Məhkəmə qərarları › İş №e-2(005)-3269/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3269/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3269/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 2393,94 manat əsas borc, 209,03 manat cari faiz borcu və 100 manat cari dəbbə borcu olmaqla, cəmi 2702,97 manat kredit borcunun və 48,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SUMG2-161-43 saylı Kredit müqaviləsinə əsasən cavabdehə illik 27% faizlə 12 ay müddətinə 3100 manat kredit verilmiş və kreditin aylıq 300 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, SUMG2-161- 43+SUMG2-183 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixədək verilmiş kredit üzrə 2393,94 manat əsas borc, 209,03 manat cari faiz borcu və 100 manat cari dəbbə borcu olmaqla, cəmi 2702,97 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək bildirdi ki, onun maddi imkanı zəifdir. Bu səbəbdən iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SUMG2-161-43 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən “Müştəri”yə 12 ay müddətinə, illik 27 faiz olmaqla, 3100 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, SUMG2-161-43+SUMG2-183 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli, SUMG2- 161-43 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməsinə görə Cavabdeh2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür; Bank tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 göndərilmiş bildirişlərdən görünür ki, müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdirlər; Maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 2393,94 manat, faiz borcu 209,03 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2702,97 manat təşkil edir; Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 48 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqavilələrinə əsasən "xxxx" BOKT MMC Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər - zamin Cavabdeh1 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir. Hazırda iddiaçı cavabdehlərin öhdəliyini icra etməmələrini əsas gətirərək müqavilə üzrə yaranmış borcun məhkəmə qaydasında hər üç cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqavilələrinin bağlanması və "xxxx" BOKT MMC tərəfindən cavabdehə kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, hesabdan çıxarışlar və maliyyə arayışları ilə təsdiq olunur. Cavabdeh müqavilələrdə və ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilələr öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh2 müqavilə üzrə borcu yaranmışdır. İş üzrə Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (zaminlərə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq, 20 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Göründüyü kimi, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SUMG2-161-43 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2393,94 manat əsas, 209,03 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 2622,97 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 48,4 manatın 47 manatı tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SUMG2-161-43 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2393,94 manat əsas, 209,03 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 2622,97 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 48,4 manatın 47 manatı tutularaq "xxxx" BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar