Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3504/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 560 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 308 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu və 32 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1250 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla xx.xx.2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 259 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 200 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əsas borcdan əlavə olaraq 480 manat cərimə borcu yaranmışdır (200 manat x 240 gün x 1%=480 manat). Cərimə borcu cavabdehdən cəmi 50 manat məbləğində tələb edilir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2022-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyəri 704 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 560 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əsas borcdan əlavə olaraq 840 manat cərimə borcu yaranmışdır (560 manat x 150 gün x 1%=840 manat). Cərimə borcu cavabdehdən cəmi 50 manat məbləğində tələb edilir. Bundan başqa, Cavabdeh İddiaçı MMC iləmüddəti 12 ay olmaqla 06 may 2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyəri 347 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 308 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 396 manat cərimə borcu yaranmışdır (308 manat x 120 gün x 1%=396 manat). Cərimə borcu cavabdehdən cəmi 50 manat məbləğində tələb edilir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 259 manat olan aldığı əşyaya görə 24 ay müddətinə hər ay 10 manat ödəməyi öhdəsinə götürmüşdür. 19 manat ilkin ödəniş olunmuşdur; Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 704 manat olan aldığı əşyaya görə 12 ay müddətinə hər ay 56 manat ödəməyi öhdəsinə götürmüşdür. 32 manat ilkin ödəniş olunmuşdur; Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NRK6261654 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 347 manat olan aldığı əşyaya görə 12 ay müddətinə hər ay 28 manat ödəməyi öhdəsinə götürmüşdür. 11 manat ilkin ödəniş olunmuşdur; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı müqavilə üzrə ödənilməmiş borcu 200 manat, xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı müqavilə üzrə ödənilməmiş borcu 560 manat və xx.xx.2022-ci il tarixli, NRK6261654 saylı müqavilə üzrə ödənilməmiş borcu 308 manat olmaqla, cəmi 1068 manat təşkil edir; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyalar müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilələrdə və ona əlavə edilmiş ödəniş cədvəllərində əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı, xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı və xx.xx.2022-ci il tarixli, NRK6261654 saylı müqavilələr üzrə cəmi 1068 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı müqavilə üzrə 40 manat və xx.xx.2022-ci il tarixli, NRK6261654 saylı müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı müqavilə üzrə 200 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı müqavilə üzrə 560 manat əsas, 40 manat cərimə borcu və xx.xx.2022ci il tarixli, NRK6261654 saylı müqavilə üzrə 308 manat əsas, 30 manat cərimə borcu olmaqda, cəmi 1158 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun 30,40 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, NRK6261219 saylı müqavilə üzrə 200 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, NRK6261526 saylı müqavilə üzrə 560 manat əsas, 40 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, NRK6261654 saylı müqavilə üzrə 308 manat əsas, 30 manat cərimə borcu olmaqda, cəmi 1158 (bir min bir yüz əlli səkkiz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun 30,40 manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3504/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3504/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver