Məhkəmə qərarları › İş №e-2(005)-340/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-340/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-340/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nüməyəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X12 112 Vito 112” markalı, QQ-462-UQ dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “X12 112 Vito 112” markalı, QQ-462-UQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota LC 200” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ DYPŞ-dən İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/348 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nüməyəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2020-ci il tarixli, PAA ********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 məxsus olan “X12 112 Vito 112” markalı, QQ-462-UQ dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalanmışdır; xx.xx.2023-cü il pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini "xxxx" ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur; xx.xx.2020-ci il tarixli 002926 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 3471,5 manat məbləğində sığorta ödənişini X5 məxsus hesaba köçürülmüşdür; xx.xx.2020-ci il tarixli 002344 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 1528,5 manat məbləğində sığorta ödənişini X3 məxsus hesaba köçürülmüşdür; Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “X12 112” markalı, QQ462UQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “X12 112” markalı, QQ462UQ dövlət qeydiyyat nişanlı avtomobil zərər vurulduğu müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə AR İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması qeyd edimişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9838 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Pit Stop” servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota LC 200” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1500 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, “Kia Motors” servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sportage” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3660 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh etibarnamə əsasında “X12 112” markalı, QQ462UQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələbini pozmaqla “Toyota LC 200” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Dəymiş zərər 3471,5 manat və 1528,5 manat "xxxx" ASC tərəfindən qiymətləndirilmiş və həmin məbləğdə sığorta ödənişləri zərər çəkən şəxslərə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də, sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9838 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən “Toyota LC 200” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə ümumilikdə 5160 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Hazırda iddiaçının icbari sığorta ödənişi üzrə müəyyən edilmiş 5000 manat sığorta ödənişi zərər çəkmiş şəxslərə ödədiyi müəyyən edilmişdir. İddiaçı sığorta ödənişi üzrə ödədiyi 5000 manat pulu subroqasiya qaydasında tələb edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat, cəmi 5070 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya hüququ ilə əlaqədar 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manatın əvəzi olmaqla, cəmi 5070 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar