməsi xərcinin Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının Cavabdeh ASC-yə qarşı hazırki tələbi əsassız hesab edilərək məhkəmə tərəfindən təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş hüquqi yardım və s. xərclərinin də cavabdehdən onun xeyrinə tutulması tələbi əsaslı deyildir. Həmçinin məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “5.20 qram “A” kateqoriya 750 əyarlı sep+klon, 11.20 qram “A” kateqoriyalı, 750 əyarlı qolbaq+üzük, 3.10 qram “A” kateqoriya, 580 əyarlı sırqa+üzük, ümumilikdə 19.50 qram qızıl-zinyət əşyalarının Cavabdeh MMC-dən alınaraq geri qaytarılmasını, naturada qaytarılması mümkün olmadığı təqdirdə isə qızıllarının dəyəri ilə kredit borcu arasında qiymət fərqi olan-1424 AZN (min dörd yüz iyirmi dörd manat) 60 (altmış) qəpik pulun, dövlət rüsumunun əvəzi olaraq ödədiyi 35 AZN (otuz beş manat), Bakı şəhəri, 20 saylı vəkil bürosuna hüquqi yardıma görə ödədiyi 300 AZN (üç yüz manat) pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı “5.20 qram “A” kateqoriya 750 əyarlı sep+klon, 11.20 qram “A” kateqoriyalı, 750 əyarlı qolbaq+üzük, 3.10 qram “A” kateqoriya, 580 əyarlı sırqa+üzük, ümumilikdə 19.50 qram qızıl-zinyət əşyalarının Cavabdeh MMC-dən alınaraq geri qaytarılmasını, naturada qaytarılması mümkün olmadığı təqdirdə isə qızıllarının dəyəri ilə kredit borcu arasında qiymət fərqi olan-1424 AZN (min dörd yüz iyirmi dörd manat) 60 (altmış) qəpik pulun, dövlət rüsumunun əvəzi olaraq ödədiyi 35 AZN (otuz beş manat), Bakı şəhəri, 20 saylı vəkil bürosuna hüquqi yardıma görə ödədiyi 300 AZN (üç yüz manat) pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva