Məhkəmə qərarları › İş №e-2(005)-3313/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3313/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3313/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, "xxxx" BOKT ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsinə əsasən müqavilə imzalanan tarixə 2531.55 (iki min beş yüz otuz bir manat əlli beş qəpik) qalıq məbləğini ödəməsi məqsədi ilə 2531.55 (iki min beş yüz otuz bir manat əlli beş qəpik) məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi, Borclu isə verilmiş krediti və bu müqavilə üzrə ona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Kredit verən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundanİddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsinə əsasən 1400.45 manat əsas borc, 18 manat hesablanmış faiz borcu, 280.09 manat dəbbə pulu olmaqla, cəmi 1698.54 manat kredit borcu və 38 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iləİddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 2531.55 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğlunun BOKTa 1400.45 manat əsas borc, 18 manat hesablanmış faiz borcu, 280.09 manat dəbbə pulu olmaqla,cəmi 1698.54 manat borcu vardır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC iləCavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - 25 iyul 2019-cu il tarixli,0023/pb/19 nömrəli kredit(restrukturizasiya) müqaviləsinin surətindən görünür ki,müqaviləyə əsasən,”Kreditor”- "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti “Borclu”nun- Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2531.55 (iki min beş yüz otuz bir manat əlli beş qəpik) qalıq məbləğini ödəməsi məqsədi ilə 2531.55 (iki min beş yüz otuz bir manat əlli beş qəpik) məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi, Borclu isə verilmiş krediti və bu müqavilə üzrəona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməməsi hüququ vardır. - 26 may 2025-ci il tarixli "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən borclu Cavabdeh göndərilmiş “borcun tələbi haqqında”bildirişin surətindən görünür ki, "xxxx" BOKT ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,0023/19/PB №-li kredit müqaviləsi üzrə borclu Cavabdeh borc öhdəliyini icra etmir.Bu səbəbdən də,həmin bildirişi alınan gündən 7(yeddi) gün ərzində göstərilən borc öhdəliyi icra edilmədiyi halda,məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 529931 seriya nömrəli mədaxil qəbzinin talonundan görünür ki,FM Express kuryer xidmətləri tərəfindən "xxxx" BOKT ASC-nin Cavabdeh ünvaladığı bildiriş çatdırılmış,lakin “ünvan sökülüb” qeydi aparılmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 37,60 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Hazırki iş üzrə cavabdeh - Cavabdeh (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ona qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən bidiriş(pretenziya məktubu) əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə borcalan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00223/PB/19 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən 2531.55(iki min beş yüz otuz bir manat, 55 qəpik) manat məbləğində kredit limiti ayrılmış, lakin Cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 1400,45 manat əsas; 18 manat faiz borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı , "xxxx" BOKT ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün Cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 280,09 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, 1400,45 manat məbləğində əsas borca münasibətdə 280.09 manat dəbbə pulunun hesablanması ədalətli və ağlabatan hesab edilə bilməz. Belə olan təqdirdə tənasübsüz dəbbə pulunun məbləği azaldılmalı və cavabdehdən 140 manat məbləğində cərimə borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 1400,45 (bir min dörd yüz manat, 45 qəpik) əsas borc,18 manat (on səkkiz) faiz borcu və 140 (iki yüz manat səksən qəpik, 09 manat) manat dəbbə borcu olmaqla, cəmi 1698,54 (bir min altı yüz doxsan səkkiz manat, 54 qəpik) kredit borcunun və 38 manat ödənilmiş dövlət rüsumunun 34 manatı tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 1400,45 (bir min dörd yüz manat, 45 qəpik) əsas borc, 18 manat (on səkkiz) faiz borcu və 140 (bir yüz qırx) manat dəbbə borcu olmaqla, cəmi 1558,45 (bir min beş yüz əlli səkkiz manat, 45 qəpik) kredit borcunun və 38 manat ödənilmiş dövlət rüsumunun 34 manatı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar