Məhkəmə qərarları › İş №e-2(005)-3482/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3482/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3482/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “alınmış aksessuarların geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı - alınmış aksessuarların geri qaytarılması və Nəsimi rayon İcra şöbəsində icraata xitam verilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, iddia ərizəsində iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Hesab edirəm ki, İddiaçı əmlakların cavabdehə geri qaytarılması və icra şöbəsində başlanmış icraata xitam verilməsi tələblərinə dair iddiasına hazırda bir icraatda baxılması qeyri-mümkündür. Belə olanda qeyd edirəm ki, həmin tələblərə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Çünki qeyd olunan tələblərin qanuni əsasları fərqlidir, eyni zamanda iddia tələbinin dəlilləri üzrə fərqli-fərqli araşdırma üsulları tətbiq edilir. Həmçinin qeyd edirəm ki, iddiaçının tələblərin ikincisi icra icraatı qaydasında baxılmalı olan məsələdir və ona cavab verməli şəxs hazırkı iddia ərizəsi üzrə cəlb edilmiş ASC deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “alınmış aksessuarların geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar