Məhkəmə qərarları › İş №e-2(005)-312/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-312/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-312/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3 Cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızının iştirakları ilə, İddiaçı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən iddiaçı “Azəriqaz’ İB-yə vurulmuş 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində zərərin və 39,44 (otuz doqquz manat 44 qəpik) manat ödənilmiş dövəf rüsumunun əvəzi olmaqla ümumilikdə 1983,44 (min doqquz yüz səksən üc manat 44 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz’ İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VOEN **********, MH AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı arasında xx.xx.2013-cü il tarixində 130 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavlə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz’ İB abonentə məxsus fərdi yaşayış evni təbii qaza təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz’ İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00201 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qaza təchiz edən qaz xəttinin üzərində isə G4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavlənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4 tələblərinə əməl etmək) və “X4 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, “Azəriqaz’ İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat məbləğində “Azəriqaz’ İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin “Azəriqaz’ İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1944 (bir min doqquz yüz qırx dörd) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz’ İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini rədd edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsinin xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir Belə ki, - İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə İddiaçı ilə Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı arasında xx.xx.2013-cü il tarixində 130 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavlə»si imzalanmışdır. - İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı istifadəsində olan qaz sayğacının çıxış plastmas borusu deşilmişdir və 1944 manat məbləğində “Azəriqaz’ İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur - İş materiallarında olan abonentin saldosu vərəqəsindən görünür ki, abonent kodu **********00201 nömrə olan ünvan 2 ünvanında yerləşən mənzilə cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 1944 (min doqquz yüz qırx dörd) manat təşkil etməkdədir. - İş materiallarında olan xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Hüseynova (Kərimova) Ülviyyə Qasım qızına məxsus fərdi yaşayış evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğin ödənilməsi 1.2 x 6 x 180 = 1296 kub.m və 2.6 x 18 x 180 = 8424 kub.m olmaqla cəmi 9720 kub.m hesablanmışdır. - İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li aktın surətindən görünür ki, itron tipli, G-4 markalı 1102AQ**********9 nömrəli sayğac çıxış borusu söküntü səbəbindən çıxarılmış, qeyd edilən sayğac digər sayğacla əvəz edilmişdir. - xx.xx.2022-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı 39,44 (otuz) doqquz manat 44 qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 05 sentyabr 2018-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li akt tərtib edilmiş və akta əsasən itron tipli, G-4 markalı 1102AQ**********9 nömrəli sayğac çıxış borusu söküntü səbəbindən çıxarılmış, qeyd edilən sayğac digər sayğacla əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin qaz xəttinə qanunsuz olaraq özbaşına qoşulması, bu halı təsdiqləyən aktın tərtib olunması və fotoların çəkildiyi bildirilsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qaz sayğacının çıxış plasmas borusu deşilmiş, hər hansı qanunsuz qoşulma faktı həmin sənədlərdə əks olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən Qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan əlavə, cavabdehin evində qaz sayğacının quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə qızına qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar