Məhkəmə qərarları › İş №e-2(005)-334/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-334/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-334/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 639.16 manat əsas borc, 3698.42 manat faiz borcu olmaqla, cəmi 14 337.58 manat məbləğində kredit borcunun və ödənilmiş 133.02 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 12300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında xx.xx.2022ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu – 10 639.16 manat əsas borc, 3698.42 manat faiz borcu olmaqla, cəmi 14 337.58 manat təşkil edir. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 14 337.58 manat olduğundan, 133.02 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 639.16 manat əsas borc, 4866.37 manat faiz borcu olmaqla, cəmi 15505.53 manat məbləğində kredit borcunun və ödənilmiş 136.52 manat dövlət rüsumunun, habelə 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələblərinin faiz borcu hissəsində əsassız olduğunu, ona verilən pensiya məbləğindən pulun tutulmasına baxmayaraq faiz borc məbləğinin artmaqda davam etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 12300 manat məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 367.8 manat, sonuncu ay isə 365.8 manat ödəməyi öhdəsinə götürmüşdür. - Maliyyə arayışından aydın olur ki, Cavabdeh xx.xx.2023-cü il tatixədək ödənilməmiş əsas borcu 10639.16 manat, cəmi ödənilməmiş faiz borcu 4866.37 manat, cəmi borc məbləği 15505.53 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğini 5 gün ərzində ödəməyəcəyi halda borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin 9/9051 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 xx.xx.2019-cu il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə əsas borcu 10663.39 manat və faiz borcu 3989.14 manat təşkil edir. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair verdiyi ərizələrə münasibət bildirməyi zəruri bilərək qeyd edir ki, kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 48 ay müddətinə bağlanmışdır və həmin müqaviləyə dair ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixədə əsas borc və ona hesablanmış faizlər ödənilməli idi. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Mülki işə məhkəmə baxışı gedişində də kredit borcuna faizlərin hesablanması və beləcə ilkin iddia tələbindən daha çox məbləğdə faiz borcunun yaranması kredit müqaviləsi və ona dair ödəniş cədvəlinin şərtlərindən irəli gəlib qanunvericiliyə zidd deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin həcminin artırılması barədə ərizəninin qanunvericiliyin tələblərinə uyğun verildiyini nəzərə alaraq qəbul edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh kredit məbləğini alaraq istifadə etmiş, lakin borcunu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh da kredit məbləğindən istifadə etdiyini lakin ödənişləri lazımi qaydada etmədiyini təsdiq etmiş, lakin faiz borc məbləğinin şişirdilmiş olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin bu etirazları ilə bağlı qeyd edir ki, cavabdeh etirazını əsaslandıran hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ekspert rəyindən əsas borc məbləğinin 10663.39 manat , faiz borc məbləğinin 3989,14 manat olduğu müəyyən olunur. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğinin deyil, ekspert rəyində qeyd olunan əsas borc məbləğinin cavabdehdən tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 136,52 manat məbləğində dövlət rüsumu, həmçinin 0.80 manat bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq 50 (əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10663.39 manat əsas borc, faiz borcu üzrə 3989,14 manat olmaqla, cəmi 14652,53 manat (on dörd min altı yüz əlli iki manat əlli üç qəpik) manat kredit borcu, ödənilmiş 136,52 manat məbləğində dövlət rüsumu, həmçinin 0.80 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq 50 (əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar