Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3227/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq aldığı 2000 manat pulun və ödənilən 40 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə notarial qaydada müqavilə bağlayaraq 4000 manat məbləğində borc vermişdir. Həmin müqaviləyə əsasən borc alan Cavabdeh xx.xx.2023-cü il tarixədək ayda 500 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh qaytarmaq öhdəliyi götürdüyü 4000 manat məbləğin yalnız 2000 manatını geri ödəmişdir. Yerdə qalan 2000 manat borcunu geri qaytarmaqdan yayınmışdır. Tərəfindən edilən yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, hələ də 2000 manat borcunu ödəməmişdir. Notarial müqaviləyə əsasən həmin müqavilənin bitmə tarixi xx.xx.2023-cü il qeyd olunmuş və bu tarixdən etibarən “borc alan” yəni Cavabdeh müəyyən olunmuş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunla nəzərdə tutulmuş formada məsuliyyət daşıyacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri 29 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 4000 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti hər ay 500 manat ödəməklə xx.xx.2023-cü il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbardarlıqdan görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 2 günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh 4000 manat məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi ilə öz təsdiqini tapmışdır. Borc məbləğinin 2000 manatı qaytarılmış, qalan 2000 manat pulun qaytarılması və kredit müqaviləsinin etibarlı olmamasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Tədqiq olunmuş sübutlar əsasında hesab edirəm ki, Cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 40 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3227/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3227/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver