Məhkəmə qərarları › İş №e-2(005)-3406/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3406/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3406/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq tutulan 175 manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 658 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X4 İddiaçı yanında qalması və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ailəyə laqeyd münasibətinə görə nikah pozulmasına səbəb cavabdehin laqeyd hərəkətləri sonradan da davam etdi. Belə ki, valideynik vəzifəsini lazımınca dərk etsəydi başa düşərdi ki, uşağın bütün qayğılarını çəkən, təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan lakin çox vaxtda buna nail ola bilməyən daimi iş yeri və stabil qazancı olmayan tək ana üçün 175 manat alimentlə 9 yaşlı oğlan uşağını saxlamaq çətindir. İddiaçı dəfələrlə cavabdehə uşağın artan tələbatını ödəməsi üçün əlavə maddi yardım etməsini bildirsəm də, o razı olmamışdır. Halbuki, kifayət qədər yüksək gəlirə məxsusdur və istəsə hər ay ən azı 100 manat həcmində əlavə maddi yardım etmək ona çətin olmaz. Lakin qeyd etdiyi kimi o əlavə maddi yardımdan boyun qaçırtdı. Belə olan halda uşağın saxlanılması üçün qətnamə ilə təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Hesab edir, Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini və uşaqların mənafeyini nəzərə alan məhkəmə iddianı təmin edəcəkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay tutulan 175 manat sabit pul məbləğində alimentin hazırda uşağın saxlanması üçün yetərli olmadığı bildirdi və 2023-cü il tarixdə yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum məbləğ olan 220 manat alimentin cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qənbul etdiyini bildirərək, uşağın yetkinlik yaşına çatanadək hər ay 220 manat aliment ödəməyə razı olduğunu, dövlət rüsumu və mediasiya xərcini isə rəsmi iş yerinin olmaması səbəbindən ondan tutulmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Binəqədi Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X5 arasında 07 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 658 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05 oktyabr 2014-cü il təvəllüdlü X4 anası X2 yanında qalması qət edilmişdir. Cavabdeh 18 fevral 2021-ci il tarixdən başlayaraq 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 05 oktyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli i qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 05 oktyabr 2014-cü il təvəllüdlü X1 Səkinə Şakir qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 175 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay uşağa görə 250 manat sabit aliment tutulmasını xahiş edir. Məhkəmənin baxış iclasında verdiyi izahatında uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 manat aliment tutulmasının yetərli olduğunu bildirdi. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin müəyyən edildiyi dövr (2012-ci ilin yanvar ayı) ilə 2023-cü ilin sentyabr ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 14.1 faiz artmışdır. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)- 2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər uşağa görə tutulan alimentin məbləği artırılaraq 175 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alaraq artırılan aliment məbləğinin uşaqlar üçün yaşayış minimumu həddində müəyyən edilməsini daha ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı müvafiq iddia tələbləri olduğundan ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(001)-2697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 05 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar