Məhkəmə qərarları › İş №e-2(005)-3441/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3441/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3441/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinə əsasən müəyyən edilmiş 8000 (səkkiz min) manat icarə haqqının və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən "xxxx" MMC) tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında Bakı şəhəri 54 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə icarəçi 31 dekabr 2021-ci il tarixinə qədər icarə sahəsi əsasında qalmaqla fəaliyyət göstərmiş, sonradan heç bir məlumat vermədən obyekti tərk etmiş, real icarə borcunu ödəməmişdir. Müqavilənin şərtlərinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226.6 kv.m olan qeyri-yaşayış sahəsinin 64.9 kv/m hissəsini icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2018-ci il tarixinə qədər müəyyən edilir və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur. Həqiqətən də xx.xx.2017-ci il tarixində bağlanmış icarə müqaviləsi üzrə icarə obyektinə daxil olmuş Cavabdeh oradan 31 dekabr 2021-ci il tarixində çıxmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri X7 üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********7346200 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən vergi orqanlarında qeydiyyatda olması barədə məlumat mövcuddur, lakin təsərrüfat subyektlərinin qeydiyyat məsələləri kommersiya sirri təşkil etdiyinə görə təqdim edilməsi təmin edilməmişdir. Həmin sübutun əldə olunmasında əsas məqsəd icarə obyektinin Cavabdeh tərəfindən hansı tarixə qədər uçotda saxlamasını göstərmək və bununla da icarə müqaviləsinin real icra müddətini məhkəmənin diqqətinə çatdırmaqdır. İddia ərizəsinə əlavə edilmiş AR X2 Bakı şəhəri Reklam İdarəsinin 14 iyul 2022-ci il tarixli Rİ-1/xx-xx/1881 saylı məktubundan görünür ki, Cavabdeh açıq məkanda reklam yerləşdirməsi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər icazələr almışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş 1 saylı əlavə razılaşmanın məzmunundan görünür ki, cavabdeh üzərinə əlavə öhdəliklər götürmüşdür. Həmin öhdəliklər: Cavabdeh icarə obyektini avtomobil şinlərinin satışı mağazası kimi istifadə etməli, icarə obyektində “X3” dizayn konsepti tətbiq olunacaq və əsas müqavilə qüvvədə olduğu müddət daha qısa olmadıqda azı beş il həmin konsepti dəyişdirmədən saxlamalı, icarə obyektində “Pirelli” markalı təkər şinlərinin ticarəti ümumi ticarət dövriyyəsinin 50% hissəsindən az olmamaqla təmin edilməli və pərakəndə satışa çıxardığı “Pirelli” şinlərini yalnız "xxxx" MMC-dən topdan satış qiyməti ilə almalıdır. Əlavə razılaşmanın tələbləri icarəçi tərəfindən pozulduqda icarəyə verən əlavə razılaşmanı birtərəfli qaydada poza və icarəçidən otuz min manat cərimə tələb edə bilər. Cavabdeh 1 saylı əlavə razılaşmanın şərtlərini pozmuş, azı beş il həmin konsepti dəyişdirmədən saxlamaq öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçının özünün "xxxx" MMC qarşısında olan öhdəlikləri pozulmuş, həmin cəmiyyətə iddiaçının cərimə ödəmək təhlükəsi yaranmışdır. İddiaçı daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizə verərək, bildirir ki, cavabdeh 2021-ci ilin fevral ayının sonuna qədər icarə haqqı öhdəliyini icra etmiş, lakin həmin tarixdən sonrakı 10 ay ərzində aylıq icarə qiymətini qərəzli şəkildə ödəməmiş və bununla da 8.000 (səkkiz min) manat ödənilməmiş icarə haqqı və 1 saylı əlavə razılaşmaya əsasən yaranmış 30.000 (otuz min) manat cərimə məbləği, 100 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri 54 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixində icarə müqaviləsi tərəflər arasında həqiqətən də bağlanmışdır. Lakin müqavilə müddəti bitdikdən dərhal sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226.6 kv.m olan qeyri-yaşayış sahəsinin 64.9 kv/m hisəssindən çıxmışdır. Cavabdeh İddiaçı ilə bağladığı 17 avqust 2017-ci il tarixində 3M-311 reyestr nömrəli icarə müqaviləsinə Əlavə Razılaşmanı qəbul etmir. Həmin müqavilə notariat qaydada bağlanmamışdır, buna görə də həmin müqavilə bağlandığı andan etibarsızdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMCnin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cari işlə bağlı Cavabdeh hər hansı bir tələbi yoxdur. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Pirelli” avtomobil şinlərinin brend mağazasının təşkil olunması üçün həmin daşınmaz əmlakın mülkiyyətçisi İddiaçı ilə razılaşma əldə olunmaqla xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “X5” dizayn konseptinə uyğunlaşması, “Pirelli” təkər brendinin satışının stimullaşdırılması üçün mağazanın “Pirelli” konseptinə adaptasiya edilməsi və ixtisaslaşdırılması barədə öhdəlik götürmüş, həmin öhdəliklərin icrası məqsədilə öz icarəçisi Cavabdeh ilə müstəqil razılıq əldə etmiş, lakin 2022-ci ilin yanvar ayında onlara məlum olmayan səbəblərdən mağaza fəaliyyətini dayandırmış, “X5” dizayn konsepti tamamilə ləğv edilərək müvəqqəti təqdim olunmuş reklam materialları da yığışdırılmış və qaytarılmamışdır. Qeyd olunan vəziyyətlə əlaqədar vətəndaş İddiaçı müraciət olunaraq narazılıq bildirilmiş, rəsmi pretenziya məktubu şəxsən təqdim edilmiş və xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq 30.000 manat miqdarında cərimənin ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən İcarəyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226.6 kv/m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən 64.9 kv/m hissəni icarəçi Cavabdeh aylıq 800 manat olmaqla icarəyə verir. İcarə müqaviləsi xx/xx/2018-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir; İddiaçı və Cavabdeh arasında bağlanmış 17 avqust 2017-ci il tarixində 3M-311 reyestr nömrəli icarə müqaviləsinə Əlavə Razılaşmaya əsasən Cavabdeh icarə obyektini avtomobil şinlərinin satışı mağazası kimi istifadə etməli, icarə obyektində “X3” dizayn konsepti tətbiq olunacaq və əsas müqavilə qüvvədə olduğu müddət daha qısa olmadıqda azı beş il həmin konsepti dəyişdirmədən saxlamalı, icarə obyektində “Pirelli” markalı təkər şinlərinin ticarəti ümumi ticarət dövriyyəsinin 50% hissəsindən az olmamaqla təmin edilməli və pərakəndə satışa çıxardığı “Pirelli” şinlərini yalnız "xxxx" MMC-dən topdan satış qiyməti ilə almalıdır. Əlavə razılaşmanın tələbləri icarəçi tərəfindən pozulduqda icarəyə verən əlavə razılaşmanı birtərəfli qaydada poza və icarəçidən otuz min manat cərimə tələb edə bilər. ARİN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X7 üzrə Baş idarəsinin “müraciətə baxılması barədə” xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən Cavabdeh məxsus Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi 1 ünvanında yerləşən **********-13001 kodlu təsərrüfat subyekti xx.xx.2017-ci il tarixdən qeydiyyata alınması, xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir. AR X6 Bakı şəhəri Reklam İdarəsinin 14 iyul 2022-ci il tarixli, Rİ-1/xx-xx/1881 saylı “müraciətə baxılmasının nəticəsi barədə” məktubuna əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək açıq məkanda reklam yerləşdirməsinə icazə verilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən İcarəyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226.6 kv/m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən 64.9 kv/m hissəni icarəçi Cavabdeh aylıq 800 manat olmaqla xx/xx/2018-ci il tarixədək icarəyə vermişdir. Hazırda iddiaçı bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq icarə münasibətlərinin davam etdiyini, cavabdeh qeyri-yaşayış sahəsindən 31 dekabr 2021-ci il tarixdən çıxdığını, buna görə də, müqavilə tələblərinin cavabdeh tərəfindən pozulduğunu və icarə müqaviləsi üzrə onlara ödənilməmiş qalan 8.000 manat məbləğində icarə haqqının və Əlavə Razılaşmaya əsasən 30.000 manat cərimə məbləğinin tutulmasını tələb edir. Cavabdeh iddia tələbinə etiraz etmiş, tərəflər arasında icarə münasibətlərinin davam etmədiyini bildirmiş, buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə ilk olaraq qeyd edir ki, tərəflər arasında notariat qaydada bağlanmış müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı tərəf müqavilənin 3-cü bəndinə istinad etməklə icarə müddətinin hər il uzadılmış hesab edilməsini, xx.xx.2021-ci il tarixdən cavabdehin icarə sahəsindən istifadə etməməsini qeyd etsə də, göstərilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək açıq məkanda reklam yerləşdirməsinə icazə verilməsi barədə Bakı şəhəri Reklam İdarəsinin məktubu, 3-cü şəxs "xxxx" MMC-nin 2022-ci ilin yanvar ayında mağaza fəaliyyətinin dayandırması barədə izahatı, Dövlət Vergi Xidmətinin Cavabdeh məxsus Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi 1 ünvanında yerləşən **********-13001 kodlu təsərrüfat subyekti xx.xx.2017-ci il tarixdən qeydiyyata alınması, xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılması barədə məlumat tərəflər arasında icarə münasibətlərinin davam etməsini sübut edə bilməz. Digər tərəfdən, tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əlavə Razılaşma bu münasibətin davam etməsini göstərə bilməz, belə ki, müqavilə sadə yazılı formada bağlanmaqla bağlanma tarixi mövcud deyildir. Halbuki Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir; 685.2-ci və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Göründüyü kimi, iddiaçı tərəf Cavabdeh icarə müqavilə münasibətlərinin davam etməsini sübut edə bilmədiyindən onun kirayə haqqı və cərimənin ödənilməsi barədə iddia tələbi təmin oluna bilməz. Buna görə də, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən "xxxx" MMC) 8.000 (səkkiz min) manat ödənilməmiş icarə haqqı və 1 saylı əlavə razılaşmaya əsasən yaranmış 30.000 (otuz min) manat cərimə məbləği tələbi rədd edilməli və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd olunduğundan iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC) 8.000 (səkkiz min) manat ödənilməmiş icarə haqqı və 1 saylı əlavə razılaşmaya əsasən yaranmış 30.000 (otuz min) manat cərimə tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar