Məhkəmə qərarları › İş №e-2(005)-3110/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3110/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3110/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 300 (üç yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 26 dekabr 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Kia Forte" markalı 99VE677 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 09 yanvar 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Kia Cerato" markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə vaxtı Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 300 manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı "xxxx" ASCnin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktı və 00411 №-li ödəniş tapşırığının surətindən görünür ki, “Kia Cerato” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 300 manat müəyyən edilmiş, sığorta ödənişi zərərçəkən "xxxx" ASC-in hesabı vasitəsilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zərərin hesablanması haqqında aktdan görünür ki, “Kia Cerato” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 300 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan AR-İ № 959905 saylı X5 tərəfindən Cavabdeh1 MMC-yə verilmiş etibarnamənin surətindən görünür ki, AR DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu ildə verilmiş AD № 748296 saylı qeydiyyat şəhadətnaməsi əsasında mənə məxsus olan KİA FORTE minik markalı buraxılış ili 2016-cı il **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar edirəm. İş materiallarında olan BDYPİ-nin çıxarışından görünür ki, KİA FORTE minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən X3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhər BDYPİ-nin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə barədə qərarına əsasən, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh2 KİA FORTE minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AZEMİS informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixində Novosibirsk sərhəd portundan X4 aeroportuna girişi qeydə alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli Plenum qərarının bəndinə əsasən, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Belə ki, maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Maddənin məzmununun təhlili belə nəticəyə gəlməyə əsas verir ki, onun müddəaları, o cümlədən vəsiqənin etibarlıq müddətinə dair tələblər Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqələrinə şamil edilir. Belə ki, bu maddənin İİ hissəsində Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin növlərinin müəyyən olunması, İİİ hissəsində sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş müvafiq məlumatların göstərilməsinə dair tələblər, Vİ hissəsində isə sürücülük vəsiqəsindəki məlumatların Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunması göstərilmişdir. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından görünür ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmış “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Kia Cerato” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, Plenum qərarından da göründüyü kimi, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Əgər həmin vəsiqə qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirilməmişdirsə, onda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında avtomobili idarə edən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Lakin Cavabdeh2 ölkə ərazisinə xx.xx.2019-cu il tarixində daxil olsa da, qanunvericiliyin tələblərinə əməl etməyərək daxil olduğu gündən 1 ay keçdikdən sonra xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin dəyişdirilməsini təmin etməmiş, digər Cavabdeh1 MMC isə Cavabdeh2 təqdim etdiyi xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin qüvvədə olması müddətinin keçməsini nəzərə almadan ona xx.xx.2020-ci il tarixində “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı Yol vərəqəsini rəsmiləşdirməklə pozuntuya yol vermişdir. Yol hərəkəti haqqında AR Qanununun 35-1-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİ bəndinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. İİİ bəndinə əsasən, bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, zərərçəkən X2 tərəfindən idarə olunan “Kia Cerato” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən X1 avtomobilinin təmiri üçün ümumilikdə 300 manat pul ödənildiyindən, iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş olan “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuş, eyni zamanda Cavabdeh1 MMC-nin həmin avtomobili qanuni əsaslarla Cavabdeh2 verməsi müəyyən olunmamışdır. Odur ki, yüksək təhlükə mənbəyinin – “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin sahibi Cavabdeh1 MMC həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan mülki hüquq pozuntusuna görə məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni “Kia Forte” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 üzərinə qoyulmalı və 300 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 300 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar