Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3398/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 7148,89 ABŞ dolları, bundan 4799,70 ABŞ dolları əsas, 1648,37 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 700,82 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO QSC “Bank Standart” KB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 16.06.2015-ci il tarixli 100/09/111657/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 16 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 4799,7 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 24.04.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi 7148,89 ABŞ dolları, bundan 4799,70 ABŞ dolları əsas, 1648,37 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 700,82 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib bildirdi ki, məhkəmə onlara 14.07.2021-ci il tarixli məhkəmə iclasında vaxt versə də tələblrinin əsasını təşkil edən müqaviləni tapa bilməmişlər. Bununla belə maliyyə arayışı mövcud olduğundan iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 03.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bank ilə Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli 100/09/111657/15/1 saylı kredit müqaviləsi üzrə 27.04.2021-ci il tarixinə yaranmış tələb əsas borc üzrə 4799,70 ABŞ dolları, faiz üzrə 1648,37 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 700,82 ABŞ dolları olmaqla, cəmi 7148,89 ABŞ dolları məbləğindədir. İş materiallarında olan ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 23/25, 70 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdeh ilə kredit müqaviləsi bağlanmasını ərizədə qeyd etsə də, məhkəmə iddiaçı bank tərəfə 14.07.2021-ci il tarixli məhkəmə iclasında vaxt versə də tələblrinin əsasını təşkil edən müqaviləni tapa bilməmişlər. Bununla belə maliyyə arayışı mövcud olduğundan iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də həmin müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəmə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə borcun etirafına dair ərizə daxil olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd olunması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı LPO QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3398/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3398/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver