Məhkəmə qərarları › İş №e-2(005)-3382/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3382/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3382/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızı katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 1953,60 manat məbləğin, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat vəsaitin və 46 manat dövlət rüsumunun tutularaq Bakı şəhəri 9 saylı notariat ofisinin Xüsusi notariusu X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın alqısatqısı müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 saylı evin 186 nömrəli mənzilinin ümumi sahəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən satıcı Cavabdeh 1953,60 manat məbləğində sadələşdirilmiş vergi tutulmalıdır. Lakin həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən həmin vəsait Bakı şəhəri 9 saylı notariat ofisinin Xüsusi notariusu, yəni iddiaçı X6 tərəfindən ödənilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, həmin vəsait bugünədək geri ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 1886 saylı, xx.xx.2025-ci il tarixli Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 1953,60 manat borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur; xx.xx.2025-ci il tarixli, **********93 saylı qəbzin surətindən görünür ki, X6 tərəfindən “PulPal” elektron ödəniş sistemi vasitəsi ilə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 580 manat vəsait mədaxil edilmişdir; xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, X6 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx.xx.2025-ci il tarixli, № MVİYLyy3 saylı Ödəniş tapşırığının surətindən görünür ki, emitent (ödəyən) bank KapitalBank ASC, 9 saylı Notariat şöbəsi və ödəyici X6 olmaqla, 1953,60 manat pul İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına köçürülmüşdür; xx.xx.2025-ci il tarixli, AN-İ seriyalı, № ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 89,2 kv.m, yaşayış sahəsi 47,7 kv.m, yardımçı sahəsi 41,5 kv.m olan 2 otaqlı mənzili tam hissədə “Alıcı” X8 mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin dəyəri qismində 253500 manat pulu “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4(b) bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə satıcı Cavabdeh 1953,60 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Müqavilə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, “Satıcı” Cavabdeh ilə “Alıcı” X9 arasında predmet qismində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 8 saylı evin 186 nömrəli mənzili olmaqla, xx.xx.2025-ci il tarixli, AN-İ seriyalı, № ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 4(b) bəndində Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq Cavabdeh 1953,60 manat məbləğində sadələşdirilmiş vergi tutulması öz əksini tapmışdır. Lakin satıcı həmin məbləği ödəmədiyindən müqaviləni təsdiqləyən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən həmin vəsait İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına köçürülmüşdür. X1 maddi ziyana düşməsini Cavabdeh müvafiq məbləği ona geri qaytarmaqdan yayınması ilə izah edərək, məhkəmə qaydasında həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, AN-İ seriyalı, № ******* saylı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə Cavabdeh 1953,60 manat məbləğində sadələşdirilmiş vergi ödəməsi barədə öhdəliyi mövcud olmuşdur. Belə ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən göstərilmiş xidmətlər müqabilində cavabdeh müvafiq məbləğləri ödəməli olsa da, ödəniş həyata keçirilməmiş və bu səbəbdən pulu xx.xx.2025-ci il tarixli, № MVİYLyy3 saylı Ödəniş tapşırığına əsasən iddiaçı X2 Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hesabına köçürmüşdür. Həmin sadələşdirilmiş verginin iddiaçı tərəfindən ödənilməsinin təmin edilməsi cavabdehi zəruri olan xərclərdən azad etməklə (müvafiq xərclərə qənaət etməklə) sonuncunun öz əmlak mənafeyini iddiaçının əmlakı hesabına təmin etməsi təsdiqini tapır. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən iddiaçı X5 1953,60 manat məbləğində pul vəsaiti qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 580 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 580 manat pulun ağlabatan məbləğ olduğunu və Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu olaraq 46 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi zərərə görə 1953,60 manat məbləğ, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat vəsait və 46 manat dövlət rüsumu tutularaq Bakı şəhəri 9 saylı notariat ofisinin Xüsusi notariusu X4 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1953,60 manat pul, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat vəsait və 46 manat dövlət rüsumu tutularaq Bakı şəhəri 9 saylı notariat ofisinin Xüsusi notariusu X4 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar