Məhkəmə qərarları › İş №e-2(005)-3347/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3347/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3347/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 8992 manatın, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 210 manat və dövlət rüsumuna görə ödənilmiş 110 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və müqavilə üzrə verilmiş 720 m2 ayaqaltı iskələnin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, RP211001RQ saylı müasir ayaqaltı və betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh razılaşdırılmış icarə və xidmət haqqını ödəməyi, İddiaçı MMC isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Tərəflərindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, 1400m2 ayaqaltı iskələ cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 680 m2 ayaqaltı iskələ geri qaytarılmışdır. xx.xx.2021ci il tarixli, RP211001RQ saylı icarə müqaviləsi üzrə iyun ayına olan ümumi borc məbləği 8922 manat müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və müqavilələr üzrə verilmiş 720 m2 ayaqaltı iskələ geri qaytarılmamışdır. Cavabdehin istifadəsində olan 720 m2 ayaqaltı iskələnin dəyəri 5760 manat təşkil edir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 8992 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 210 manat hüquqi yardıma xərc çəkmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4021/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin cavabdehin fərdi sahibkar statusuna malik olmaması səbəbindən iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadda Cavabdeh rəsmi qeydə alındığı yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilən malları iddiaçıdan götürdüyünü qəbul etdiyini, iddiaçıya mallarını geri qaytaracağını və ödənişlər edəcəyini, sadəcə işlər yekunlaşmadığından məbləği hesablayıb qaytara bilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, onlarla danışıqlar aparılsa da, onlar məhkəməyə müraciət etməyə üstünlük vermişlər. Lakin mallar qaytarıldıqda, məbləğ iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi olmamalıdır. Məhkəmə iddia ərizəsini, əvvəlki məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RP211001RQ nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı MMC ona məxsus əmlakı “icarəçi” Cavabdeh istifadəyə verməyi, “icarəçi” Cavabdeh isə müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixli, RP211001RQ nömrəli icarə müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, miqdarı 1400 m2 olan “İskələ Türk” adlı əşyalara görə aylıq icarə haqqı 1120 manat, daşınma xidməti 100 manat təşkil edir; xx.xx.2021-ci il tarixli, RP211001RQ nömrəli icarə müqaviləsinə 520/1 nömrəli Əlavə təhvil-təslim aktının surətindən görünür ki, “İskələ Türk” adlı əşyaların miqdarı 1400 m2, hər m2 11 manat olmaqla, ümumi dəyəri 15400 manat təşkil edir; İddiaçı MMC-nin maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, RP211001RQ saylı icarə müqaviləsi üzrə ümumi borcu 8992 manatdır. xx.xx.2021ci ildən xx.xx.2022-ci ilə qədər icarə dəyəri 7840 manat; xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər icarə dəyəri 1152 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir; "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “De Fendo” Vəkil Bürosuna 210 manat ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixində icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh razılaşdırılmış icarə və xidmət haqqını ödəməyi, İddiaçı MMC isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərini tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi və həmin müqaviləyə əlavəyə əsasən 1 aylıq icarə haqqı 1120 manat olan malların cavabdehə icarəyə verilməsi razılaşdırılmışdır. Hər iki tərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə eyni tarixli əlavə təhvil-təslim aktına əsasən 15400 manat dəyərində 1400 m2 iskələ cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Bundan başqa, xx.xx.2021-ci il tarixli hər iki tərəfin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən mallar tam və yararlı vəziyyətdə təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına görə 1400 m2 iskələdən 680 m2 geri qaytarılmış, 720 m2 iskələ isə hazırda cavabdehin istifadəsindədir və cavabdehin icarə müqaviləsi üzrə yekun borcu 8992 manat təşkil edir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın həmin hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iddianın “xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə əşyaların istifadə üçün yararlı vəziyyətdə icarəçiyə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən müvafiq sübut təqdim edilmədiyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarəyə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edərkən cavabdeh bunu mübahisələndirməmiş, iddianı qəbul edərək borclarını ödəyəcəklərini, eyni zamanda tələb olunan icarə haqqı məbləğinin nisbətən çox olduğunu bildirmişdir. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını və cavabdehin izahatını nəzərə alaraq qeyd edir ki, iddia 8992 manat pulun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində, eləcə də maliyyə arayışında miqdarı 1400 m2 olan iskələlərə görə aylıq icarə haqqının 1120 manat olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixə qədər icarə dəyəri 7840 manat hesablanmışdır. Lakin məhkəmə qeyd edir ki, maliyyə arayışına nəzər yetirildikdə həmin dövr ərzində tam olaraq 7 ayın tamam olmadığı, icarəyə götürülən əmlakın bir qismi olan 680 m2 hissəsinin xx.xx.2022-ci il tarixdə, yəni 7 ayın tamam olmasına 7 gün qalmış qaytarıldığı görünür. Odur ki, həmin dövr üzrə tam 7 ay deyil, 6 ay 23 gün üçün icarə haqqı hesablanmalı və 8723 manat (1120 manat/30 gün = 1 gün üçün icarə haqqı 37 manat, (6 ay *1120 manat = 6720 manat) + (23 gün * 37 manat = 851 manat) = 7571 manat + 1152 manat=8723 manat)) məbləğində icarə haqqı cavabdehdən tutulmalıdır. Məhkəmə iddiaçının müqavilə üzrə icarəyə verilmiş əşyaların bir hissəsinin geri qaytarılması tələbilə bağlı əvvəlki məhkəmə iclaslarında tərəflərin verdikləri izahatları, maliyyə arayışını və əks halı təsdiq edə biləcək hər hansı bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin müqavilə üzrə öhdəliyini pozmasını və tərəflərin bağladığı müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslıdır və cavabdeh icarəyə götürdüyü icarə obyekti olan 720 m2 ayaqaltı iskələləri iddiaçıya qaytarmalıdır. O da qeyd edilməlidir ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci ildə bir il müddətinə bağlanmışdır və müqavilənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Bundan başqa, məhkəmə iddianın hüquqi yardıma görə vəkilə ödənilmiş 210 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilə ödənilmiş 210 manat pulun ağlabatan məbləğ olduğunu nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli icarə müqavilə üzrə icarəyə götürülmüş icarə obyektinin bir hissəsi olan 720 m2 ayaqaltı iskələ iddiaçıya qaytarılmalı, xx.xx.2021ci il tarixli icarə müqavilə üzrə 8723 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 210 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 110 manatın 106 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli icarə müqavilə üzrə 8723 (səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli icarə müqavilə üzrə icarəyə götürülmüş icarə obyektinin bir hissəsi olan 720 m2 ayaqaltı iskələ Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 110 manatın 106 (yüz altı) manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar