Məhkəmə qərarları › İş №e-2(005)-3351/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3351/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3351/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1985,31 manat əsas, 485,83 manat faiz borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən 3000 manat əsas, 744,90 manat faiz borcunun Cavabdeh2 və ödənilmiş 82,16 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26.90 faiz dərəcəsi ilə 5600 manat məbləğində kredit verilmiş, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən illik 25 faiz dərəcəsi ilə 3000 manat kredit xətti ayrılmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 ilə həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilələrin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1985,31 manat əsas, 485,83 manat faiz, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqaviləyə əsasən isə 3000 manat əsas, 744,90 manat faiz brocu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya qismən etiraz edərək kreditin bir hissəsini onun tanışı olan digər cavabdehə görə götürdüyünü bildirmiş və bu səbəbdən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə eilmiş: “Kapital Bank" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BBLK0920797A163 saylı kredit kartına dair müqaviləyə əsasən sonuncuya illik 25 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixədək 3000 manat kredit xətti ayrılmışdır; “Kapital Bank" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0891503A163 saylı kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh2 36 ay müddətinə, illik 26.9 % hesablanmaqla 5600 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; “Kapital Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Z- GTKR0891503A163 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli, GTKR0891503A163 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh2 xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 1985,31 manat əsas, 485,83 manat faiz borcu, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə 3000 manat əsas, 744,90 manat faiz borcu yaranmışdır; "xxxx" ASC tərəfindən borclulara ünvanlanan xx.xx.2022-ci il tarixli sonuncu bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdar olunmuşlar; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 82,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi və kredit kartına dair müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. İddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə cavabdeh - Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh - Cavabdeh1 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1985,31 manat əsas, 485,83 manat faiz borcu, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə 3000 manat əsas, 744,90 manat faiz borcu yaranmışdır. Digər Cavabdeh1 isə xx.xx.2019-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasında kreditin bir hissəsinin bankdan digər Cavabdeh1 xahişi ilə götürərək ona verdiyini, eləcə də cavabdehin kartının onda olduğunu, lakin sonuncu tərəfindən bloklandığından işlək vəziyyətdə olmadığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Digər cavabdehə məxsus işlək olmayan kartın onda olması isə həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Sübut o halda mötəbər sübut hesab oluna bilər ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun gəlsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1985,31 manat əsas, 485,83 manat faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə 3000 manat əsas, 744,90 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumuna görə 82,16 manat məbləğində pulun 32,66 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 49,50 manatı isə Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1985,31 (min doqquz yüz səksən beş manat, otuz bir qəpik) manat əsas, 485,83 (dörd yüz səksən beş manat, səksən üç qəpik) manat faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə üzrə 3000 (üç min) manat əsas, 744,90 (yeddi yüz qırx dörd manat, doxsan qəpik) manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 82,16 manat məbləğində pulun 32,66 (otuz iki manat, altmış altı qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 49,50 (qırx doqquz manat, əlli qəpik) manatı isə Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar