Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-327/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin Radar nöqtəsinə dəymiş ziyan 4370,51 manat məbləğində pulun cavabdehlər "xxxx" ASC və Cavabdeh2 tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolu 26-cı km-də Ceyranbatan qəsəbəsində hərəkətdə olarkən idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh2 barəsində yolhərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsində Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin Radar nöqtəsi zədələnmişdir. "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər belə müəyyən edilmişdir: 1- 1 ədəd Radar 3 line (x Spotter 3 Lane SpeedPro) – 3175 manat; 2- Dirəyin təmir edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərcləri – 1099,51 manat; 3- 80 metr şəbəkə kabeli Cat 6 – 96 manat. Ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 4370,51 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də aşkar müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cabadeh "xxxx" ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh2 tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyindən cavabdehdən 4370,51 manat məbləğində maddi zərər tutularaq DİN-nin hesabına köçürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktının surətindən surətindən görünür ki, Bakı Quba yolu 26-cı km Ceyranbatan qəsəbəsində yerləşən Radar nöqtəsi xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı TŞ nöqtəsinə dəyən maddi zərər ümumilikdə 4370,51 manat təşkil etmişdir; xx.xx.2023-cü il tarixli, İXP5205836 nömrəli İnzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP5543426 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Bakı Quba yolunun 26-cı km hissəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolu 26-cı km-də Ceyranbatan qəsəbəsində yerləşən Radar nöqtəsinə "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz” markalı, **-TU-*** dövlət nömrə nişanlı yek avtomobili tərəfindən yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın yenidən baxılması və ödəniş olunduqda ödənişi hesaba köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka dəymiş zərərin məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Hesablanmış zərər məbləği ilə razılıq əldə olunmamış və zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təklif edilmişdir; xx.xx.2023-cü il tarixli Qüsur aktının surətindən görünür ki, Ceyranbatan qəsəbəsi, Bakı Quba yolunun 26-cı km-də yerləşən radar nöqtəsinə dəymiş zərər 796 manat məbləğində hesablanmışdır; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, qeyd olunan radara şirkət tərəfindən 796 manat zərər məbləği hesablanmışdır. xx.xx.2022-ci il tarixli, PME ********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X2 məxsus olan “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi sığortalanmışdır; xx.xx.2023-cü il tarixli, 9/8744 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində TŞ nöqtəsinə dəymiş zərərin məbləğin 4071 manat müəyyən olunmuşdur. Aşınma dərəcəsi 20% nəzərə alınmaqla təmir-bərpa xərci təxminən 3417 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə nəticəsində Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin Radar nöqtəsi zədələnmişdir. Qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermiş, lakin sığorta şirkəti cabadeh "xxxx" ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 idarə etdiyi “Mercedes Benz” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı Quba yolunun 26-cı km-də iddiaçıya məxsus radar nöqtəsinə maddi zərər vurmuşdur. İş üzrə aparılmış ekspert rəylərindən də aydın olur ki, ümumi dəymiş ziyan aşınma nəzərə alınmaqla 3417 manat müəyyən olunmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, yol-nəqliyyat hadisəsi baş verən kimi müvafiq icra hakimiyyəti orqanı olan X4 İdarəsinin əməkdaşları hadisəni rəsmiləşdirmiş, müvafiq protokol tərtib edilərək hadisənin səbəbləri, hadisə yerinin sxemi, baxış protokolu, sürücünün izahatı və digər xüsusatlar qanuna uyğun olaraq sənədləşdirilmişdir. Qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsinin səlahiyyətli orqanlar tərəfindən araşdırılması nəticəsində müəyyən edilmiş halların şübhə altına alınması əsaslı dəlil hesab edilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 6-cı bəndinin “qeyd” hissəsinə əsasən, yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Məhkəmə sığorta ödənişinin ödənilməməsi barədə iddiaçının irəli sürdüyü arqumentləri də əsaslı hesab edir. Belə ki, onun istinad etdiyi Mülki Məcəllənin 896-cı maddəsi qismən sığorta halını, yəni müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərindən az olduğu halı tənzimləyir və məhz bu halda sığortaçının zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəməli olduğunu nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi hissəsində qismən təmin edilməli, 3417 manat məbləğində sığorta ödənişi iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırkı iddiasının sığorta ödənişinin tutulması hissəsi qismən əsaslıdır, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, MM-nin 926.1-ci maddənin tələbləri baxımından sığorta ödənişi sığortaçı tərəfindən ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 21,8 manatı iddiaçıdan, 78,2 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3417 manat məbləğində sığorta ödənişi iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 21,8 manatı iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən, 78,2 manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-327/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-327/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver