Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3320/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 1463.00 AZN, faiz borcuna görə 196.21 AZN, cərimə borcuna görə 237.32 AZN cəmi 1896.53 (bir min səkkiz yüz doxsan altı manat, əlli üç qəpik) AZN məbləğində borcun və 38.97 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1658 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28,00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard" adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1463,00 AZN, faiz borcuna görə 196,21 AZN, cərimə borcuna görə 237,32 AZN olmaqla cəmi 1896,53 (bir min səkkiz yüz doxsan altı manat, əlli üç qəpik) AZN borcu təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi məqsədilə tərəfilərindən cavabdehə Pretenziya məktubu göndərilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh qeydiyyat ünvanı üzrə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş Cavabdeh tərəfindən ünvan düzgün olmadığından qəbul edilməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Məhdud Məsuliyyətli QBKT ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1658 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28,00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. -xx.xx.2023-cü il tarixli “Fincard” kredit vermə qəbzindən - Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında ona təqdim edilmişdir. -xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKT-na 1463,00 AZN əsas borcu, 196,21 AZN faiz borcu, 237,32 AZN cərimə borcu olmaqla cəmi 1896,53 (bir min səkkiz yüz doxsan altı manat, əlli üç qəpik) AZN borcu var. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -xx.xx.2025-ci il tarixli, **********59 №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1658 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28,00 % dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Müqavilə ilə Kredit Alan verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit Verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, cavabdeh kredit məbləği ilə təmin olunmuşdur, lakin qarşı tərəf müqavilə üzrə ödənişləri etməməklə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh banka olan 1463 manat əsas borcunu ödəməlidir. Həmçinin yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir (illik 28%; müqavilənin 1.2-ci bəndi). Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 196,21 manat faiz borcu hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin cavabdehdən 237,32 manat cərimə tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən Kredit Alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit Alan Kredit Verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1% -i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, Kredit Verən və Kredit Alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, müqavilə üzrə cavabdehdən tələb olunan 1463 manat əsas borcun məbləğini nəzərə alaraq, tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 237,32 manat məbləğində cərimənin 146 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1463,00 (min dörd yüz altmış üç) manat əsas borc, 196,21 (yüz doxsan altı manat 21 qəpik) manat faiz borcu, 146 (yüz qırx altı) manat cərimə borcu olmaqla cəmi 1805,21 (min səkkiz yüz beş manat 21 qəpik) manat borc və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1463,00 (min dörd yüz altmış üç) manat əsas borc, 196,21 (yüz doxsan altı manat 21 qəpik) manat faiz borcu, 146 (yüz qırx altı) manat cərimə borcu olmaqla cəmi 1805,21 (min səkkiz yüz beş manat 21 qəpik) manat borc və 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3320/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3320/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver