Məhkəmə qərarları › İş №e-2(005)-3121/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3121/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3121/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC BOKTcavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00001ET-3244 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən, 8000 manat məbləğində qalıq, ona hesablanmış 3248 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2360 manat məbləğində dəbbə pulu, cəmi 13608 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00001ET-3244 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli, 2019/0000İET-Z3244 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehlərə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 8000 manat məbləğində qalıq, ona hesablanmış 3248 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2360 manat məbləğində dəbbə pulu, cəmi 13608 manat məbləğində borc yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC BOKT-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3244 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC Cavabdeh2 24 ay müddətinə illik 36% ödəmək şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit verməyi, Cavabdeh2 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3244 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 472,38 manat ödəməli idi; İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-Z3244 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən Cavabdeh2 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı BOKT ASC” qarşısında tam məsuliyyəti və Cavabdeh2 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; xx.xx.2020-ci il tarixli Cavabdeh2 hesabının çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixində verilmiş kredit müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır; İddiaçı BOKT ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə İddiaçı BOKT ASC-yə 8000 məbləğində əsas, 3248 manat məbləğində faiz, 2360 manat cərimə, cəmi 13608 manat məbləğində borcu var; İddiaçı BOKT ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən qeyd olunan borcun ödənilməsi və ya müqavilənin ləğvi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; xx.xx.2019-cu il tarixli, 003113 ET nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh2 hesabına İddiaçı BOKT ASC tərəfindən 8000 manat məbləğində pul köçürülmüşdür; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3244 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh2 24 ay müddətinə 8000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2019-cu il tarixində bağlanmış müqavilə çərçivəsində zamin Cavabdeh1 borcalan Cavabdeh2 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı BOKT ASC Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 2019/00001ET-3244 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə Banka 8000 məbləğində əsas, 3248 manat məbləğində faiz, 2360 manat cərimə, cəmi 13608 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməli, cavabdehlərdən kredit müqaviləsinə əsasən, 8000 manat məbləğində əsas, 3248 manat məbləğində faiz borc tutulmalıdır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 2360 manat məbləğində dəbbə pulu ödəniməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, müqavilələr üzrə hesablanmış cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu 300 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 2019/00001ET-3244 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən, 8000 manat məbləğində əsas, 3248 manat məbləğində faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 11548 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 8000 manat məbləğində əsas, 3248 manat məbləğində faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 11548 (on bir min beş yüz qırx səkkiz) manat borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutulsun. İddiatələbiqalanhissədərəddedilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar