Məhkəmə qərarları › İş №e-2(005)-3148/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3148/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3148/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi; iddianın etiraf edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7,007.66 manat məbləğində əsas bоrc və 699.13 manat faiz borcu оlmaqla, cəmi 7,706.79 (Yeddi min yeddi yüz altı manat yetmiş doqquz) manat borcun və 97.07 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 yanvar 2022 il tariхli, 105804-388500/4 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 21.9% dərəcəsi ilə 12000 (On iki min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 10 iyul 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7,007.66 manat məbləğində əsas bоrc və 699.13 manat faiz borcu оlmaqla, cəmi 7,706.79 (Yeddi min yeddi yüz altı manat yetmiş doqquz) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, krediti götürmüşdür, lakin 2023-cü ilin iyul ayında işdən çıxdığına və anasının xəstəliyinə görə ödəniş edə bilməmişdir. Banka dəfələrlə vaxtın uzadılması ilə bağlı müraciət etsə də onlar imtina etmişdirlər. Fevral ayından etibarən işləyir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 105804- 388500/4 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə, illik 21.9% dərəcəsi ilə 12000 (On iki min) manat məbləğində krеdit vеrilmişdir. - xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə 1 - ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilən kreditin məbləği 12000 manat, faiz dərəcəsi 21,9 %, müddəti 48 aydır. - xx.xx.2022-ci il tarixli TT22011LVQ6L saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 12000 manat məbləği təhvil almışdır. - 10 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 10 iyul 2024-cü il tarixə banka 7,007.66 manat məbləğində əsas bоrc və 699.13 manat faiz borcu оlmaqla, cəmi 7,706.79 (Yeddi min yeddi yüz altı manat yetmiş doqquz) manat borcu vardır. - İddiaçı ASC Bank tərəfindən Cavabdeh göndərilmiş 06 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun 7 gün müddətindən gec olamayaraq ödənilməsi tələb olunmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, cavabdeh iddia ərizəsində qeyd olunan borcu qəbul edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, onun iddianın etiraf edilməsi barədə ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 48 ay müddətinə, illik 21,9 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilməsinə dair xx.xx.2022-ci il tarixli 105804-388500/4 nömrəli krеdit müqaviləsi imzalanmışdır. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər ödəniş qrafiki üzrə tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq xx.xx.2022-ci il tarixli 105804-388500/4 nömrəli kredit müqaviləsinə əsasən 7007,66 (yeddi min yeddi manat altmış altı qəpik) manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş illik 21,9 % faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 105804-388500/4 nömrəli kredit müqaviləsinə əsasən, kreditin illik faiz dərəcəsi 21,9 % müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 699,13 (altı yüz doxsan doqquz manat on üç qəpik) manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 97,07 (doxsan yeddi manat yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7007,66 (yeddi min yeddi manat altmış altı qəpik) manat əsas, 699,13 (altı yüz doxsan doqquz manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 7706,79 (yeddi min yeddi yüz altı manat yetmiş doqquz qəpik) manat pul vəsaiti və 97,07 (doxsan yeddi manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7007,66 (yeddi min yeddi manat altmış altı qəpik) manat əsas, 699,13 (altı yüz doxsan doqquz manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 7706,79 (yeddi min yeddi yüz altı manat yetmiş doqquz qəpik) manat pul vəsaiti və 97,07 (doxsan yeddi manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar