Məhkəmə qərarları › İş №e-2(005)-3282/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3282/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3282/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-030 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 44 062.06 manat bundan- 23954.31 manat əsas, 20 107.75 manat faiz borcunun və iş üzrə ödənilmiş 222.19 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kirəm (Kirəmi) Mətanət Baba qızı ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı Kredit müqaviləsinə əsasən Kirəm (Kirəmi) Mətanət Baba qızına 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 26 464.34 manat məbləğində kredit vermişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 19 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, Bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 19 iyul 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Bank tərəfindən cavabdeh Kirəm (Kirəmi) Mətanət Baba qızına borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********727 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********777 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh "xxxx" ASC iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, kredidor İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh2 arasında 19 iyul 2010-cu il tarixli, AK-238 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana 239 ay müddətinə 26464,34 manat məbləğində kredit vermişdir. Eyni zamanda 19 iyul 2010-cu il taxdə Kredidor İddiaçı ASC, Zamin "xxxx" ASC və borcalan Cavabdeh2 arasında üçtərəfli Zaminlik müqaviləsi bağlanılmışdır. 19 iyul 2010-cu il tarixli Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunur ki, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hesab edirik ki, Zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh2 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə Cavabdeh2 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən iddia ərizəsinə etiraz edərək, qeyd etmişdir ki, kreditor əvvəlcə borcluya qarşı iddia tələbi irəli sürməli, daha sonra isə zaminə qarşı iddia tələbi ilə çıxış etməlidir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 19 iyul 2010cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 19 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. 19 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 22 iyun 2023-ci il tarixli **********777 saylı xəbərdarlıq məktubu ilə 19 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin yerinə yetirməsi tələb edilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmişdir, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarşı iddia qaldırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı Kredit müqaviləsinə əsasən Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 26 464.34 manat məbləğində 239 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Abşeron ray, Xırdalan qəs, Sumqayıt şos.7 km., bina 1, 83 blok, 2a saylı , ümumi yaşayış sahəsi 49.72 kv.m olan, 1 otaqdan ibarət mənzilin alınmasına verilir. - 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 291,69 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh2 gecikdirilmiş 26513,96 manat pulu 3 gün ərzində ödəməyəcəyi təqdirdə, kredit müqaviləsinin ləğv olunacağı, əsas və faiz borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - ləğv prosesində olan İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunur ki, bank tərəfindən X4 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********727 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, 19 iyul 2010-cu il tarixli AK-238 saylı Kredit müqaviləsi üzrə 26,841.38 manat gecikmiş borc məbləğinin 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinə əsasən 23954,31 manat əsas; 20107,75 manat faiz; cəmi 44062,06 manat məbləğində borcu yaranmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh2 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 26464.34 manat məbləğində kredit vermişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 19 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin borcalan Cavabdeh2 öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh2 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh2 xx.xx.2023-cü il tarixə ləğv prosesində olan İddiaçı ASC-nə 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinə əsasən 23954,31 manat əsas; 20107,75 manat faiz; cəmi 44062,06 manat borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə "xxxx" ASC-yə münasibətdə iddia tələbləri və ASC-nin iddiaya qarşı etirazları ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, borcalan Cavabdeh2 kreditor İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq "xxxx" ASC və İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Cavabdeh "xxxx" ASC müqavilənin bu bəndinə istinad edərək iddia tələbinə etirazını bildirmiş, məsuliyyətlərinin subsidiar xarakterli olması səbəbindən kreditorun borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilməsi imkanını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, həmin zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarından aydın olur ki, İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair Cavabdeh2 xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Məhkəmə qeyd edir ki, "xxxx" ASC zaminlik müqaviləsi bağlamaqla bu müqavilədə nəzərdə tutulmuş vəzifələri də öz üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Aydındır ki, zaminlik müqaviləsini səlahiyyətli nümayəndəsi vasitəsi ilə bağlamış, "xxxx" ASC bu müqavilənin 4.2-ci bəndinə də razılığını bildirmiş və bu bənddə nəzərdə tutulmuş öhdəliyi öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin zaminə, yəni "xxxx" ASC-yə münasibətdə təmin edilməsi üçün qanuni əsasların olduğu qənaətinə gəlir və hesab edir ki, iddia tələbləri bu hissədə də təmin edilməlidir. Məhkəmə kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Məhkəmə qeyd olunanlara əsasən iddianın kredit müqaviləsinin ləğvi hissəsində də qanuni və əsaslı olduğu qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbində kredit müqaviləsinin tarixi olaraq “xx.xx.2010-cu il tarixli”, nömrəsi olaraq “AK-030 saylı” nömrə qeyd edilsə də, iş materiallarından və iddiaçının nümayəndəsinin izahatlarından bu müqavilənin 19 iyul 2010-cu il tarixli və AK-238 saylı olduğu aydın olur. Bu səbəbdən də məhkəmə kredit müqaviləsinin iş materialları ilə təsdiq olunmuş tarixi və nömrəsini əsas götürür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsinə əsasən 23954,31 manat əsas; 20107,75 manat faiz; cəmi 44062,06 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 222,19 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 19 iyul 2010-cu il tarixli AK-238 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən 23954,31 manat əsas; 20107,75 manat faiz; cəmi 44062,06 (qırx dörd min altmış iki manat altı qəpik) manat məbləğində pul və 222,19 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar