Məhkəmə qərarları › İş №e-2(005)-3194/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3194/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3194/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə əsas borcu 14763,35 manat, faiz borcu 2726,87 manat olmaqla, cəmi 17490,22 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,47 manat məbləğində pul vəsaitinin tutulması, xx.xx.2022-ci il tarixli, 5022044/GM saylı Girov müqavilasinə əsasən yüklülük predmetinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən akta əsasən soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD olan daşınar əmlaka tutmanın yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Strukturunun filialı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 001/KM/100/5022044/260121 saylı kredit xətt müqaviləsinə əsasən Cavabdeh illik 18% olmaqla, 15000 manat məbləğində kredit xətti verilmişdir. Kreditin təminatı olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən akta əsasən soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD xx.xx.2022-ci il tarixli, 5022044/GM saylı Girov müqavilasinə əsasən girov qoyulmuşdur. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddia qaldırılan günə - xx.xx.2024-cü il tarixə əsas borcu 14763,35 manat, faiz borcu 2726,87 manat olmaqla, cəmi 17490,22 manat borcu yaranmışdır. Kredit xətti üzrə borc axrıncı dəfə xx.xx.2023-cü il tarixdə cəmi 800,38 manat məbləğində ödənilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Borclu Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, borclu tərəfindən ödənilmiş əsas borc 19,85 manat, ödənilmiş faiz borcu 3549 manat, iddia qaldırılan günə əsas kredit borcu 14763,35 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 2726,87 manat təşkil edir; İddiaçı ASC ilə “Borcalan” Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 004/KKX/100/5022044/030222 saylı Ödəniş kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, “Borcalan”a şəxsi ehtiyacları/digər məqsədlə illik 18 faiz olmaqla, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilir; xx.xx.2022-ci il tarixli, 5022044/GM saylı Girov müqaviləsinə əsasən “Girov qoyan” Cavabdeh özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən girov predmetini “Girov saxlayan” İddiaçı ASC qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edir. Girov predmeti xx.xx.2021-ci il tarixli Ev əşyalarının Banka girov qoyulması üzrə aktda qeyd olunan, bazar dəyəri 30000 manat dəyərində olan ev əşyalarıdır; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, o borcun 3 iş günü ərzində ödənilməsi barədə xəbərdar olunmuşdur; Ev əşyalarının Banka girov qoyulması üzrə xx.xx.2022-ci il tarixli akta əsasən soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD girov predmetini təşikl edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin bağlanmış kredit müqaviləsinin təminatı kimi ev əşyalarının girova qoyulması məqsədilə eyni tərəflər arasında saxlanc girovu müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını və tutumanın girov predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1 və 276.1-ci maddələrinə uyğun olaraq, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 279 və 295-ci maddələrinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin 296.1 və 297-ci maddələrinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 15.2, 17.3 və 18.1.1-ci maddələrinə görə, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən ilk növbədə yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə bölüşdürülür. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixə əsas borcu 14763,35 manat, faiz borcu 2726,87 manat olmaqla, cəmi 17490,22 manat borcu yaranmışdır. Qeyd olunmalıdır ki, kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18 faiz olmaqla 15000 manat məbləğində kreditin verilməsi iş materialları ilə təsdiq olunur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə borcun girov predmetinə yönəldilməsi tələbi ilə əlaqədar hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Ev əşyalarının Banka girov qoyulması üzrə akta əsasən girov qoyulmuş soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD açıq hərracdan satılmalı, ev əşyalarının satılmasından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli, artıq qalan vəsait cavabdehə qaytarılmalıdır. Məhkəmə ev əşyalarının ilkin satış qiymətlərinin müəyyənləşdirilməsini zəruri hesab etmir. Belə ki, xx.xx.2022-ci il tarixli Ev əşyalarının Banka girov qoyulması üzrə akta və Girov müqaviləsinə əsasən girov predmetlərinin ümumi məbləğinin 30000 manat olması müəyyənləşdirilmişdir. Həmçinin Mülki Məcəllənin və “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun girovun satışı ilə bağlı müəyyənləşdirdiyi qaydaların (16.1,17.2, 17.5 və 17.6-cı maddələrinin) mənasına görə də, qətnamə ilə ilkin satış qiymətinin müəyyənləşdirilməsi girov qoyanın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 14763,35 manat, faiz borcu 2726,87 manat olmaqla, cəmi 17490,22 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,47 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma girov predmeti olan soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD-yə yönəldilməli, həmin ev əşyaları açıq hərracdan satılmalı, onların satılmasından əldə edilən vəsait borc tələbinin ödənilməsinə yönəldilməli, vəsait artıq qalacağı təqdirdə cavabdehə qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 14763,35 manat, faiz borcu 2726,87 manat olmaqla, cəmi 17490,22 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,47 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma girov predmeti olan soyuducu, kombi Alman model (yeni), qonaq otağı mebeli, divan, kreslo, mətbəx mebeli, yataq otağı dəsti, paltar yuyan maşın, TV LCD adlı ev əşyalarına yönəldilsin. Həmin ev əşyaları açıq hərracdan satılsın, onların satılmasından əldə edilən vəsait borc tələbinin ödənilməsinə yönəldilsin, vəsait artıq qalacağı təqdirdə cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar