Məhkəmə qərarları › İş №e-2(005)-3184/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3184/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3184/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36000 manat borcun və 198 manat dövlət rüsumunun, cəmi 36198 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və həmin məbləğin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qohumu olan Cavabdeh 2020-ci ildə "xxxx" ASC-nin tabeliyində olan X2 və Satışı İdarələrin birində vəzifəli şəxs olmuşdur. 2020-ci ilin sonunda cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, rəhbərliyin tapşırığı ilə o, ikinci Qarabağ Müharibəsindən sonra azad edilmiş ərazidə transformator alaraq quraşdırmalıdır. Lakin, idarənin kifayət qədər vəsaiti olmadığından, o, hazırda bunu edə bilmir. Tapşırıq isə vacib və təcilidir. Bu səbəbdən ona 36000 manat məbləğində pul lazımdır. Cavabdeh onun qohumu olduğundan ona inanmış və qısa müddətə 36000 manat məbləğində borc vermişdir. Cavabdeh isə öz növbəsində bildirmişdir ki, 2021-ci ilin əvvəlində həmin vəsaiti iddiaçıya tam məbləğdə qaytaracaq. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya həmin pulu qaytarmamışdır. Hələ 2023-cü ilin əvvəlində cavabdeh söz vermişdir ki, mülkiyyətində olan daşınmaz əmlakı satır və satışdan əldə etdiyi vəsait hesabına borcunu qaytaracaq. Cavabdeh sözügedən daşınmaz əmlakı satsa da, əldə etdiyi vəsaitdən iddiaçıya hər hansı ödəniş etməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək və borcun məhkəmə qaydasında ödənilməsini tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş “flaşkart”da olan səs yazısının dinlənilməsi zamanı müəyyən edilmişdir ki, Cavabdeh işlərini yoluna qoyacağını, 1-2 aya, əvvəl 36000, sonra 14000 manat olan borcunu qaytaracağını bildirmiş, məhkəmədə ölkədən getməsinə qadağa qoyulmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdeh onun keçmiş kürəkənidir. Cavabdeh işi üçün transformator alınmalı və Şuşaya göndərməli olduğunu bildirərək anasından borc pul istəmişdir və söyləmişdir ki, əgər bu işi görməsə işdən qovulacaq, pul isə müharibədən sonra ona qaytarılacaq. Pulu onun anası borc olaraq hissə-hissə, 2-3 aya qaytarmaq şərti ilə verib. Pulun bir hissəsi manat, bir hissəsi də dollar şəklində olsa da, ümumi məbləğ 36000 manat təşkil edib. Sonradan o, pulu gah verəcəyini, gah verməyəciyini bildirib. Onlar arasında olan qohumluq münasibətləri 6-7 aydır ki pozulub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı nəvəsidir. Cavabdeh pulu onun nənəsigildən istəyib, pul ona birdəfəyə verilib. Pulun bir hissəsi manat, bir hissəsi də dollar şəklində olmuş, cəmi 36000 manat təşkil etmişdir. O, pulu 2020-ci ilin sonlarında, pandemiya vaxtında onlardan alıb. Cavabdeh bildirib ki, qısa müddətə pulu qaytaracaq. Təxminən 1 il olar onlar öyrəniblər ki, o, başqalarından da fərqli adlarla borc pullar götürüb. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh 36000 manat borc pul vermişdir. Bu tərəflər arasında olan səs yazıları ilə təsdiq olunur. Hazırda iddiaçı qeyd edilən 36000 manat borcdan heç bir ödənişin aparılmadığını bildirərək, borc verilmiş pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, borcun məbləği üç min manatdan çoxdursa yazılı formada bağlanmalıdır. Borc razılaşma yolu ilə etiraf olunmuşsa formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə tərəflər borc verilərkən qohumluq əlaqələrində olduğundan yazılı müqavilə bağlanmasa da, borcun verilməsi cavabdehə məxsus səs yazıları ilə təsdiq olunur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc (kredit) müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. İddiaçının təqdim etdiyi “flaşkart”da olan səs yazılarının sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi “flaşkart”da olan səs yazıları iddiaçı ilə cavabdeh arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 36000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 198 manat pul, cəmi 36198 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 36000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 198 manat pul, cəmi 36198 (otuz altı min yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar