Məhkəmə qərarları › İş №e-2(005)-3533/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3533/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3533/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1. 41010AZNFK********** saylı hesaba əsasən 4,237.12 (dörd min iki yüz otuz yeddi manat on iki qəpik) manat əsas borc, 31.08 (otuz bir manat səkkiz qəpik) manat faiz borcu, 1896.54 (bir min səkkiz yüz doxsan altı manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,164.74 (altı min bir yüz altmış dörd manat yetmiş dörd qəpik) manat, 41010AZNFK********** saylı hesaba əsasən 2.45 (iki manat qırx beş qəpik) 0.93 (doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.38 (üç manat otuz səkkiz qəpik) manat borcun, 2. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 81.70 (səksən bir manat yetmiş qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2018-ci il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 02304İB/2017 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Cavabdeh sistemi üzrə yaranmış texniki nasazlıq səbəbindən aşağıda qeyd edilən tarixlərdə əməliyyat aparmışdır. xx.xx.2022-ci il tarixdə kartda pul olmadığından 16.80 manat, 1680 manat başqa karta köçürmə, xx.xx.2022-ci il tarixdə 1, 5, 48 manat başqa karta köçürmə, xx.xx.2022-ci il tarixdə 5050 manat, 2550 manat, 3400 manat M10 üzərindən köçürmə, xx.xx.2022-ci ildə 5.62 manat, xx.xx.2023-cü il tarixdə transfer əməliyyatı keçirməklə ümumilikdə Banka məxsus olan cəmi 12803.23(on iki min səkkiz yüz üç manat iyirmi üç qəpik) manat pulu əldə etmişdir. Cavabdeh Naib Əlizadə sistem xətasının yaranmasından istifadə etməklə məqsədli şəkildə kartında pul olmadığından əməliyyatları aparmışdır. xx.xx.2019-cu il tarixində gün ərzində bir neçə əməliyat aparmaqla kart hesabı mənfiyə çıxmış və overdraft borcu yaranmışdır. Belə ki, müştəri qeyd edilən tarixdən “OLYMPTRADE.COM–Limassol” saytında əmək haqqı kartı ilə əməliyyatlar aparmış və nəticədə kart üzrə overdraft borcu formalaşmışdır. Saytdan keçən ödənişlər Oflayn silinmiş (balans yoxlanmadan) və kartda vəsait olmasa belə, icra olunmuşdur. Bildiririk ki, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasənda yaranmışdır. Belə ki, X3 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir(4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır(4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir.(4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: -41010 AZN FK********** saylı hesaba əsasən 4,237.12 (dörd min iki yüz otuz yeddi manat on iki qəpik) manat əsas borc, 31.08 (otuz bir manat səkkiz qəpik) manat faiz borcu, 1896.54 (bir min səkkiz yüz doxsan altı manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,164.74 (altı min bir yüz altmış dörd manat yetmiş dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 995 -41010 AZNFK********** saylı hesaba əsasən 2.45 (iki manat qırx beş qəpik) 0.93 (doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.38 (üç manat otuz səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 459. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 81.70 (səksən bir manat yetmiş qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verib əlavə etdi ki, texniki “overdraft” əməliyyatı müxtəlif hesablara aid fərqli 2 kart üzrə 2 dəfə baş vermişdir. Belə ki, “overdraft” nəticəsində cavabdeh hesabında hər hansı şəxsi vəsaitin olmamasına baxmayaraq, bankın sistemi üzrə yaranmış texniki nasazlıq ilə əlaqədar ayrılan vəsaitlə ödənişlər həyata keçirə bilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2018-ci il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2018-ci il tarixli GTC-02304İB/2017 saylı Razılıq ərizəsindən görünür ki, borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümümi Şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərini qəbul etmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "Paşa Bank” ASCyə xx.xx.2024-cü il tarixinə-borcu aşağıdakı kimidir: 41010AZNFK********** saylı hesaba əsasən 4237,12 manat əsas, 31,08 manat faiz, 1896,54 manat cərimə borcu olmaqla, cəmi 6164,74 manat borcu vardır, gecikmə günlərinin sayı 995 gün təşkil edir. 41010AZNFK********** saylı saylı hesaba əsasən 2,45 manat əsas, 0,93 cərimə borcu olmaqla, cəmi 3,38 manat borcu vardır, gecikmə günlərinin sayı 459 gün təşkil edir. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası üçün Cavabdeh 7 iş günü müddətinə möhlət verilmiş, əks təqdirdə kreditin geri qaytarılması və ya kredit müqaviləsinin ləğvi üçün Ümumi şərtlər toplusundan irəli gələrək məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2018-ci il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2018ci il tarixli GTC-02304İB/2017 saylı Razılıq ərizəsinə əsasən borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümümi Şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.0 nömrəli versiyasının şərtlərini qəbul etmişdir. Cavabdeh sistemi üzrə yaranmış texniki nasazlıq səbəbindən aşağıda qeyd edilən tarixlərdə əməliyyat aparmışdır. xx.xx.2022-ci il tarixdə kartda pul olmadığından 16.80 manat, 1680 manat başqa karta köçürmə, xx.xx.2022-ci il tarixdə 1, 5, 48 manat başqa karta köçürmə, xx.xx.2022-ci il tarixdə 5050 manat, 2550 manat, 3400 manat M10 üzərindən köçürmə, xx.xx.2022-ci ildə 5.62 manat, xx.xx.2023-cü il tarixdə transfer əməliyyatı keçirməklə ümumilikdə Banka məxsus olan cəmi 12803.23 (on iki min səkkiz yüz üç manat iyirmi üç qəpik) manat pulu əldə etmişdir. Cavabdeh Naib Əlizadə sistem xətasının yaranmasından istifadə etməklə məqsədli şəkildə kartında pul olmadığından əməliyyatları aparmışdır. xx.xx.2019-cu il tarixində gün ərzində bir neçə əməliyat aparmaqla kart hesabı mənfiyə çıxmış və overdraft borcu yaranmışdır. Cavabdeh "Paşa Bank” ASC-yə 41010AZNFK********** saylı hesaba əsasən 4237,12 manat əsas, 31,08 manat faiz, 1896,54 manat cərimə borcu olmaqla, cəmi 6164,74 manat borcu vardır, gecikmə günlərinin sayı 995 gün təşkil edir, 41010AZNFK********** saylı saylı hesaba əsasən 2,45 manat əsas, 0,93 cərimə borcu olmaqla, cəmi 3,38 manat borcu vardır, gecikmə günlərinin sayı 459 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində 2022-ci ilin oktyabr və noyabr aylarında habelə xx.xx.2023-cü il tarixdə iddiaçı banka məxsus 12803,23 manat vəsaitə dair transfer əməliyyatı keçirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə 41010AZNFK********** saylı hesaba əsasən 4237,12 manat əsas, 31,08 manat faiz, 1896,54 manat cərimə borc olmaqla, cəmi 6164,74 manat borc və 41010AZNFK********** saylı saylı hesaba əsasən 2,45 manat əsas, 0,93 cərimə borcu olmaqla, cəmi 3,38 manat borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 41010AZNFK********** saylı hesab üzrə 1896,54 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 100 manata endirilməlidir. Beləliklə, maliyyə arayışını və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 41010AZNFK********** saylı hesab üzrə 4237,12 manat əsas, 31,08 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 4368,2 manat borc, 41010AZNFK********** saylı hesab üzrə 2,45 manat əsas, 0,93 cərimə borcu olmaqla, cəmi 3,38 manat borc ümümilkdə, hər iki müqavilə üzrə 4371,58 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 81,70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 41010AZNFK********** saylı hesab üzrə 4237,12 manat əsas, 31,08 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 4368,2 manat borc, 41010AZNFK********** saylı hesab üzrə 2,45 manat əsas, 0,93 cərimə borcu olmaqla, cəmi 3,38 manat borc olmaqla, ümümilkdə hər iki müqavilə üzrə 4371,58 manat məbləğində pul vəsaitivə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 81,70 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar