Məhkəmə qərarları › İş №e-2(005)-3105/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3105/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3105/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 vərəsəsi X1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 517,68 manat, vəfat etdiyi tarixədək faiz borcu üzrə 1,15 manat olmaqla, cəmi 518,83 manat borcun və xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsinə görə 1335,43 manat əsas borc olmaqla, ödənilmiş 38,54 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X7 illik 15,9 %-lə, 12 ay müddətinə 1000 manat nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC ilə X9 arasında xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X7 illik 18,9 %-lə, 18 ay müddətinə 1500 manat məbləğində nağd kredit verilmişdir. 425388 saylı ölüm haqqında şəhadətnaməyə əsasən borclu X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 517 nömrəli məktubdan görünür ki, Makhmudova Firangizin adına 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh xx.xx.2025-ci il tarixədək xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsi kredit üzrə banka borcu 517,68 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş faiz borcu 1,15 manat olmaqla, cəmi 518,83 manat təşkil edir. Digər maliyyə arayışına əsasən cavabdehin xx.xx.2025-ci il tarixədək xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsi kredit üzrə banka borcu 1335,43 manat təşkil edir. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirak olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini, miras qalan avtomobili 2500 manata sataraq baş daşı düzəltdirdiyini, ödəniş üçün maddi imkanının olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsinə əsasən “Bank” tərəfindən “Müştəri”yə 18 ay müddətinə, illik 18,9% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsinə əsasən “Bank” tərəfindən “Müştəri”yə 12 ay müddətinə, illik 15,9% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışlarından görünür ki, xx.xx.2025-ci il tarixədək xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsi kredit üzrə borcalanın banka borcu 517,68 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş faiz borcu 1,15 manat olmaqla, cəmi 518,83 manat və xx.xx.2025-ci il tarixədək xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsi kredit üzrə banka borcu 1335,43 manat təşkil edir; Bank tərəfindən X3 göndərilmiş bildirişdən görünür ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür; xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi - arvadı X4r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA190368 nömrəli qeydiyyat şəhadətnaməsınə əsasən ban nömrəsi WBADD41070BT33826, mühərrikin nömrəsi N/Z SİL və buraxılış ili 1996-cı il olan” BMW 525” markalı **-LE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 38,55 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrindən və miras əmlakın qəbulundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilələrin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin borclunun vəfat etməsi səbəbindən, onun müqavilələr üzrə öhdəlikləri icra edilmədən qalmışdır. Borclunun arvadı, hazırki cavabdeh X5 borcludan miras qalan əmlakı vərəsə kimi tam qəbul etmişdir. Cavabdeh miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 517,68 manat, mərhum X6 vəfat etdiyi tarixədək faiz borcu üzrə 1,15 manat olmaqla, cəmi 518,83 manat borc və xx.xx.2024-cü il tarixli, CL- EE003063222 nömrəli kredit müqaviləsinə görə 1335,43 manat əsas borc olmaqla, ödənilmiş 38,54 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360 və 1306.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, CL-EE001912436 nömrəli kredit müqaviləsinə görə əsas borc üzrə 517,68 manat, mərhum X6 vəfat etdiyi tarixədək faiz borcu üzrə 1,15 manat olmaqla, cəmi 518,83 manat borc və xx.xx.2024-cü il tarixli, CL-EE003063222 nömrəli kredit müqaviləsinə görə 1335,43 manat əsas borc olmaqla, ödənilmiş 38,54 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar