Məhkəmə qərarları › İş №e-2(005)-3510/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3510/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3510/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 316 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 550 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 696 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 39 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1901 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 694 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 316 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əsas borcdan əlavə olaraq 1244 manat cərimə borcu yaranmışdır (316 manat x 390 gün x 1%=1244 manat). Cərimə borcu cavabdehdən cəmi 100 manat məbləğində tələb edilir. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyəri 724 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 550 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əsas borcdan əlavə olaraq 2805 manat cərimə borcu yaranmışdır (550 manat x 510 gün x 1%=2805 manat). Cərimə borcu cavabdehdən cəmi 100 manat məbləğində tələb edilir. Bundan başqa, Cavabdeh İddiaçı MMC iləmüddəti 12 ay olmaqla 06 may 2021-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh dəyəri 774 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra 696 manat borcu qalmışdır. Nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3132 manat cərimə borcu yaranmışdır (696 manat x 450 gün x 1%=3132 manat). Cərimə borcu cavabdehdən cəmi 100 manat məbləğində tələb edilir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 694 manat olan aldığı əşyaya görə 12 ay müddətinə hər ay 53 manat ödəməyi öhdəsinə götürmüşdür. 58 manat ilkin ödəniş olunmuşdur; Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 724 manat olan aldığı əşyaya görə 12 ay müddətinə hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür. 64 manat ilkin ödəniş olunmuşdur; Satıcı İddiaçı MMC” ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NRK5944621 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən alıcı dəyəri 774 manat olan aldığı əşyaya görə 12 ay müddətinə hər ay 58 manat ödəməyi öhdəsinə götürmüşdür. 78 manat ilkin ödəniş olunmuşdur; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı müqavilə üzrə ödənilməmiş borcu 316 manat, xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müqavilə üzrə ödənilməmiş borcu 550 manat və xx.xx.2021-ci il tarixli, NRK5944621 saylı müqavilə üzrə ödənilməmiş borcu 696 manat olmaqla, cəmi 1562 manat təşkil edir; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyalar müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilələrdə və ona əlavə edilmiş ödəniş cədvəllərində əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı, xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müqavilə və xx.xx.2021-ci il tarixli, NRK5944621 saylı müqavilə üzrə cəmi 1562 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müqavilə üzrə 50 manat və xx.xx.2021ci il tarixli, NRK5944621 saylı müqavilə üzrə 60 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı müqavilə üzrə 316 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müqavilə üzrə 550 manat əsas, 50 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli, NRK5944621 saylı müqavilə üzrə 696 manat əsas, 60 manat cərimə borcu olmaqda, cəmi 1702 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 39 manat pulun 35,70 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, NRK5732302 saylı müqavilə üzrə 316 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, NRK5732843 saylı müqavilə üzrə 550 manat əsas, 50 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli, NRK5944621 saylı müqavilə üzrə 696 manat əsas, 60 manat cərimə borcu olmaqda, cəmi 1702 (bir min yeddi yüz iki) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 39 manat pulun 35,70 manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar