Məhkəmə qərarları › İş №e-2(005)-3395/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3395/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3395/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Şahbala oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahbala oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 26 saylı notariat ofisi xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə görə o, 10000 məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. İddiaçı Şahbala oğlu məhkəməyə elektron sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Şahbala oğlunun işçisi olmuş, işə qəbulun şərtlərindən biri qeyd edilən müqavilənin bağlanması olmuş, ona görə aralarında belə bir borc müqaviləsi imzalanmışdır. İddiaçı ona borc pul verməmişdir. İddiaçı bütün işçiləri ilə bu cür borc müqaviləsi bağlamış və hazırda iddiaçı müxtəlif məhkəmələrdə öz işçilərinə qarşı eyni əsasla borc müqaviləsi üzrə pulun tutulmasına dair iddia tələbi irəli sürmüşdür. İddiaçının həmin iddiaları rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 cavabdehin iş yoldaşı olduğunu, iddiaçının şirkətin rəhbəri olduğunu, eyni müqavilənin onunla da bağlandığını, lakin heç birinin pul almadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 cavabdehlə bir şirkətdə işlədiyini, iddiaçının isə şirkətin direktoru olduğunu və onun hamı ilə formal müqavilə bağlayıb iş prinsipinin belə olduğunu söylədiyini bildirmişdir. Eyni müqavilə onunla da bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya) görünür ki, İddiaçı Şahbala oğlu Cavabdeh kredit müqaviləsi üzrə borc məbləğinin 5 iş günü müddətində tam ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 3M-254 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Şahbala oğlu (borc verən) Cavabdeh (borc alan) 10000 manat məbləğində borc pul verməyi, sonuncu isə xx.xx.2022-ci il tarixədək bu məbləği borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə mübahisəli hal ondan ibarətdir ki, iddiaçı borc müqaviləsinə əsasən verilmiş pulu müqavilədə göstərilən tarixə kimi qaytarılmaması əsası ilə borcunun qaytarılmadığını mübahisələndirir. Tələbini Mülki Məcəllənin 442 və 443-cü maddələri ilə əsaslandırır. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsində qeyd olunanların izahatı kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə bu müqavilənin formal olduğunu, əslində iddiaçının onun rəhbəri olduğunu, işə götürən zaman belə müqavilə imzalatdığını bildirmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanılmış kredit (borc) müqaviləsi bağlanan zamanı notariat hərəkətlərinin aparılması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmuş, lakin iddiaçının bildirdiyinin əskinə olaraq müqavilənin şərtləri ilə bağlı tərəflərin bu müqaviləni formal olaraq bağlaması, yəni tərəflər arasında fərqli qaydada hesablaşma qaydası cavabdehin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması zamanı bunun təsdiq edən əsaslarlar müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı həqiqətən pulu cavabdehə verdiyini sübuta yetirməli, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Məhkəmə onu da qeyd edir ki, cavabdehin iddiaçıya məxsus şirkətdə işləməsi borcun tərkib hissəsi olması tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsində nəzərdə tutulmasa da, tərəflər arasında bu formada razılığa gəlinməsi məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunduğuna görə cavabdehin iddiaçıya məxsus şirkətdə bağlı belə bir borc müqaviləsini imzaladığı, iradə ifadəsinə zidd əqdi bağlamasa belə, məhkəmə üçün bu müqavilənin pərdələnmiş olduğu nəticəsinə gəlinməsinə kifayətdir. Məhkəmə iclasında iştirak edən şahidlərin verdiyi ifadələr bu faktı təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli AR Konstitusiya Məhkəməsinin qərarı) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi tərəfindən bu qəbildən olan əqdlərlə bağlı formalaşdırılmış hüquqi mövqe tərəflərin gəldiyi iddia edilən razılıq, onların əsl niyyətlərinin ifadə olunduğu müqavilənin mövcudluğunun müəyyən edilməsi vacib həlledici əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 26 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli kredit (borc) müqaviləsi etibarsızdır. İddiaçı iddia ərizəsində borc müqaviləsinin tarixini “xx.xx.2021-ci il” kimi qeyd etsə də, lakin iş materiallarına əlavə edilmiş borc müqaviləsində müqavilənin tarixi “xx.xx.2021-ci il” olduğu görünür. Məhkəmə qeyd edir ki, borc verən müqavilənin 1-ci bəndində göstərilən məbləğdə pulu borc alana verməsi sübuta yetmir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı və şahid ifadələri ilə müqavilədə göstərilən pulu borcalana verilməsi sübuta yetmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsində əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əmək münasibətlərində tərəflərin əsaslandığı əsas prinsiplərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Görünüdüyü kimi, iddiaçının cavabdeh ilə birlikdə həmin müəssisədə işləyən digər işçilərlə eyni məzmunlu müqavilələr bağlaması və bunu öz işləmə prinsipi kimi tətbiq etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin əsas prinsiplərindən biri kimi müəyyən edilmiş əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipinə zidd olduğu üçün bu müqavilə üzrə onu bağlayan tərəflərin hüquq və vəzifələrinin yaranmasından danışmaq mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda sadalananlara əsasən əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şahbala oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar