Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3186/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15600 AZN miqdarında pul məbləğinin və 135 manat miqdarında dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən cavabdehlərlə ailəvi olaraq tanışdırlar. 2017-ci ildən isə birlikdə “Herbalife” şirkətinin qida məsləhətçisi kimi fəaliyyət göstərir və ailəvi olaraq dostluq edirlər. 2019-cu ilin avqust ayında, Cavabdeh1 İ. və Cavabdeh2 A. X3 – onun baldızını ölkədə olmamaqlarından istifadə edərək və guya razılıqlarının olmasını deyərək, aldadıb və ondan 5000 AZN pul alıb. Bu məsələnin üstü açılandan sonra, Cavabdeh1 İ. həmin pul məbləğinin onlara Herbalife məhsullarıyla geri qaytaracağını söz vermişdi, lakin sözünün üstündə bugünədək durmayıb. 2021-ci ilin yanvar ayında isə Cavabdeh1 bizdən öz ailəvi işləri üçün 1 aylıq 5000 AZN pul istədi. Bu pulu da o onlara inanaraq verdi. Bundan dərhal sonra onlara Cavabdeh3 müraciət etdi və bildirdi ki, onun 5600 AZN miqdarında borcu var və həmin adam bu borcun bağlanmasını istəyir. Ondan kömək istədi və o öz kömək əlini uzadaraq, həmin borcu bağladı. Hümbətov R.R. bütün borc məbləğinin əvəzində onlara Masazırda və ya Atyalıda torpaq sahəsi verəcəyini söz vermişdi. Bugünə kimi həmin şəxslər pulun geri qaytarılması üçün heç bir hərəkət etməyiblər. Aralarında inamın olması səbəbindən heç bir yazılı müqavilə də olmayıb. Sonradan müəyyən olunub ki, bu şəxslər bir çox adamı aldadaraq pulları mənimsəyiblər. Bu məsələ ilə bağlı onlar Xətai rayonu 36 saylı Polis şöbəsinə müraciət etmişdirlər. İşin araşdırılması zamanı polis əməkdaşları müəyyən etmişlər ki, işin xüsusiyyətləri mülki işə aiddir. Bununla bağlı olaraq da müvafiq qərar qəbul edilib. Cavabdehlərin izahatları polis şöbəsində alınarkən, onlar borcu etiraf ediblər. Sənədlər təqdim edilmişdir. Hesab edir ki, cavabdehlərin hərəkətlərində əsassız varlanmanın elementləri mövcuddur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlərin polisə verdikləri izahatlarda iddia tələbini etiraf etdiklərini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, iddiaçıya borcu qalmadığını, iddiaçının onun qızının sinif yoldaşının valideyni olduğunu və oradan dostluq münasibətləri olduğunu, iddiaçı tərəfindən götürülmüş məbləğin faizlərlə şişirildiyini, təxminən 3 ildir ki, iddiaçıya 9500 manat faiz borcunun iddiaçıya tam şəkildə ödənildiyini qeyd etmişdir. Eyni zamanda müəllimə işlədiyini, əmək haqqı kartının iddiaçıda olduğunu, 2017-2018-ci illərdə iddiaçı ilə birlikdə bizneslə məşğul olduğunu, pandemiya ilə əlaqədar onlayn satış ilə məşğul olmağa başlamış və bu zaman əldə edilən gəlirlərin də iddiaçı tərəfindən mənimsənildiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, iddiaçıya borclarının olmadığını, qızının kartının uzun müddətdir ki, iddiaçıda olduğunu, qızı və kürəkəni tərəfindən 8000 manat əsas borcun ödənildiyini, faiz borcu olan 1500 manat pulun isə onun tərəfindən qızılların girova qoyularaq pul götürüldüyünü və ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək, iddiaçıya borcları olmadığını, 8000 manat pulun tərəfindən ödənildiyini, 1500 manat faiz borcunun qaldığını və onun da daha sonra Cavabdeh2 tərəfindən verildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır Belə ki, mülki işin materiallarında olan; - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı AR DİN Xətai Rayon Polis idarəsinin 36-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. - İzahatlardan görünür ki, polis əməkdaşı tərəfindən Cavabdeh1, Cavabdeh3 və İddiaçı izahatları alınmışdır. - İddiaçı ərizəsi əsasında görülmüş işlərə dair arayışdan görünür ki, araşdırma zamanı qeyd olunan xüsusatlar məhkəmə xarakterli olduğundan İddiaçı mövcud məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, AR DİN Xətai Rayon Polis idarəsinin 36-cı polis bölməsinin təhqiqatçısı, polis kapitanı X2 icraatına daxil olan HK-1/1876 saylı material üzrə cinayət işinin başlanması rədd edilməsini qərara almışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğini cavabdehlərə verdiyini, beləliklə də həmin şəxslərin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Mülki işin materialları ilə tərəflərin arasında hər hansı yazılı müqavilənin, cavabdehlər tərəfindən verilmiş iltizamın olmadığı təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin arasında öhdəlik münasibətləri yaranmamışdır. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tırkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehə münasibətdə pul tələbinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. İddiaçı iddia ərizəsində cavabdehlərə 15600 manat məbləğində pul verdiyini və pulun geri qaytarılmadığını bildirir. İddiaçının dediklərinə əsasən, pul məbləğlərinin verilməsi 3 epizodda baş verib. Birinci dəfə 2019-cu ilin avqust ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının baldızı X1 iddiaçıya məxsus 5000 manat məbləğində pul alınıb. İkinci dəfə 2021-ci ilin yanvar ayında Cavabdeh1 yenidən iddiaçıdan 5000 manat məbləğində pul alıb. Bundan dərhal sonra isə digər Cavabdeh3 5600 manat məbləğində borc pul istəmiş o məbləğin əvəzində Masazırda və Ayalıda torpaq sahəsini verəcəyini söz versə də, vədinə əməl etməmişdir. İddiaçı cavabdehlərin Xətai RPİ-nin 36-cı polis bölməsində verdiyi izahatlara istinad edərək, onlar tərəfindən pul məbləğlərinin alındığının etiraf edildiyini bildirsə də, mülki işin materiallarında olan izahatlardan görünür ki, cavabdehlərdən Cavabdeh3 ümumilikdə 9500 pulun alındığını və bunun 8000 manatının qaytarıldığını bildirib. Digər Cavabdeh1 öz izahatında Lalə Meydanovaya faiz borcunun olduğunu bildirmişdir. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Digər tərəfdən cavabdehlər məhkəmə iclasında polis orqanında verdiyi izahatları təsdiq etməyərək, iddiaçıya borclarının olmadığını bildirmişlər. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 15600 manat məbləğində pul verildiyi göstərilsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, yenə də iddiaçının istinad etdiyi izahatlarda da cavabdehlər tərəfindən 15600 manat məbləğində borc pulun alındığı göstərilməmişdir. Digər tərəfdən cavabdeh 8000 manat pulun geri qaytarıldığını bildirmiş, iddiaçının həyat yoldaşı L.Meydanova 7000 manat pulun cavabdeh tərəfindən verildiyini, lakin bu pulun lotoreya pulu olduğunu bildirmişdir. Lakin bunu da təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilsə də, hər hansı digər sübut – qəbz, iltizam, yazılı müqavilə, şahid ifadəsi və s. kimi sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin 2 il əvvəl polis orqanlarında verdikləri və hazırda təsdiq etmədikləri izahatların əsasında iddianın təmin edilməsi mülki prosessual hüququn ədalətlilik, hərtərəfli araşdırma və sübutların əsasında qətnamənin qəbul edilməsi prinsiplərinə uyğun hesab edilə bilməz. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1- ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3186/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3186/2023
23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver