Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3322/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 114/19/PB saylı kredit müqaviləsinə əsasən 569.82 manat əsas borc, 38.33 manat hesablanmış faiz borcu, 488.33 manat dəbbə pulu olmaqla, cəmi 1096.48 manat və ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 114/19/PB saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019cu il tarixli, 114/19/PB saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 575.26 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 114/19/PB saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 569.82 manat əsas borc, 38.33 manat hesablanmış faiz borcu, 488.33 manat dəbbə pulu olmaqla,cəmi 1096.48 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçı tərəf məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 114/19/PB saylı “Kredit (Restrukturizasiya) müqaviləsi”nə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 575,26 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 575,26 manat məbləğində güzəştli krediti verməyi, Cavabdeh isə verilmiş krediti və bu müqaviləninh tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyin tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. 30 dekabr 2019-cu il tarixli 114/19/PB saylı “Kredit (Restrukturizasiya) müqaviləsi”nin ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay ödənişlər etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh 30 dekabr 2019-cu il tarixli 114/19/PB saylı “Kredit (Restrukturizasiya) müqaviləsi” üzrə arayış verilən tarixə 569.82 manat əsas borc, 38.33 manat hesablanmış faiz borcu, 488.33 manat dəbbə pulu olmaqla, cəmi 1096.48 manat borcu vardır. xx.xx.2022-ci il tarixli borcun tələbi haqqında bildirişdən görünür ki, Cavabdeh kredit borcunu bildirişi aldığı gündən etibarən 7 gün ərzində ödəmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bildiriş xx.xx.2022-ci il tarixdə “Novruzov” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərin məzmunu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin müqavilə predmeti olan borc pul məbləğini Cavabdeh mülkiyyətinə vermək vəzifəsindən və Cavabdeh müqavilə üzrə razılaşdırılmış qaydada və müddətlərdə ödənişlər edilməsini tələb etmək hüququndan, Cavabdeh borc məbləğini əldə edərək öz mülkiyyətinə daxil etmək hüququ və əsas borc və ona hesablamış faizləri razılaşdırılmış qaydada və müddətdə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödəmək vəzifəsindən ibarətdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin Cəlili-Cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 114/19/PB saylı “Kredit (Restrukturizasiya) müqaviləsi”nə əsasən Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş məbləği qəbul etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka borcu yaranmışdır. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 569,82 manat məbləğində əsas borc, 38,33 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 1096.48 manatın 613,15 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 31 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 569,82 manat məbləğində əsas borc, 38,33 manat məbləğində faiz borcu, 5 manat cərimə, cəmi 613,15 manat məbləğində borc, o cümlədən 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 569,82 manat məbləğində əsas borc, 38,33 manat məbləğində faiz borcu, 5 (beş) manat cərimə, cəmi 613,15 (altı yüz on üç manat on beş qəpik) manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC -nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3322/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3322/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver